Uşaqlıqdan hər birimiz qədim dünyanın sirr və əfsanələri ilə maraqlanmağa başlayırıq. İnsanda tarixə belə bir marağın olması onu müstəqil fənn olaraq yaradılıb dərsliklərə salınmasına səbəb olur. Və söhbət tarixdən düşdükdə nədənsə ağla ilk gələn Qədim Roma və Qədim yunan tarixi olur. Bu səbəbdən də din və millətindən asılı olmayaraq dünyanın bütün yerlərində bu iki qədim sivilizasiya diqqətlə mütaliə olunur və hər dəfə alimlər tərəfindən yeni-yeni maraqlı mülahizələr, nəzəriyyələr irəli sürülməyə başlanır.
XVIII əsrdən etibarən antik dövrə olan maraq bəşəriyyətin xüsusi diqqət mərkəzində olmağa başlayır. İbtidai tədris mərhələsi sona çatar-çatmaz şagirdlər tarix kitablarında Qədim Roma və Qədim yunan tarixini mütaliə edir, onların tanrılarının, imperatorlarının apardıqları müharibələri, filosoflarının adlarını öyrənir və Roma kimi qədim şəhərlərin salınma tarixi ilə yaxından tanış olmağa başlayırlar. “Gencaile.az” saytının “bilDİN” rubrikasında sizə dünyanın qədim və əsrarəngiz şəhərlərindən olan Romanın tarixini və bu məsələyə artan marağın səbəblərini açıqlayacağıq.
Kitabxanalarda səliqə ilə düzülən kitablara nəzər saldıqda insana elə gəlir ki, I insanlıq tarixi də onların içində beləcə səliqə-sahmanla düzülmüş və hər biri öz yerində qərar tutmuşdur. Və bir çox hallarda bizə elə gəlir ki, əldə etmək istədiyimiz hər bir məlumat barədə əsaslı tarixi faktlar var. Amma hər bir ciddi tədqiqatçıya bunun belə olmadığı məlumdur. Çünki həmin tarixi hadisələrin böyük əksəriyyəti əsaslı sənədlər üzərində deyil, uydurulan əfsanələr üzərində yazılıb.
Petrarka və Roma
Bir çox tarixi hadisələrin əfsanələr üzərində yazıldığını Qədim Roma tarixçisi Fraçesko Petrarkanın yazdığı tarix də deyir. O, Qədim Romanın ilk tədqiqatçılarından biri hesab olunur. Petrarka Romanın xarabalıqlarını gəzib diqqətlə araşdırdıqdan sonra Fransaya, Almaniyaya səfərlər edir, oradakı qədim məbədləri nəzərdən keçirməyə başlayır və burada o, antik dövrə aid yazıçı və tarixçilərin unudulmuş əlyazmalarını axtarmağa başlayır. Amma Qədim Roma abidələri onda daha çox maraq oyadırdı. Bunun üçün də o, yenidən Əbədi şəhərə (Romaya) qayıdır və burada onu çoxsaylı əfsanələrlə tanış olur. Məsələn, Appalonun astroloq, saraçinlərin (Qədim Romada xalq) tanrısı və iblis, Əflatunun həkim, Çiçeronun isə cəngavər və trubadur (opera sənətçisi) olduğunu öyrənir. Və bütün bunlar, təbii olaraq, Petrarkanı qıcıqlandırmaya bilməzdi. Çünki bu məlumatlar onun antik dövr barədə olan təsəvvürlərilə üst-üstə düşmürdü, eyni zamanda Petrarkanın gördükləri ilə tamamilə zidd idi. O yazırdı: “Termo, Diaklitiyan, Marsın intiqamını alan Çiblio (Qədim Roma imperatorları) və karakallar haradadırlar görəsən?! Kapitoliyadakı Yupiter, Appalonun Palatinadakı abidəsi hardadır?! Kitablarda hər nə desən tapmaq olur. Şəhərlərdə axtardıqda isə baxıb görürsən ki, onlar ya ümumiyyətlə yoxa çıxmış, ya da kiçik izləri qalmışdır”. Həmçinin qeyd etmək lazımdır ki, Petrarka gerçəkliyi qəbul etməkdə son dərəcə həssas olub və hər zaman gerçəkliyin təqdim olunmasına üstünlük verirdi. Bunun üçün də bir zamanlar Roma haqqında etdiyi təsəvvürləri dəyişmək ona olduqca çətin idi. Petrarka yalnız onun nəzərində həqiqətə uyğun olan əfsanələri qəbul edirdi. Amma buna baxmayaraq özündən sonra Qədim Roma barədə əmin olduğu hər hansı bir məlumat qoymur.
Kapitoliya canavarı
Romanın Romul və Rem qardaşları tərəfindən salınması hamıya məlumdur. Əfsanəyə görə, Romul ilə Remi dişi canavar əmizdirir. Həmin klassik hekayə Romada Kapitoliya muzeyində saxlanılan tunc heykəl ilə sərgilənmişdir. Tədqiqatçı heykəltəraşlar heykəlin eramızdan əvvəl V əsrdə hazırlandığını qeyd edirlər. Maraqlıdır ki, onlar V əsrə yalnız canavarın heykəlini aid edirlər. Onun altındakı əkizlərin heykəlləri isə rəsmi ehtimala görə, eramızın 1471- 1509-cu illərində hazırlanıb. Belə çıxır ki, canavar iki min ildən artıq müddət ərzində tək dayanıb. Eramızın XV əsrində Antonio del Poliolo adlı heykəltəraş canavarın altında Bəs nə üçün tarixçilər canavarın heykəlini eramızdan əvvəl V əsrə aid edirlər? Belə ehtimal olunur ki, heykəl barədə antik dövr tarixçiləri Çiçeron, Pleiy və Titliviy əsərlərində məlumat vermişlər. Və ehtimal olunur ki, həmin vaxtlar heykəl indinin özündə nümunəsi yerləşən Kapitoliya təpəsinin üzərində qoyulmuşdu. Bir halda ki, həmin tarixçilərin verdikləri məlumatlar bu gün təqdim olunan təsvirlərlə heç də uyğun gəlmir. Qədim Roma tarixçiləri yazırdılar: Canavar əkizlərin üzünü yaladığından üzü onlara tərəf çevrilmişdi. Deməli söhbət ümumiyyətlə başqa bir heykəldən gedir. Və tarixçilər heykəlin ilkin görünüşü barədə eramızın IX əsrinə Benedik keşişlərindən biri ilə əlaqələndirirlər. Bir halda ki, heykəl Kapitoliya muzeyinə yalnız 1473-cü ildə IV papa Sikstin göstərişi ilə gətirilib. Kapitoliya canavarı hazırlandığı vaxtdan bu günə qədər bir dəfə də olsun bərpa edilməyib. Lakin 1997-ci ildə Romanın incəsənət əsərlərinə nəzarət edən yerli özünüidarəetmə orqanı heykəli bərpa etmək qərarına gəlir. Təmir-bərpa işləri üç il davam edir. İşlər başa çatdıqdan sonra təmir işlərinə rəhbərlik edən Anna Mariya Karruba qeyri-adi açıqlama verir: “Məşhur Kapitoliya canavarı orta əsrlərdə antik üsul ilə deyil, o dövrə aid tam fərqli üsul ilə hazırlanıb”. Anna Mariya bunu antik dövrlərdə tunc heykəllərin hissələrlə hazırlanması və sonradan bir-birinə bitişdirilməsi ilə sübuta yetirir. Bir halda ki, Kapitoliya canavarı birdəfəyə əridilərək qəlibə tökülüb. Bu üsuldan isə eramızın VIII əsrindən sonra istifadə edilməyə başlanıb. Bu üsul kilsə zənglərinin hazırlanması ilə inkişaf etdirilir. Belə ki, zənglər hissə-hissə hazırlansaydı, lazımi səsi verə bilməzdi. Bunun üçün də onlar birdəfəyə xüsusi qəliblərə tökülərək hazırlanırdı. Heykəlin yaşının min beş yüz il artırıldığını başqa bir üsul ilə də – istifadə edilən tuncun tərkib hissəsini analiz etməklə də sübuta yetirmək olur. Belə ki, heykəlin hazırlanmasında istifadə edilən tuncun tərkib hissəsi analiz olunduqdan sonra onun eramızdan əvvəl petruskilərin zamanına deyil, İsa peyğəmbərdən 5-6 əsr sonraya aid olduğu məlum olur. Heykəlin orta əsrlərdə hazırlandığını başqa bir fakt da sübuta yetirir. Belə ki, tarixçilər apardıqları müahidələrdən belə qənaətə gəlirlər ki, Qədim Roma incəsənət məktəbinə hakim olan qanunlardan biri də bütün sənət əsərlərinin təmir-bərpa işlərindən sonra mövcud vəziyyətlərinin kətan üzərinə köçürülməsi olub. Kapitoliya canavarı barədə belə rəsm əsəri isə yalnız X əsrdə meydana gəlir. Kapitoliya canavarı tarixçilərin etruskilərin (eramızdan əvvəl Romada yaşamış xalq) dövrünə aid etdikləri yeganə sənət əsəri deyil. Belə ki, tuncdan hazırlanan digər heykəllər həmin dövrə aid edilsə də sonradan onların antik dövrə deyil, orta əsrlərə aid olduğu məlum olub. Lakin təəssüflər olsun ki, bu vaxta qədər Kapitoliya canavarının orta əsrlərə aid olduğunu sübuta yetirəcək sənəd əldə etmək mümkün olmayıb. Buna görə də heykəlin tarixini dəyişməyə həvəs göstərilmir. Əgər tarixçilər inadkarlığı kənara qoyub bu vaxta qədər sadiq qaldıqları tarixi qanun və sənədlərin nöqsanlı olduğunu etiraf edərlərsə, həm Kapitoliya, həm də digər sənət əsərlərinin antik dövrə deyil, orta əsrlərə aid olduğunu qəbul edərlər.
Mark Avreliy
Antik dövr ilə əlaqələndirilən sənət əsərlərindən biri də Romanın mərkəzi küçələrindən birində qoyulan Mark Avreliyə məxsus atlı heykəlidir. Müasir tarixçilər belə hesab edirlər ki, Mark Avreliyin heykəli eramızın 166-180 illər arasında (yəni II əsrdə) düzəldilib. Lakin XIII əsrin sonu XIV əsrin əvvəlində yaşamış Rikabald və Esfirare kimi tarixçilər heykəlin papa III Klimentinin göstərişi ilə düzəldiyini qeyd ediblər. Bir halda ki, III Klimenti heç də II əsrdə deyil, XII əsrdə yaşayıb. Amma Rikobaltdan neçə əsr sonra Roma tarixi ilə məşğul olan tarixçilərə belə bəyanat heç də xoş gəlmir. Onlardan biri də XIX əsr alman tarixçisi Ferdinand Qreqorovius olur. O yazırdı: İmkanların o qədər məhdud olduğu bir dövrdə orta əsrlərdə romalılar belə möhtəşəm sənət əsərləri yarada bilməzdilər. Tarixçinin məntiqinə əsaslansaq, antik dövrlərdə də romalılar heç nəyə qadir olmamalı idilər. Bir halda ki, romalıların bacarığından xəbər verən sənət əsərlərindən biri də Mark Avreliyin tuncdan olan heykəli olur. Avreliyin heykəlinin tək hazırlanma tarixi deyil, kim tərəfindən və kimin göstərişi ilə hazırlandığı və nəhayət, onun Qədim Romada harda yerləşdirildiyi dəqiq məlum deyil. Bunu müəyyən etmək hələ ki, mümkün deyil. Lakin heykəl barədə başqa mühüm məqam da ortaya çıxır. Bu, heykəlin orta əsrlərdə xristianlığa dəstək olan Müqəddəs Qriqoriyə aid olub və bunun sayəsində saxlanıldığınıdır. Çünki orta əsrlərdə kilsə sənət əsərlərinə qarşı çıxar və onları məhv edərdi. Yəni heykəlin bu günə qədər saxlanmasına səbəb onun Mark Avriliyə deyil, Müqəddəs Qriqoriyə məxsus olduğunu güman etmələri olub. Və hələ də heykəlin kimə məxsus olduğu məlum deyil. Onun postamenti isə XVI əsrdə Mikelancelo tərəfindən hazırlanıb. Əslində isə məsələ çox sadədir. Belə ki, XV əsrdə Bartalemeo İsaki kitabxanasında saxlanılan sikkələr nəzərdən keçirilir. Sikkələrdən birinin üzərindəki kişi şəkli Mark Avreliyə oxşadılır və beləcə heykəlin də ona məxsus olduğu na qərar verilir. Bəli, bəzən mühüm tarixi abidələr beləcə sadə ehtimal ilə təsdiq olunur və tarixə çevrilir.
Ardı var…