“Gencaile.az” saytı “Musavat.com”-a istinadən “Eurovision-2014” təmsilçimiz, müğənni Dilarə Kazımovanın yaradıcılıq işlərindən, qoşulduğu sosial layihələrdən və şəxsi həyatından bəhs etdiyi müsahibəsini təqdim edir.
– “Eurovision”dan sonra durğunluq dövrünüzü yaşadınız, əldə etdiyiniz populyarlığı saxlamayıb, sanki, kənara çəkildiniz. 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlindən isə gündəmdən düşmürsünüz, fotosessiyalar, mahnılar, kliplər hazırlayırsınız. “Dilarə möhtəşəm dönüş etdi” deyə bilərikmi?
– 2014-cü ildə müsabiqədən sonra ingilis dilində albom hazırladım. 1 il yarım vaxtım getdi. 2-3 mahnıya klip çəkdirdim. “Eurovision”dan sonra Avropa radioları məndən mahnı istəyirdi. Mən də Amerika və Avropa üçün həmin albomu hazırladım. Sözügedən layihə bitdikdən sonra Azərbaycan tamaşaçısı üçün iş görməyə başladım. “Dəm-dəm” mahnısını yazdırdım. Hazırda da yeni mahnı üzərində çalışıram. Yaxın günlərdə “Danış” adlı mahnımı təqdim edəcəyəm. Ardı ilə çoxlu mahnılar və kliplər təqdim edəcəyəm.
– Adətən, klipləriniz cəsarətli səhnələr, rəqslərə görə səs-küy yaradır. Bu dəfə də ənənənizə sadiq qalacaqsınız?
– “Danış” mahnısına klip çəkdirməyəcəyəm. Sonrakı mahnıya klip çəkdirəcəyəm. Səs-küylü iş olmasını istəyirəm. Klip üçün rəqs quracağıq.
– “Dəm-dəm” mahnısına maraq böyük oldu. Adətən o cür mahnılar bayağı adlandırılıb, tənqid olunur. Fərqli aranjeman, sanki, mahnıya yeni nəfəs verdi.
– Meyxana janrında olan mahnıdır. Mahnını fərqli üslubda ifa etdik. Ona görə insanların xoşuna gəldi. “Kəklikotu” filminə tam uyğun mahnı idi. Rüstəm Zeynallı və Aynur Axundzadə fərqli aranjeman ediblər.
– İfa edəndə tərəddüd etdinizmi?
– “Kəklikotu” filminin rejissorundan soruşdum ki, əminsən ki, bu mahnını ifa edəcəyik? Dedi ki, aranjeman edək, sonra baxarsan. Studiyada dinləyəndə çox bəyəndim. Çünki caz üslubunda idi. Çox bəyəndim. Mən də əlavələr etdim. Hiss etdiyim kimi oxudum, dəyişiklik etmədilər. Mahnı da sevildi.
– “Bivəfa” mahnısı da Rəqsanə İsmayilovanın ifasında bayağı adlandırılırdı. Ceyhun Zeynalov (Cin) fərqi aranjemanda ifa etdi sevildi. Deyə bilərik ki, insanlar sözləri yox, musiqiyə qiymət verir?
– Adamlar mahnını bütöv qəbul edirlər. Söz və musiqi də sevilirsə, bu böyük uğurdur. Bəlkə, Cin fərqli üslubda ifa etdi, insanların qəlbinə yatdı. “Dəm-dəm” mahnısını meyxanaçı oxuyanda meyxanasevərlər sevdi, digərləri bəyənmədi. Onlar mənim ifamı bəyəndi. Hər mahnının öz enerjisi var.
– Yenidən meyxanaya müraciət edəcəksiniz?
– Fikrimiz var. Düşünmüşük ki, bir neçə meyxananı fərqli üslubda ifa edək.
– Son günlər cəsarətli fotosessiyalar edirsiniz. Adətən bu cür fotolar tənqid olunsa da, sizə qarşı bu reaksiyanı görmədik. Sizcə, səbəb nədir?
– Mənə o cür fotosessiyalar yaraşır. Yəqin, ona görə tənqid etmirlər. Yenidən fotosessiya etmək fikrim var. Mənə deyirlər ki, çox gözəl şəkillərdir, sizə yaraşır. Mən deyə bilmərəm ki, fotolarım açıq-saçıqdır. Məni tənqid etmirlər. Xanımlar mənə yazır ki, belə bədən forması istəyirik. Nə edə bilərik?
– Bəzi tanınmışlar adətən gündəmə gəlmək üçün soyunur. Kənardan səmimi görünmürlər.
– Mən gündəmə gəlmək üçün etmirəm. İşimin bir parçası kimi baxıram. İşimi hər zaman keyfiyyətli etmək istəyirəm. Özümə yaraşanı edirəm. Bəzən 50 foto çəkirik, bəyənmirik, silirik. Keyfiyyətli iş görmək vacibdir.
– Sosial problemləri gündəmə gətirən məşhurlardan birisiniz. Əsasən də, heyvan haqlarının qorunmasına çalışırsınız. Dünyanın bir çox yerində məşhurlar bunu edir. Bizdə isə sizin kimi məşhurların sayı azdır.
– Biz tolerant dövlətdə yaşayırıq, prezidentimiz bizim üçün bütün yolları açıb ki, qanun çərçivəsində istədiyimiz tərzdə yaşayaq. Özümü Azərbaycanda rahat hiss edirəm. Sosial problemləri də çəkinmədən dilə gətirirəm. Çünki tanınmış simaların səsi çox yerə çatır. Bəzən mənə yazırlar ki xəstələrə kömək et. Mən xeyriyyə tədbirlərində də çıxış edirəm. Lazım olanda xəstələrə də kömək edirəm. Amma mənim diqqətim, əsasən heyvanlaradır. Mən uşaqlıqdan heyvanları sevirəm. Onlara yazığım gəlir, xəz geyinmirəm. mənfi 20 dərəcə soyuq deyil ki, xəzə bürünək. Əti də orqanizmin tələbatı olduğu üçün yemək lazımdır. Lazım oldu-olmadı yemək olmaz. Heyvanları sevirəm. itim-pişiyim var. Başa düşürəm ki, onlar köməksizdir, danışa, dərdini başa sala bilmir. Onların köməksiz olduğunu düşünəndə həyəcan keçirirəm ki, birdən mən də danışa bilmərəm. Onlar sevilməyə layiqdir, heyvanlar da sizə sevgi verməyə hazırdır. Heyvanlara su verin, yemək verin. Bizi heyvandan fərqləndirən beynimizdir. Gəlin, birlik olaq. Birimiz xəstələrə, birimiz heyvanlara, birimiz başqa problemlərin həllinə istiqamətlənək, onların həllinə kömək olaq.
– Əvvəllər Azərbaycan dilində danışmağa çətinlik çəkirdiniz. Indi isə çətinliyin çoxunu aradan qaldırmısınız. Dilinizi inkişaf etdirmək üçün nələr edirsiniz?
– Əsasən, mütaliə edirəm, çoxlu kitab oxuyuram. Mənə böyük kitablar hədiyyə ediblər. Nizami Gəncəvinin və Heydər Əliyevin kitablarını verib. H. Əliyevin kitabı dərs alıcı kitabdır. Orada siyasətdən, dövründə yaşananlar məlumatlar var. Hər kəsin oxuması gərək olan kitabdır.
– Ötən həftə qəza keçirdiniz. Hadisə necə oldu?
– Dayandığımız yerdə avtobus bizə çırpıldı. Rəfiqəmlə çox qorxduq. Məsələ polisdə araşdırılır. Xoşbəxtlikdən kəmər taxmışdım, əzilmədim. Rəfiqəm avtomobildən düşmək istəyirdi, ona görə kəmərini açmışdı, o zədələndi. Başına tikiş qoydular.
– Tanınmışlar efirə çıxıb tez-tez yol hərəkəti qaydalarını pozduqları üçün öyünürlər. Artıq bu trend halını alıb. Əslində isə onlar ictimai insandılar, örnək olmalı, maarifləndirici xarakter daşımalıdırlar.
– Bu cür etmək olmaz. Mən hər vaxt kəmər taxıram. Bu cür şeylərlə fəxr etmirəm. Özünün və insanların həyatını təhlükəyə atmaq olmaz. Bizdə piyada mədəniyyəti də formalaşmayıb. Insanlar piyada keçidində özünü maşının altda atır. Orada işıqforun olub-olmamasına diqqət etmir. Maşın sürəndə stress keçirirəm. Deyirəm niyə məni də özünü də bədbəxt edirsən?! Uşaqlarla yolu qaçan insanlara əsəbləşirəm. Onlar uşağa nümunə olmalıdırlar. Uşaq nə görürsə, onu götürür.
– Məşhurluq üçün nəyisə qurban vermişiniz?
– Gözəl sənətlə məşğulam. Əvvəl müğənni ilə ailə qurmur, onlara pis gözlə baxırdılar. Indi dövran dəyişib. Qurban verməmişəm. Etdiklərimə də qurban kimi baxmıram. Müğənnilik mənim sevdiyim peşədir. Heç mən buna iş kimi baxmıram, həyat tərzimdir.
– Çox bilgili xanımları təəccübləndirmək çətindir. Əks cinsdən aldığınız ən təəccüblü və ya maraqlı təklif hansı olub?
– Belə təklif olmayıb. 33 yaşım var, məni təəccübləndirmək çətindir. Bəlkə, bu müsahibəmdən sonra kişilər nə isə fikirləşəcəklər. Amma hələ ki, elə təklif olmayıb.
– Türkiyənin tanınmış aktrisası Hülya Avşar deyib ki, kişi çöldə işləməlidir. Qadın evdə oturub yemək bişirməli, iş görməlidir. Onun sözləri birmənalı qarşılanmayıb, tənqid olunub. Siz necə düşünürsünüz?
– Həm razıyam, həm narazıyam. Mən qadının evdə oturmasını istəyən kişiləri başa düşürəm. Özüm də işdən gələndə evdə hazır yemək olmasını istəyirəm. Ac olanda blokdan gələn yeməyin qoxusunun öz evimdən gəlməsini istəyirəm. Kişi yorğun gələndə evdə isti yemək istəyir, qadınının mehriban onu öpməsini istəyir. Qadın işləyəndə isə qadın da, yemək olmur. Amma qadın da işləməlidir, həyatı var. Ən yaxşısı evə köməkçi xanım tutmaqdır. Məntiqli yanaşmaq lazımdır. Evə ac gələndə deyirəm ki, arvad evdə olmalıdır. Qadın evdə oturanda aqressiv olurlar. Onlara zaman ayırmaq lazımdır. Kişi qadını evdə qoyub restorana tək getməməlidir. Cütlüklər birlikdə vaxt keçirsələr, ailələri möhkəm olar.
– Yenidən sevib ailə qurmaq istəyirsiniz?
– Hazırda ürəyim boşdur. Sevgilim karyeram, mahnılarımdır. Mənim seçdiyim adam mənim işlərimi qəbul etməlidir. 33 yaşıma qədər təhsil almışam, opera ifaçısıyam, 5 müsabiqəyə qatılmışam, filmdə rol almışam. Ailə qurduğum insan özündən əmin olmalıdır ki, onun yanında olum. Mən cəsarətli fotomu göstərəndə, mənə desin ki, arxanda durmuşam, nə istəyirsən et. Mənimlə fəxr etməlidir. Mənə dəstək olan şəxs məni xoşbəxt edər. Bundan sonra karyeramı heç kimə qurban verməyəcəyəm. 16 yaşımdan oxuyuram. Məni qəlbdən sevən şəxs xoşbəxtliyimi istəyəcək və məni olduğum kimi qəbul edəcək. Mən evdə otursam, Dilarə olmayacağam.