Adətən insanlar, hansısa səbəbdən münasibətlərini bitirdikləri, əlaqələrini kəsdikləri şəxsləri unutmaq istəsələr də unuda bilmirlər. Onlar xoş olmayan keçmişi silib həyatlarında yeni bir səhifə açmaq istəsələr də bu alınmır. Bu durumun bir neçə səbəbi var:
1) Unutmaq istədiyimiz adamla əgər uzun birlikdəliyimiz olubsa, sıx və daimi bir ünsiyyətimiz olubsa, onunla bağlı kəskin hiss və təəssüratlar keçirmişiksə bu halda həmin insanın bizim zehnimizdə və yaddaşımızda ciddi və dərin bir yer tutması qaçılmazdır. Buna görə də onu dərhal və bir günün içində unutmaq mümkün deyildir. Mümkün olmayan bir şeydən nəticə ala bilməyəndə isə təbii ki insan həvəsdən düşə bilir və motivasiyası zəifləyir. Odur ki əvvəla, bizdə ciddi təsir buraxmış olan keçmiş sevgilini yalnız tədricən unuda biləcəyimizi və hər şeyin ancaq yavaş-yavaş həll olunacağını qəbullanmaq gərəkir.
2) Biz adətən kimisə unutmağa çalışarkən, fərqində olmadan onu həm də unutmamağa çalışırıq. Yəni bir tərəfdən onun özünə mənfi münasibət bəsləyərkən, başqa bir tərəfdən də onu bizə xatırladan bir çox əlamətləri qorumağa davam edirik; məsələn telefonumuzda, vatçapımızda onun mesajlarını ya da şəkillərini saxlayırıq, yaxud da onun bizə haçansa verdiyi hansısa hədiyyə və ya əşyanı özümüzdə bulundurmağa davam edirik. Bunlar təbii ki bizim onu unutmağımıza mane olacaqdır. Çünki onunla bağlı nişanələr, hər dəfə onun özünü bizə xatırladacaqdır.
3) Bəzən biz olanları, keçənləri təzədən yada salıb, haqq-hesab çürütməyə çalışırıq, yenidən ədalət məhkəməsi qurub suçlunu ortaya çıxarmağa cəhd edirik və bu proses, daima təkrar olunur.
İndi fərz edək ki suçlu, lap doğrudan da odur və bizim heç bir günahımız yoxdur. Hə nə olsun? Bunun nə faydası, nə anlamı var? Məgər zamanı geri qaytarmaq, keçmişi dəyişdirmək mümkündürmü?
Bu cəhdlərimizin adətən nəticəsi mənfi və bizimçün ikiqat ziyanlı olur. Birincisi, bizə haqsızlıq edildiyini xatırlayıb hər dəfə daha da əsəbləşirik. İkincisi də bunu etməklə yaddaşımızda və zehinimizdə o adamın aktuallığını qorumağa davam edirik. Yəni antireklam da bir reklam olduğu kimi, kimisə istər mənfi istərsə də müsbət olaraq xatırladıqda öz beynimizə onun bizimçün önəmli olduğu məlumatını göndəririk.
Bir kərə bunu qəbul etmək gərəkir ki keçmişlə birdəfəlik üzləşib onu bir kənara buraxmalıyıq; lap o adam, bizə çox böyük haqsızlıq edibsə də ya da çox böyük bir səhvə yol vermişiksə belə, zamanı geri qaytarmaq mümkün deyil. Üstəlik də onsuz da axı həyat, pis insanlardan sığortalanmayıbdır; yaxşılarla yanaşı, pislər də mütləq var. Bizə düşən yalnız odur ki bundan sonra daha diqqətli və ehtiyatlı olmalı və ürəyimizin qapısını hər yoldan keçənə açıb, işi təsadüflərin ümidinə buraxmamalıyıq. Sevməkdən əvvəl, kimdənsə xoşlanmaqdan öncə oturub düşünməliyik; bu adamı doğrudan da sevməyə dəyərmi, gerçəkdən bizə layiq birisidirmi? Yoxsa hər şeyi hisslərin öhdəsinə buraxsaq, duyğularımızı ağlın kontrolundan keçirməsək, son nəticədə bundan çox ciddi zərər görə və nakamlıq yaşaya bilərik.
Başqa sözlə, işi daha başından sağlam tutmalıyıq; kimdənsə xoşlanmağa başlayan anda, yəni iş daha ciddiləşmədən, geri dönüş ehtimalı hələ açıqkən, o bizim zehnimizdə hələ aktual birisinə çevrilməmişkən, hisslərimizin bizi hara apardığını götür-qoy edib, sağlam düşüncəylə və ağılla, qəti qərarı verməliyik.
Sonda hər kəsə, ağlı sevginin ardınca deyil, sevgini ağlın ardınca aparmağı arzu edirik!
“Manera.az”