Davranış normaları ilə nəzakət qaydaları, demək olar ki, hər kəsə uşaqlıqdan bəllidir. Lakin hər bir dövrün ədəb tərzi anlayışı özünəməxsusdur. Bir neçə əsr əvvəl əlləri süfrəyə silmək və ya uzanıqlı vəziyyətdə qida qəbul etmək tərbiyəli insanı müəyyən edən amil olaraq dəyərləndirilirdisə, müasir dövrdə bu hərəkətlər ən azından təəccüb doğurur. Beləliklə, keçmişin əcaib nəzakət qaydalarına işıq salırıq.
Ürəkkeçmə (bayılma)
Məlum olduğu kimi, keçmiş yüzilliklərin həssas xanımları tez-tez huşunu itirirdilər. O dövrün xanımlarının alt paltarı kimi geyindikləri korsetlərin həddindən artıq kip bağlandığı üzündən, ürəkkeçmələrin oksigen çatışmazlığı nəticəsində baş verdiyinə dair fikir formalaşıb. Bu mülahizə qismən həqiqətə uyğundur. Lakin zamanla ürəkkeçmədən həssas suallara cavab verməkdən boyunqaçırma üsulu kimi istifadə olunmağa başlandı. Elə ətrafdakıların diqqətini cəlb etmək üçün də gözləri axdıraraq, nümayişkaranə şəkildə döşəməyə yıxılmağın özü də bir fənd idi.
Çarpayıda qida qəbulu
Müasir dövrdə ziyafət süfrələri arxasında oturacağın arxasına söykənmək ədəbsizlik sayılsa da, qədim dövrlərdə qonaqlıq iştirakçıları ümumiyyətlə uzanaraq yerlərini tuturdu. Qədim yunanlar sol əllərinə söykənərək, yeməklə şəraba sağ əllərini uzadırdılar. Bayramlara yalnız məhəbbət kahinələri buraxılırdı. Odur ki, uzanıqlı vəziyyət təkcə qida qəbulu üçün əlverişli sayılmırdı.
Duel
Əvvəllər şərəf anlayışı qırılmaz surətdə insanın mənşəyilə bağlı olub, yəni hersoqlar, baronlar, qraflar avtomatik olaraq şərəfli insanlar kimi qəbul edilib. Onların alicənablığına şəkk edən istənilən kəs təxirə salınmadan buna görə cavab vermək məcburiyyəti qarşısında qalırdı. Təhqirə cavab verməmək isə şərəfin itirilməsinə və qorxaqlıqda suçlanmağa yol açırdı.
Duel birbaşa şərəfin müdafiəsinə aid edilirdi. İmtina etmək mümkünsüz idi, bu səbəbdən də duel nəzakət normalarına riayət olunması şərtilə, münasibətlərin aydınlaşdırılmasının ən sürətli və münasib üsulu sayılırdı.
Ancaq kişi əlsıxması
Son yüz il ərzində qadınlar gender bərabərliyinə nail olaraq, əl sıxmaq da daxil olmaqla, kişilərə xas bütün səlahiyyətlərdən, hərəkətlərdən yararlanmaq imkanı əldə edib. Iki yüz il öncə isə bu, ədəbsizlik kimi dəyərləndirilirdi. Əlsıxma yalnız kişilərin müstəsna hüququ sayılırdı. Centlmen xanımla əl sıxırdısa, deməli, onunla iş qurmaq olardı. Bu isə ədəbsizlik kimi qəbul edilirdi.
Kral sarayındakı davranış qaydaları isə daha dəqiq tənzimlənmiş normalar idi. Mürəkkəb mərasim hökmdarla rəiyyəti arasındakı münasibətləri qaydaya salırdı, bəzən isə etiket qaydaları məntiqsizlik, cəfəngiyyat həddində çatırdı.