Kəpəklə mübarizədə xüsusi müalicəvi şampunlar çox yaxşı kömək edir. Bu şampunların üzərində xüsusi qeyd olur – “kəpəyə qarşı” (“ot perxoti”).
Kəpək çox deyilsə, tərkibində bu kimi maddələr olan müalicəvi şampundan istifadə edin:
– salisil turşusu (şampunun üzərinda “salicylic acid” yazılır)
– kükürd (sulfur)
– sink pirition (zinc pyrithione)
– qatran (tar).
Salisil turşusu və kükürd kəpəyi əridir. Sink və qatran baş dərisi hüceyrələrinin bölməsini ləngidir. Kükürd və sink kəpəyin əmələ gəlməsinə səbəb olan göbələklə mübarizə aparır.
Müalicəvi şampunun tərkibində sadaladığımız maddələrdən biri və ya bir neçəsi ola bilər. Ən yaxşı seçim tərkibində salisil turşusu və kükürd olan müalicəvi şampundur. Belə şampunlar apteklərdə və marketlərdə satılır.
2 həftə ərzində hər gün saçlarınızı müalicəvi şampunla yuyun. Şampunu saçlarınızda 5-10 dəqiqə saxlayıb axar suyun altında yaxşı yaxalayın.
Adətən 2 həftə ərzində kəpək xeyli azalır. Bu halda effekti saxlamaq üçün saçlarınızı daim həftədə 2 dəfə müalicəvi şampunla yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz.
Əgər kəpək azalmırsa, daha güclü vasitələrdən istifadə edin. Belə xüsusi müalicəvi şampunların tərkibində 1%-li ketokonazol (ketoconazol) və ya selen sulfid (selenium sulfide) ola bilər. Belə şampunlar apteklərdə və ya marketlərdə satılır.
Belə şampunla saçlarınızı 2-4 həftə ərzində həftədə 2 dəfə yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz. Saçlarınızı yuduqda müalicəvi şampunu 5 dəqiqə ərzində saçların üzərində saxlayın və sonra yuyun.
2-4 həftədən sonra kəpək xeyli azalmalıdır. Bu halda saçlarınızı müalicəvi şampunla 2 həftədə 1 dəfə yuyun (şampun qurtarana kimi). Daha sonra tərkibində salisil turşusu, kükürd, sink pirition və ya qatran olan müalicəvi şampun alın və bu şampunu daim həftədə 2 dəfə istifadə edin.
Əgər müalicə effekt vermirsə, dermatoloqa və ya trixoloqa (saç xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) müraciət edin. Bu, adi kəpək deyil, daha ciddi dəri xəstəliyi ola bilər. (saglamolun.az)