Bir sıra xarici universitetlərdə əcnəbi tələbələr üçün təhsil haqları yüksəkdir. Belə universitetlərdə yerli tələbələrin təhsilə əlçatanlığını təmin etmək üçün illik təhsil haqları kifayət qədər aşağı olur.
Azərbaycanda isə valideynlər əksər hallarda yerli universitetlərdə təhsil haqlarının yuxarı olmasından şikayətlənirlər. Hətta çoxları Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin universitetlərində təhsil haqlarının daha aşağı, keyfiyyətin isə yuxarı olduğunu nəzərə alaraq, övladlarını ora yönəldirlər.
Araşdırmalar göstərir ki, ölkədəki bəzi universitetlər yerli və əcnəbi tələbələrin təhsil haqları ilə bağlı məlumatları öz elektron resurslarında yerləşdirməyiblər. Yəni, bir çox universitetlərdə bu informasiyanın açıqlığı təmin olunmayıb.
Ölkənin aparıcı və reytinqli universiteti hesab olunan ADA-nın rəsmi portalında (https://www.ada.edu.az/en/admissions/tuition-and-costs) isə bu haqda açıq informasiya var. Saytda qeyd olunan məlumata görə, hazırda universitetdə yerli və əcnəbi tələbələr arasındakı təhsil haqqında 2 min manatadək fərq var.
UNEC–dən bildirilib ki, universitetdə yerli və əcnəbilər üçün təhsil haqları eynidir.
Azərbaycan Dövlət Pedoqoji Universitetində də yerli və əcnəbi tələbələr arasında təhsil haqları eynidir.
Xəzər Universitetində yerli tələbələr üçün təhsil haqları 4-5 min manatdırsa, əcnəbilər üçün bu, 5 min dollardır. Universitetdən bildirilib ki, əcnəbilər arasında təqaüdlə oxuyanlar da üstünlük təşkil edir.
Azərbaycan Dövlət Texniki Universitetində Dövlət İmtahan Mərkəzi yolu ilə imtahandan keçərək qəbul olunan əcnəbi tələbələr də yerli tələbələrlə eyni təhsil haqqını ödəyir. Lakin müqaviləli şəkildə Azərbaycanda təhsil alan əcnəbi tələbələrə görə təhsil haqları fərqlidir.
Azərbaycan Dillər Universitetində təhsil haqqı yerli və əcnəbi tələbələr üçün fərqli məbləğlərdə müəyyənləşib. Belə ki, yerli tələbələr üçün təhsil haqqı 1000-2500 manat, əcnəbi tələbələr üçün isə 1800-2500 dollar arasında müəyyənləşib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr səviyyəsində təhsil alan yerli tələbələr üçün təhsil haqqı 2000-2300 AZN, əcnəbilər üçün 2000-2500 dollar arasında dəyişir. Magistraturada isə bu məbləğ yerli tələbələr üçün 2300 AZN, əcnəbilər üşün 3000 dollardır.
Mədəniyyət və İncəsənət Universitetində yerli və əcnəbi tələbələr üçün təhsil haqlarında fərqlər var. Lakin bu fərqlər açıqlanmayıb.
Göründüyü kimi, bəzi universitetlərdə əcnəbi və yerli tələbələrə görə təhsil haqları fərqli olsa da, bəzilərində bu fərq yoxdur.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvi Ceyhun Məmmədov bildirir ki, əcnəbi tələbələrlə müqayisədə yerli tələbələrə görə illik təhsil haqları arasında fərqlər olmalıdır:
“Düşünürəm ki, bu fərqlər nisbətən nəzərə alınır. Ümumiyyətlə, bəzi universitetlərdə təhsil haqlarının yüksək olması imkan vermir ki, bütün tələbələr orada təhsil ala bilsinlər. Ali təhsil müəssisələri nəzərə almalıdırlar ki, təhsil üçün xaricə gedənlərin sayı çoxdur. Gənclərin bir qismi düşünür ki, Azərbaycanda təshil almaqdansa, gedib xaricdə təhsil asınlar. Onlar xüsusən də Türkiyəyə üz tuturlar. Çünki orada ödənişsiz təhsil imkanları da var. Azərbaycanda təhsilin keyfiyyəti ilə bağlı isə bəzi vətəndaşlarda tərəddüdlər var. ADA, Bakı Ali Neft Məktəbi, UNEC, ADNSU müəyyən mənada seçilən universitetlərdəndirlər. Çalışmaq lazımdır ki, tələbələr Azərbaycandan kənara da çox meyilli olmasınlar”.
Təhsil haqlarının yüksək olmasına gəlincə, deputat hesab edir ki, Azərbaycanda bütün ixtisaslar üzrə təhsil haqlarının yüksək olduğunu demək olmaz:
“Düzdür, elə universitetlər var ki, orada təhsil haqları 5-6 min manatdır və bu, yüksək məbləğdir. Lakin elə universitetlər var ki, orada təhsil haqları 1000-1500 manat arasında dəyişir. Təhsil haqqı təhsilin keyfiyyətinə adekvat olmalıdır. Təhsil haqqını yüksək qoyuruqsa, təhsili də yüksək səviyyədə verməliyik. Lakin reallıq ondan ibarətdir ki, bütün universitetlərdə təhsil haqları keyfiyyət göstəricisinə adekvat deyil”.
Deputatın sözlərinə gröə, bəzən bu məsələlər müzakirə olunanda universitetlər israrla bildirirlər ki, təhsilin keyfiyyəti üçün təhsil haqqı da yüksək olmalıdır. Dövlət büdcəsindən kifayət qədər vəsait alan universitetlər var. Bu universitetlərdə həm dövlət sifarişli yerlər var, həm də tələbə ödənişləri var. Bütün hallarda təhsilin keyfiyyəti artırılmalıdır.
Millət vəkili təhsil xərclərini artıran bir sıra səbəblərdən də söz açdı və bildirdi ki, universitetlərin yataqxanalarının olmaması başlıca problemlərdən biridir: “Təsəvvür edin, tələbə illik olaraq 1500 manat təhsil haqqı ödəyir, kirayədə qaldığı üçün də əlavə xərci çıxır. Kirayə qalmaq üçün əlavə olaraq 200-300 manatadək vəsait xərclənir, qida və geyim xərclərini də əlavə etsək, bütün bunlar yekun olaraq bir valideyn üçün kifayət qədər vəsaitdir. Valideynin bir deyil, bir neçə övladı təhsil alarsa, bu zaman xərclər daha çox olur. Çalışmalıyıq ki, təhsil maksimum dərəcədə əlçatan olsun. Bu səbəbdən də hesab edirəm ki, universitetlərin kampus şəklində fəaliyyətinə önəm verməliyik”.
C.Məmmədov hesab edir ki, xərclərin azaldılması üçün universitet şəhərcikləri olmalıdır. Çünki yataqxanalarla bağlı məsələ yeni “Ali təhsil haqqında” qanunda da xüsusi vurğulanıb. Burada universitetlərin yataqxanaları məsələsinin aktuallığı qeyd olunur. Çünki kirayə haqları da ailələr üçün külli miqdarda əlavə xərclər yaradır. Ümumiyyətlə, mərhələli şəkildə bütün universitetlər bu sistemə keçməli – şəhərciklər yaranmalıdır.
“Bu sistem Türkiyədə çox güclü şəkildə qurulub. Hər bir universitetin mütləq yataqxanası, yeməkxanası olmalıdır. Şəhərcik olduqda tələbənin əlavə xərcləri, eyni zamanda da nəqliyyat xərcləri çıxmır. Bundan başqa, univesitetlər çalışmalıdırlar ki, əlavə maliyyə vəsaitləri cəlb edə bilsinlər. Ali təhsil məktəbləri təhsil haqları və dövlətin ayırdığı maliyyə vəsaitlərindən yararlanaraq işlərini qururlar. Universitetlər tədqiqat aparmalı və qrant layihələrində iştirak etməlidirlər. Bu yolla da müəyyən xərcləri qarşılaya bilərlər. Ümumilikdə isə daha çox dövlət sifarişli təhsilə önəm verməliyik. Bu da düşünülmüş, ölçülüb-biçilmiş, hədəfli və ünvanlı olmalıdır”.
“Dövlət sifarişli yerlərin sayının təxminən 50 faizə çatdığını demək olar. Pandemiya dövründə 20 min gənc təhsil haqqından azad olundu. Ailəsinin bir üzvünü itirən, şəhid ailəsinin övladları, məcburi köçkünlər müəyyən mənada təhsil haqlarından azaddırlar. Tələbə Təhsil Kredit Fondu yaradıldı. Bu da tələbə təhsilinə öz mühüm təsirini göstərəcək. Elə sahələr də var ki, orada ümumiyyətlə təhsil haqqı yoxdur”, – deyə deputat bildirib.
Azərbaycanda ali təhsilə meylin həddindən artıq çox olduğunu vurğulayan C.Məmmədov onu da qeyd edib ki, hər bir gəncin ali təhsil almasına ehtiyac yoxdur. Təbii ki, gəncin potensialı varsa, özünü hansısa ixtisasda görürsə, bu zaman ali təhsilini davam etdirə bilər. Lakin oxumaq, ali təhsil almağa marağı yoxdursa, şəxs peşə təhsilinə meyillidirsə, valideynlər şərait yaratmalıdırlar ki, o, peşə təhsili alsın.
Təhsil eksperti Adil Vəliyev bildirir ki, statistikaya nəzər salsaq, Azərbaycanda ötən il 89 ölkədən 6600 xarici tələbənin təhsil aldığını görərik. Ancaq bu o demək deyil ki, onların hamısı ödənişli təhsil alırlar. Azərbaycanlı tələbələr də xaricdə təqaüdlə təhsil ala bilirlər.
Nigar İsgəndərova