Qlobal problem olan uşaq əməyinin istismarı hallarının qarşısının alınması məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2002-ci ildən 12 iyun tarixi “Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü” elan edilib.
Uşaq əməyinin istismarı hallarının bir çox səbəbi var, amma ən mühüm səbəblərindən biri yoxsulluqdur. Bir çox vəziyyətlərdə bu vəziyyət qlobal uşaq əməyinin istismarı biznesinə də “töhfə” vermiş olur. Uşaq əməyi işəgötürənlər üçün ucuz işçi qüvvəsi hesab edilir. Münaqişə, fəlakət və ya yoxsulluq səbəbindən köçkün düşmüş miqrant və qaçqın uşaqlar da ucuz işçi qüvvəsidir. Uşaqları gözləyən təhlükələr arasında ağır əmək, müharibə, orqan və fahişəlik mafiyası ön plandadır.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatlarına görə, hazırda dünyada 5-17 yaş arasında ən azı 218 milyon uşaq işçi var və onlardan ən azı 73 milyonu təhlükəli işlərdə çalışır. Son 10 ildə dünyada 2 milyondan çox uşaq münaqişələr nəticəsində həlak olub, 1 milyondan çoxu yetim qalıb, 6 milyondan çox uşaq ağır yaralanıb və qalan ömrünü əlilliklə davam etdirməli olub. Kimsəsiz qalan uşaqlar hələ də Əfqanıstan, Suriya, Pakistan, Afrika və Yaxın Şərq ölkələrindən qaçaraq başqa ölkələrə gedirlər. Getdikləri ölkələrdə immiqrant uşaqlar müxtəlif qruplar tərəfindən qeyri-qanuni məqsədlər üçün istismar edilir.
Statistikaya görə, 2020-ci ilin əvvəlində dünyada 63 milyon qız və 97 milyon oğlan uşağı olamaqla ümumilikdə 160 milyon uşaq işçi kimi işləyirdi. Bu, dünya üzrə bütün uşaqların təxminən hər 10 nəfərindən 1-i deməkdir. İşləyən uşaqların təxminən yarısı onların sağlamlığına və inkişafına birbaşa təhlükə yaradan təhlükəli işlərdə çalışır. Dünyanın ən yoxsul ölkələrində 5-17 yaşlı hər 5 uşaqdan ən azı biri uşaq işçidir. Uşaqlar tarlalarda, fabriklərdə, mədənlərdə, küçədə və ya bazarda satıcı kimi işləyirlər. Covid19-un səbəb olduğu qlobal iqtisadi problemlər uşaqları daha pis şəraitdə işləməyə, həmçinin uşaq əməyinin artmasına da səbəb oldu. UNICEF-in hesabatında pandemiya səbəbindən əlavə 9 milyon uşağın uşaq əməyinə cəlb edildiyi təxmin edilir.
BƏT hesabatlarına görə, 2000-2016-cı illərdə sağlamlığa zərərli işlərdə çalışan uşaq işçilərin sayında 94 milyon azalma müşahidə edilib. Həmin dövrdə təhlükəli işlərdə çalışan uşaqların sayı yarıbayarı azalıb. Lakin bu irəliləyiş 2012-2016-cı illər arasında yavaşladı. Sözügedən dövrdə uşaq işçilərin sayındakı azalma 16 milyon nəfər olaraq qalıb ki, bu da 2008-2012-ci illərdəki azalmanın yalnız üçdə birini təşkil edir. Həmin illərdə təhlükəli işlərdə çalışanların sayındakı azalma da eyni şəkildə yavaşladı. 2016-2020-ci illərdə uşaq əməyində artımlar müşahidə olunmağa başladı.
Uşaq əməyinin regionlar üzrə bölgüsünə nəzər salsaq görərik ki, Afrika həm faiz, həm də mütləq rəqəmlər baxımından ən yüksək uşaq əməyinə sahibdir, burada hər beş uşaqdan biri olan 92 milyon uşaq işçi var. Asiya – Sakit okean regionu ikinci yerdədir: 49 milyon uşaq işçi. Bu, buradakı bütün uşaqların 5,6%-i deməkdir. Uşaq əməyindən istifadə edilən digər regionlarda – Amerika qitəsində 8,3 milyon, Avropa və Mərkəzi Asiyada 8,3 milyon və ərəb ölkələrində 2,4 milyon uşaq işçi istismar edir.
Uşaq əməyinin sektorlar üzrə bölgüsündə kənd təsərrüfatı ən böyük paya malikdir. Dünyada uşaq işçilərin 70%-i, yəni 12 milyonu kənd təsərrüfatında istismar edilir. 31,4 milyon uşaq isə xidmət sektorunda işlədilir. Sənayedə istismar edilən uşaqların sayı 16,5 milyondur. 5-11 yaş arası uşaqlar uşaq işçilərin ən böyük hissəsini təşkil edir, onlar eləcə də zərərli işlərdə çalışanların əksəriyyəti deməkdir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun məlumatlarına görə 2020-ci ildə 5-11 yaşlı uşaq işçilərin sayı 2016-cı illə müqayisədə 16,8 milyon nəfər artıb. 5-11 yaş arası bütün uşaq işçilərin dörddə üçündən çoxu kənd təsərrüfatı ilə məşğuldur. Dünyada kənd yerlərində uşaq işçilərin sayı 122,7 milyon nəfər olduğu halda, şəhərlərdə bu rəqəm 37,3 milyon nəfərdir. Kənd yerlərində uşaq əməyinin yayılması (13,9%) şəhər yerlərindəkindən (4,7%) demək olar ki, üç dəfə çoxdur.
Bu statistika hansı şərtlərdə hazırlanıb, kəndlərdə istismar edildiyi qeydə alınan uşaqlar öz ailələri ilə yaşayır, yaxud başqaları tərəfindən istismar edilir, bunlar qaranlıqdır. Kənd yerlərində uşaqların ailə təsərrüfatında işləməsi bütün dünyada normal haldır, bu istismar sayılmır, sayılmamalıdır. Ailə bir müəssisədir, ailəyə məxsus təsərrüfatda hər kəs müəyyən paya və rola sahibdir. Valideyninə kömək edən, ailə təssərüfatında kiçik işlər görən uşaqlar beynəlxalq statistikaya “istismar edilir” kimi əlavə edilməməlidir.
Uşaq əməyindən istismar hallarına qarşı mübarizənin kritik əhəmiyyətə malik olmasına baxmayaraq, bu gün dünyada uşaqlar, BƏT-in 182 saylı Konvensiyasının 3-cü maddəsində müəyyən edilmiş uşaq əməyinin ən pis formalarında istismar edilir. Uşaq əməyinin ən pis formaları dedikdə, uşaqların alınması, satılması və alveri, məcburi əmək, o cümlədən uşaqların hərbi münaqişələrdə məcburi istifadəsi, döyüşdürülməsi, qul kimi istismarı, fahişəliyə cəlb edilməsi, pornoqrafik nəşrlərin və ya pornoqrafik tamaşaların hazırlanması üçün istismarı,uşağın qeyri-qanuni fəaliyyətdə, xüsusilə müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş narkotik vasitələrin istehsalı və dövriyyəsində, tədarükündə istifadə edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən uşaqları, onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək işəgöturənin borcudur. Həmin maddədə qeyd olunur ki, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.
Sosial şəbəkələrdə çox rastlaşırıq, körpə uşaqları kamera qarşısında məcburi danışdıran, söyüş söydürən, rəqs etdirib paylaşan insanlar var. Təəsüfedici vəziyyətdir ki, əksər hallarda bunu uşaqların öz döğma valideynləri edir. Bu hallar uşaqların istismarı deməkdir. Uşaqları publikaya hesablanmış hərəkətlərə məcbur etmək, baxış sayı qazanmaq, səhifənin populyarlığını artırmaq üçün uşaqlardan istifadə yolverilməzdir.
Lalə Mehralı