Nermine Abbasova

Kiçik meyvənin böyük sirləri

Baxış sayı: 760

Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova dəfnə ağacının yarpaq və meyvəsinin müalicəvi əhəmiyyətindən danışıb. “Gencaile.az” saytı həkimin məsləhətlərini təqdim edir:

Kiçik ölçülü və yüksək dəyərli əşyalardan fərqli olaraq, bu kiçik meyvənin faydalarına maddi qiymət vermək mümkünsüzdür. Söhbət orqanizmin sağlamlığı üçün olduqca gərəkli olan dəfnə meyvəsindən gedir. Dəfnə meyvəsindən alınan yağdan həm xəstəliklərin profilaktikası, həm də müalicəsi prosesində istifadə olunur.

Dəfnə ağacı may ayında çiçək açır. Çiçəklər əvvəl yaşıl, sonra isə sarı rəng alır. Meyvələri payız fəslində tam yetişir və bu vaxt onları toplamaq olur. Dəfnə yarpaqlarından xörəklərə və turşulara gözəl dad verən ədviyyat kimi istifadə olunması heç kəsə sirr deyil. Lakin ağacın digər hissələri, xüsusən də toxumları həm kulinariyada, həm də xalq təbabətində tətbiq olunur. Toxumlardan soyuq sıxma və yaxud da suda qaynadılma yolu ilə yağ əldə olunur. Dəfnə yağından daxilə qəbul və xaricə sürtmə şəklində istifadə edilir. Dəfnə ağacı bütün il boyu yaşıl olduğundan və heç vaxt yarpaqlarını tökmədiyindən yarpaqları hər zaman yığılır, quru və yaş şəkildə istifadə edilir. Onları günəş şüaları altında qurutmaq tövsiyə olunmur.

Dəfnə toxumunun yağından bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Ən çox yuxarı və aşağı tənəffüs yollarının bronxial astma, bronxit, plevrit, ağciyər absesi, faringit, traxeit, sinusit, haymorit kimi xəstəliklərində faydalıdır. Eyni zamanda revmatizm, revmatoid artrit, digər sistem xəstəliklər, osteoxondroz, artroz, daban mahmızı, radikulit zamanı, virus, göbələk və bakteriya mənşəli proseslərdə də dəfnə toxumunun yağı tətbiq edilir. Xalq təbabətində dəri xəstəlikləri – psoriaz, seboreya, dermatitlər, ekzemanın müalicəsində dəfnə yağından istifadə edilir. Bu möcüzəli yağ saç tökülməsi və saçların qırılmasının qarşısını alır, onların uzanmasını və yeni saçların əmələ gəlməsini sürətləndirir, parlaqlıq və həcm verir, kəpək əleyhinə təsir edir. Üz dərisində olan piqment ləkələrini, çilləri, dəri quruluğunu və sellüliti aradan qaldırmaq üçün əvəzolunmaz vasitədir. Dəfnə yağının daxilə qəbulu böyrək daşı, sistit, uretrit, pielonefrit kimi uroloji xəstəliklərin, hipertoniya, ateroskleroz, anemiya kimi ürək-damar patologiyalarının müalicəsində sağalmanı sürətləndirir. Qadın xəstəliklərində disfunksiyanı aradan qaldırır, mədə-bağırsaq sistemi xəstəlikləri zamanı isə həzmi asanlaşdırır, ümumi spazmı, köpü aradan qaldırır, bağırsaq mikroflorasını normaya salır. Bundan başqa qulaq ağrısında damcı şəklində istifadə olunur, dəridə olan açıq yaraların sağalmasını sürətləndirir, görmə qabiliyyətini yaxşılaşdırır.


Diqqət:

Mədə-bağırsaq yaraları və eroziyalar zamanı dəfnə toxumunun yağından istifadə etmək olmaz.

RESEPTLƏR:

Daxili xəstəliklər zamanı: 3 ədəd dəfnə yarpağı 1 stəkan suda 5 dəqiqə dəmlənir, gün ərzində qəbul olunur. Dəmləmə acı olarsa 1 çay qaşığı bal qatılaraq içilir.

Saç üçün: hərəsindən 1 xörək qaşığı zeytun yağı və badam yağı qarışdırılaraq isidilir, isti yağ qarışığına 1 xörək qaşığı dəfnə yarpağının tozu əlavə edilir. Bir qədər ilıqlanmış qarışığa 1 yumurtanın sarısı qatılıaraq yaxş-yaxşı qarışdırılır, saçların dibindən uclarına doğru çəkilir, saçlar sellofanla bürünür. Maska saçda 1 saat saxlandıqdan sonra yuyulur.

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir