avtomobil sigortasi

Kiçik mühərrikli avtomobillərin sığortası sahəsində hansı problemlər yaşanır?

Baxış sayı: 560
Azərbaycanda uzun müddətdir ki, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (ASMMİS) haqqında qanun qüvvədədir. Amma bu prosesin iştirakçıları bu sahədəki vəziyyətdən narazıdırlar. Beləliklə, sığortaçılar ASMMİS-ın qiymətinin artırılmasının zəruriliyi barədə dəfələrlə danışıblar. 2022-ci ilin birinci yarısının nəticələrinə görə, ASMMİS zərər nisbəti 89,8% təşkil etdi. Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında məlumat yerləşdirilib.Bir çox sürücülər isə xidmətin keyfiyyətindən narazıdırlar. Beləliklə, kiçik mühərrikli avtomobillərin sahibləri çox vaxt sığorta şirkətlərinin xeyli hissəsinin onları sığortalamaq istəməməsi ilə qarşılaşırlar. Bu, müxtəlif bəhanələrlə edilir.

“Dəfələrlə sığorta şirkətlərinin vaxt uzatması faktı ilə qarşılaşdım. Bütün bunlar sığorta agentlərinə kiçik mühərrik tutumu olan avtomobilləri sığortalamağa qeyri-rəsmi qadağa qoyulduğuna görə baş verir. Onlar risklərin çox yüksək olduğunu deyirlər. Və nəticədə tez bir zamanda sığortalanmaq üçün müəyyən insanlara artıq ödəniş etmək lazım gəlir. Axı, ASMMİS olmadan sürməyə görə cərimə nəzərdə tutulur”, – deyə AYNA-ya danışan avtomobil sahiblərindən biri söyləyir.

Həmsöhbət olduğumuz bir sıra digər sürücülər də eyni şimayəti dilə gətirirlər.

Vəziyyəti şərh edən hüquqşünas və maliyyəçi Əkrəm Həsənov deyir ki, problem kiçik mühərrikli avtomobillərin statistikaya görə qəzalara daha çox düşməsi ilə əlaqədardır: “Belə avtomobillərin bir çox sürücüləri kiçik ölçülərinə görə yolun istənilən yerində sürüb-keçə biləcəklərinə inanırlar və bu, çox vaxt qəza ilə başa çatır. Bu avtomobillər tez-tez taksi xidməti göstərir, ehtiyatsızlıq edir, müştərini mənzil başına çatdırmağa tələsir. Sığorta şirkətləri isə başa düşür ki, belə avtomobillərlə daha çox qəza baş verir, bu isə daha çox sığorta ödənişi və daha çox xərc deməkdir. Ona görə də belə avtomobillərin sığortasından yayınmağa çalışırlar”.

“Ancaq təbii ki, əgər söhbət icbari sığortadan gedirsə, sığorta şirkətləri bundan imtina edə bilməz. Bununla üzləşən müştərilər isə Mərkəzi Banka şikayət edə, yaxud məhkəməyə müraciət edə bilərlər. Amma könüllü KASKO sığortası zamanı avtomobili sığortalayıb-sığortalamamaq sığorta şirkətinin ixtiyarındadır”, – deyə Həsənov bildirib.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər də məsələdən xəbərdardır. O, ölkədə kiçik avtomobillərin getdikcə daha da çoxaldığını və bu tendensiyanın davam edəcəyini qeyd edib: “Həqiqətən də, ötən illərdə bir çox sığorta şirkətləri belə avtomobilləri icbari avtomobil sığortası çərçivəsində sığortalamaq istəmirdi. Və belə bir addımın qanunsuz olmasına baxmayaraq, dəfələrlə kiçik mühərrikli avtomobil sürücülərinin belə faktlarla bağlı şikayət etdiyi hallar barədə eşitmişik”.

Amma bu ilin payızından ölkədə sığorta şərtləri dəyişib və ekspertin fikrincə, indi sığorta şirkətlərinin belə avtomobilləri sığortalamaqdan yayınmağa heç bir əsası qalmayacaq. Amma sürücü yenə də imtina ilə üzləşirsə, AMB-yə şikayət etməlidir.

Xatırladaq ki, noyabrın 1-dən etibarən icbari qaydada sığortalanan avtonəqliyyat vasitəsinə dəymiş ziyan artıq qarşı tərəf tərəfindən deyil, avtomobilin sığortalandığı şirkət tərəfindən ödəniləcək. Sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödəniş tələb edəcək. Yəni avtomobilə dəyən ziyan avtomobilin sığortalandığı şirkət tərəfindən ödəniləcək. Prosesin qalan hissəsi sığorta şirkətləri arasında tənzimlənəcək.

Oktyabrın 1-dən isə Azərbaycanda ASMMİS məbləğinin müəyyən edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. İndi sığorta qiymətləri bir sıra amillər əsasında müəyyən edilir. Sığortanın baza məbləği dəyişməz qalıb – 50 manat.

Amma risk səviyyəsindən asılı olaraq sığorta haqqına yeni əmsallar tətbiq oluna bilər. Xüsusilə, sürücü nə qədər gənc və sürücülük təcrübəsi nə qədər az olsa, qəza riski bir o qədər yüksəkdir. Buna görə də sığorta tarifinə yaş və sürücülük təcrübəsindən asılı olaraq 1,35-1,05 əmsalları tətbiq edilir.

Digər risk faktoru nəqliyyatın intensivliyidir. Daha sıx nəqliyyat vasitələrinin olduğu yerlərdə qəzaların tezliyi daha yüksəkdir. Buna görə də Bakıya 1,1, Sumqayıt və Abşerona 1,05, digər rayonlara isə 0,95 əmsalı tətbiq edilir.

Üçüncü amil avtomobilin ömrüdür. İstismar müddəti 20 ildən çox olan avtomobillərə 1,1 əmsalı tətbiq edilir. İstismar müddəti 10 ildən çox olan avtomobillər üçün əmsal 1,05, istismar müddəti 10 ildən az olan yeni avtomobillər üçün isə əmsal 1 olacaq, yəni ödənişin məbləği dəyişməzdir.

Və nəhayət, iki və ya daha çox şəxsin bir nəqliyyat vasitəsini idarə etmək hüququ varsa, o zaman həmin avtomobil üçün əsas sığorta haqqına 1,15 əmsalı tətbiq edilir.

 

 Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir