oyun

Kiçiklərə böyük təhdid…

Baxış sayı: 1. 255

Bütün dünyada uşaqların kütləvi ölümünə səbəb olan “Mavi balina” oyunundan sonra indi də “Momo” oyunu sürətlə yayılmağa və uşaqların xəsarət almasına, intihar etməsinə səbəb oldu. Qeyd edək ki, bu oyun Whatsap üzərindən yayılır. Müxtəlif psixoloji yollarla uşaqlar tələyə salınır, təəssüf ki, bu onlar üçün ölümlə nəticələnir.

İKT mütəxəssisi Elçin Məmmədov bildirir ki, “Mavi balina” oyununu oynayanlar bunun təsiri altına düşərək özünü ən sonda öldürürdülər: “Bu, kütləvi hal aldığı üçün yalnız Rusiyada deyil, Türkiyədə və başqa ölkələrdə böyük sosial şəbəkələr bunu bloklamağa başladılar. Məsələn, hər hansı axtarış zamanı sosial şəbəkə bu sözlərə uyğun axtarış resurslarını bloklayır. Ümumiyyətlə, belə oyunların qarşısını almaq çox çətindir. Çünki hər hansı fərqli bir linkdən istifadə edərək proqramı yükləyirlər. Bu link heç bir bazada yoxdur”.

Klinik psixoloq Nuriyyə Quliyevanın dediyinə görə, “Momo” kimi oyunları heç də safqəlbli insanlar yaratmır: “Belə oyunları yaradanların hədəfi insanlara zərər verməkdir. Psixoloji vəziyyəti yerində olan insan belə bir oyun yaratmaz. Həm ola bilər ki, o, artıq özünə qəsd edənləri gördükcə “mən istəyimə nail oldum” deyib özünü daha yaxşı hiss edir. Özünü təsdiq etmiş olur. “Bu, mənim işlərimin nəticəsidir, bu, mənim qüdrətimdir” deyib oyunun səs-küy salması onu razı salır. Bunun maliyyə tərəfləri də var ki, o, müəyyən qədər gəlir əldə etmiş olur”.

Son zamanlar bu cür təhlükəli oyunların artmasının səbəblərini “Sherg.az”a izah edən İKT sahəsi üzrə ekspert Cahid İsmayıloğlu bildirib ki, belə oyunları hazırlayanlar adətən psixoloji problemləri olan şəxslərdir: “Müxtəlif psixoloji problemləri olan, insanlara ziyan verməyə çalışan şəxslər bu cür virtual oyunlar təsis etməklə istəklərini həyata keçirirlər. Digər tərəfdən, həmin oyunlarda müxtəlif reklam çarxları paylaşmaqla, təhlükəli oyunların yayılmasına nail olub, maliyyə əldə edən şəxslər də var. Hesab edirəm ki, bu tip oyunların yayılmasına qarşı mübarizə aparılmalıdır. Bunun üçün maarifləndirmə həyata keçirmək, valideynləri və bütünlükdə cəmiyyəti məlumatlandırmaq vacibdir”.

Onun sözlərinə görə, təhlükəli oyunların ayaq açdığı ölkələrdə daim cəmiyyət xəbərdar edilməlidir. “Mavi balina”, “Momo” və bu qəbildən olan oyunlar insanlara, xüsusilə uşaqlara və yeniyetmələrə ziyan vurmaq üçün təsis edilir. “Xatırlatmaq istəyərəm ki, “Mavi Balina” oyununun yaradıcısı həbs olunduqda onun ruhi xəstə olduğu aydın oldu. Həmin şəxs insanlara nifrət edir, onları öldürməkdən həzz alırdı. Bu niyyətlərini həyata keçirmək üçün müxtəlif üsullara əl atan insanlar hər gün daha yeni vasitələr yaradırlar”.

Qeyd edək ki, “Momo” oyunu artıq Latın Amerikası ölkələrində, ABŞ-da, Fransada və Nepala qədər bir çox ölkələrdə yayılıb. İspaniya polisi də məsələ ilə bağlı xəbərdarlıq edib.

İnternet artıq “Momo” ilə bağlı məzmunlaarla doludur. İnternetdə axtarış sistemində ən çox axtarılanların siyahısında “Vatsap qızı Momo kimdir?” başlığı da var. “Momo”nu ispandilli ölkələrdən birində yaşayan bir şəxs ortaya çıxarıb. Oyunda istifadə edilən üz fotosu isə Yaponiyada bir sərgidən əldə olunub. Artıq “Momo” olaraq bilinən bu qorxunc üz əslində “quş qadın heykəli”nə aiddir.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir