Bəzən başqa bir insana və ya obyektə toxunduqda yüngül elektrik şoku yaşamış kimi oluruq. Bəziləri bunun hansısa xəstəliyin əlaməti olduğunu, bəziləri isə onu elektrik cərəyanı vurduğunu düşünür. Bəs əslində necədir? Bu cür hallar nədən yaranır?
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, ailə həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, bu təbii prosesdir və narahatlığa əsas yoxdur. Bu əslində normal elektrikləşmə prosesidir. Fiziki qaydalara uyğun olaraq, bir-birinə bənzəməyən cisimlərin səthlərində yüklər yenidən paylanır. Bu zaman cisimlərdə əks işarəli yüklü hissəciklər toplanır. Elektrikləşdirilmiş cisimlər yığılmış yüklü hissəciklərin bir hissəsini digər obyektlərə və ya onlarla təmasda olan ətraf mühitə ötürə bilir.
Terapevt deyir ki, təbiətdə çox elektriklənən maddələr var və heç elektriklənməyən maddələr var: “Məsəl üçün insan saçı, yun, xəz, kəhrəba və kağız bunlar tez elektriklənənlərdi. Tam tərsinə taxta, ağac, şüşə, pambıq parçaları bunlar elektriklənməyən məhsullardır.
Bu sintetik materiallar bir birinə toxunanda statik elektrik yaranır. Statik elektrik insan bədəninə keçir sonra da belə adamlar elini nəyəsə vuranda sanki tok keçir, qıvılcım çaxılır. Bunun insan həyatı üçün heç bir təhlükəsi yoxdur, sadəcə burda xoşa gəlməz bir hiss yaranır və bəzi insanlar deyir ki, niyə məhz mən ən çox elektriklənirəm evdə 5 nəfərik heç kəs də olmur mən də olur.”
Nərminə Abbasova deyir ki, bu proses əslində bütün insanlarda olur. Sadəcə bəziləri daha çox elektriklənir, bəziləri isə daha az: “Fiziklər bunu hər bir insanın öz bədənində elektrik yükü həcminə görə izah edirlər, yəni ki, bir adam daha çox statik elektrik toplayır bəzi adamlar isə yox. Məsəl üçün adam var ki, sintetik paltarlar geyinir, saçında sintetik tokalar amma heç nə olmur. Amma adam var ki, bir dənə sintetik futbolka geyinən kimi başlayır tok vurmağa”.
Bəs bu halın qarşısını almaq mümkündürmü?
“Çalışmaq lazımdır ki, bədənə yaxın təmasda olan paltarlarımız pambıq və yaxud kətan olsun, üst paltarlar sözsüz ki, qış aylarında yun, xəz, sintetik materiallı bir şeylər geyinmək zorundayıq bunu görə də bədəni nəm saxlamağa çalışmalıyıq nəmləndirici kremlərdən istifadə etmək. Amma digər tərəfdən bəzi paltarlar var ki, doğurdan da çox eliktriklənir onlara qarşı da mağazalarda antistatik deyilən spreylər satılır, bəzilərini hətta paltar yuyan maşına töküb paltarı yaxalamaq üçün də istifadə edirlər.”
Həkim deyir ki, bütün bunlardan başqa bu cür hallarla tez-tez rastlaşan şəxslər evin havasının yüngül nəm olmasına çalışmalıdırlar. Nəm hava üçünsə evdə çiçək saxlamaq, nəm əski ilə təmizlik işləri görmək, evi vaxtı-vaxtında havalandırmaq yetərlidir. Evdəki temperatur imkan verirsə, ayağı yalın gəzmək də məsləhətdir.