tair_amiraslanov12_

Kim daha ağıllıdır: “Ağıllı qarışqalar”, yoxsa biz?!

Baxış sayı: 2. 103

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, tarix elmləri namizədi Tahir Əmiraslanov millət vəkili Fazil Mustafanın Qafqazinfo.az” saytında (08.01.14 /09.08) adı altında verilmiş məqaləyə cavab verib. Maraqlı olacağını nəzərə alıb, yazını təqdim edirik:

Məqalənin başlığı mənə maraqlı gəldi. Qarışqalar bir çox xalqların rasionunda qiymətli qida məhsulu kimi istifadə edildiyindən (bəzi ölkələrdə hətta qarışqa dərmanları belə var) və qida məhsulu kimi mənim üçün maraqlı olduğundan insanın yediyi qidanın ağıllı ola biləcəyi məni maraqlandırdı. Yazını oxudum və təəccübləndim. Müəllifin, hörmətli deputatımızın hüquqşünas olduğunu bilirdim. Amma oxuduqca məqalənin heç də zoologiyaya aid olmadığını, çox başqa önəmli məsələlərə toxunduğunu gördüm.

tair_amiraslanov12_

Amma başlığa qarışqalar çıxarıldığı üçün məqalənin əsas məğzi, məqsədi qarışqalarla bir kontekstdə verilib. Bütün məqalədə qarışqalarla bağlı iki məsələ qeyd edilib. Məqalənin ortasında: “Faciəmizə baxın, rayondan gələn qohumumun danışdığı epizod kifayət edər ki, az-çox nəticə çıxaraq. Adam qarışqa yuvasının yanına bir az “Teksun” bir az da “Azersun” yağı tökmüş, on metr uzaqda isə təmiz inək yağı yerləşdirmiş. Qarışqalar yuvadan çıxaraq yaxındakı yağa əhəmiyyət vermədən on metr aralıdakı təmiz yağın içinə doluşmuşlar. Qarışqalar vəziyyətin artıq rusca olduğunu anlamışlar, bircə qalır Azərbaycan vətəndaşları…”

Məqalənin sonunda: “Bu problemləri çözmək üçün sadəcə qarışqalar qədər ağıllı olmaq yetərlidir, məncə…”

Hörmətli ziyalının, xalq elçisinin, hüquqşünasının bu qədər səhv etməsinə, yaxud da bu qədər qərəzli mövqedə olmasına inanmaq istəməzdim. Ehtimal edirəm ki, bu yazını kimsə Fazil bəyin adından yazıb verib. Hüquqşünaslar da başqa dəqiq sahənin mütəxəssisləri kimi məntiqə söykənirlər. Yazının bu hissəsində heç bir elmi əsaslı məntiq yoxdur.

Bu daha çox hissiyata qapılmış, cuşa gəlmiş bəzi mollarların özlərindən hədis qoşmalarına bənzəyir (sonra alimlər çalışırlar ki, səhih hədisləri mollaların özlərindən qoşduqlarından ayırsınlar). Yəni qeyri-ixtiyari rabulistika ilə məşğul olurlar, qulaq asanlar isə fikirləşirlər ki, əlində Quran tutan molla yalan danışmaz və yalana inanırlar.

Normal alim, ziyalı, mütəxəssis öz işində, yazısında, danışığında yalnız eristikadan istifadə edir, yoxlanılmış, dəqiq faktlara əsaslanır. Mən dəqiq deyə bilmərəm hörmətli ziyalımızı, hüquqşünası, milli məclisin deputatını belə quraşdırılmış faktlardan və psixoloji təzyiqdən istifadə edib amma gətirdiyi “fakt” barədə mütəxəssis kimi fikrimi bildirmək istəyirəm.

Həm də bu yazının hörmətli Fazil bəy tərəfindən deyil, başqası tərəfindən yazıldığına inandığım üçün yazıda müəllif sözünü işlədəcəyəm.

1. Çox sevinirəm ki, bizim kəndlərimizdə kəndçilər eksperimentlər aparırlar,

lakin kəndçinin bu qədər ağılsız eksperimentator olduğuna inanmıram. Ya müəllifin qonşusu kəndçi deyil, ya da yalan danışır. Niyəsini kənddə böyüyən, yaşayan və evinə qarışqa girən hər kəs söyləyə bilər.

2. Məlumat göstərir ki, müəllif nədən yazdığını bilmir. Çünki ümumiyyətlə ölkəmizdə “Azərsun” adlı yağ məhsulu yoxdur. Ona görə də nə həşarata nə də başqa canlıya heç bir “az da” təklif edilə bilməz.

3. Bu mümkün olmasa da bir anlığa fərz edək ki, belə bir təcrübə qoyuldu və qarışqalar doğrudan Teksunu ya Azərsun şirkətinin istehsal etdiyi yağı yox, kərə yağını seçdilər. Bu bizə nə verir? Müəllif demişkən qarışqaların Azərbaycan vətəndaşından ağıllı olmasına, yaxud bu arqument kərə yağının üstün olmasına bir sübutdurmu? Əsla. Müqayisə üçün Quranda adına hətta ayə olan, yəni qarışqadan daha üstün tutula biləcək arı üzərində təcrübə aparaq. Arı pətəyini çiçəklənən sahənin yanına yerləşdirək, digər tərəfdə isə ətirli şəkər şərbəti yaxud məti qoyaq. Arılar nəyi seçəcəklər? Hər bir arıçı bilir ki, arı şəkər məhlulunu seçəcək, heç çiçəklərə baxmayacaq da. İndi buradan belə bir nəticə çıxarmaq olarmı ki, şəkər baldan, təbii məhsullardan daha yaxşıdır ?! Müəllifin məntiqi ilə çıxış etsək bunu belə qəbul etməliyik, yoxsa arı da biz-Azərbaycan vətəndaşlarından “ağıllı” olacaq. Belə eksperimentlərdən çox göstərmək olar. Adətən natəmiz hüquqşünaslar günahsızı cəzalandırmaq, yaxud günahkarı azad etmək üçün belə sübutlardan istifadə edirlər.

4. Biz şübhə etmirik ki, bal şəkərdən, təmiz kərə yağı hidrogenizə edilmiş bitki yağından, marqarindən daha üstün məhsuldur.

İndi bir anlığa təsəvvür edək ki, qurabiyyə, şəkərçörək bişirən qənnadıçıdan onu şəkərlə deyil, balla bişirməsini tələb edək. Böyük problem yaşanacaq, çünki: 4.1 Qum(dağılan) xəmir növü yəni qurabiyyə xəmiri məhz şəkərə hesablanıb. 4.2. Hamıya qurabiyyə çatdırmaq üçün sadəcə o miqdarda bal yoxdur. 4.3. Balı işığın və istiliyin təsiri olmadan yemək daha sağlam qidalanmaq deməkdir. Balı qurabiyyə xəmirinə vurmağa adamın heyfi gəlir. Eyni ilə heç kəs səhər yeməyində kərə yağı ola-ola çörəyinə hidrogenize edilmiş yağ, marqarin çəkib yemək istəməyəcək. Yaxmacı kərə yağından düzəldəcək. Amma həmin adam tutaq ki, peçenye bişirərkən marqarin axtaracaq.

Deməli şəkərin öz yeri, balın öz yeri olduğu kimi , marqarin məhsulunun öz yeri, kərə yağının öz yeri var. Bunu bütün dünya belə bilir və istifadə edir.

5. Əgər müəllif marqarin məhsulları, hidrogenizə edilmiş yağlar üçün də Teksunu yaxud Azərsun firmasının istehsalı olan yağların ən pisi olduğunu demək istəyirsə, bunu isbat etməlidir. Mən mütəxəssis kimi deyə bilərəm ki, hidrogenizə edilmiş yağlar, məhsullar sektorunda Azərsun istehsalı olan məhsullar ən yaxşılarındandır. Hətta bəzilərinə şirkət kərə yağı da qarışdırır. Əgər müəllif bunu təkzib edirsə, o bilərəkdən ya bilməyərəkdən xaricdən gətirilən eynitipli ərzağa və bununla da valyutanın xaricə axmasına, xaricdəki iş yerlərinin stimullaşdırılmasına xidmət edir, ölkəyə ziyan vurur. Azersun Holdingin xammala və məhsula nəzarət üçün ən müasir biokimyəvi, mikrobioloji laboratoriyaları çalışır. İstehsal və laborator avadanlığları dünyanın ən müasir, öndə gedən avadanlıqlarıdır.Digər tərəfdən belə nəticəyə gəlmək olar ki, müəllif Dövlət standartlaşdırma, Patent və Metrologiya, İqtisadi İnkişaf, Səhiyyə, Kənd

Təsərrüfatı Nazirliklərinin və müstəqil laboratoriyaların işçilərinin peşəkar analizlərinin nəticələrini müəllif şübhə altına alır. Yəni bu qədər təşkilat əhalinin zəhərli məhsulla qidalanmasına razılıq verib?

6. Birinci bənddə və üçüncü bənddə qarışqalarla belə bir təcrübənin mümkünsüzlüyündən danışdım. Səbəbini açıqlamaq istərdim. Hər bir kəndçi bilir ki, evə qarışqa girəndə şəkərli məhsulları və əti xarab edir. Heç vaxt yağa toxunmurlar. Bunun bir səbəbi var qarışqalar yalnız karbohidratlar və zülallarla qidalanır, onları həzm edə bilirlər. Özü də qarışqalar özləri əsasən karbohidratlarla, yumurtadan təzə çıxanlar isə əsasən zülallarla qidalanırlar. Yağla qidalanmırlar. Allah onları belə yaradıb. İnsan isə yağ yemədən yaşaya bilməz. Qarışqanın və insanın həzm, qida utilizasiya sistemləri çox fərqlidir. Ona görə də qidalanma ilə bağlı təcrübələrdə alimlər insan həzm sisteminə daha yaxın olan siçovul, siçanlardan, yaxud tufelka (ayaqqabı) adlandırılan infuzoriyalardan istifadə edirlər. O da çox ciddi çərçivə şərtlər və ekspermentin təmizliyi, kənar faktorların aradan qaldırılması şərtiylə.

7. Ağıl, təfəkkür, mədəniyyət və s. bu kimi fəlsəfi kateqoriyalar yalnız insana aid edilən kateqoriyalardır. Hesab edirik ki, “Ağıllı” sözünü məqalədə müəllif mübaliğə, metafora kimi işlədib.

8. Qarışqalar bəzi xortumlu həşaratları yuvalarında saxlayır, onları yedizdirir, onların şirin ifrazatları ilə qidalanırlar. Biz onlardan yenə nümunə götürməliyikmi?

Bir vacib şeyə də diqqət çəkmək istərdim.

1. Məqalədə böyük bir şirkətin işçi imicinə güclü zərbə vurulur. Müəllif deputat deyilsə buna görə məsuliyyətə cəlb edilə bilər. Amma o deputatdırsa informasiya internet məkanda qalarsa və 2015-ci ildə deputat mandatının müddəti bitən zaman müəllifə qarşı iş qaldırıla bilər.

2.Yazıda günahsızlıq prezumpsiyası çox ciddi pozulduğundan bunu hüquqşünas yaza bilməzdi.

3. Bu daha çox böhtan, yalan adlandırıla bilər.

4. İnsanlarımızın düzgün məlumat almaq hüququ pozulub.

Bu və digər faktorları nəzərə alaraq bu qərəzli, düşmənçilik mövqeyindən hüquqi, elmi cəhətdən çox savadsız adam tərəfindən yazıldığı aydın olduğundan belə hesab edirəm ki, hörmətli ziyalımız, Milli məclisin deputatı Fazil Mustafa və Azərsun Holding şirkətinə zərbə vurmaq istəyən şəxs tərəfindən yazılıb. Kimsə bir gülləynən hər iki tərədə zərbə vurur. Zənnimcə məsələ araşdırılmalıdır. Çünki bizim hörmət etdiyimiz, inandığımız 9 milyon əhalinin içindən seçilmiş 125 ən ağıllı, savadlı ziyalılardan biri olan hüquqşünas Fazil Mustafa həm elmi həm hüquqi cəhətdən bu qədər savadsız, adi məntiqə sığmayan yazı verə bilməzdi. Yəqin ki, bu qərəzli yazının müəllifinin tapılmasında və cəzalandırılmasında Fazil müəllim öz sözünü deyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir