Yeni dövrün insanları üçün həyat artıq mobil cihazların, ağıllı telefonların içərisində axır. İnsanlar İnternet vasitəsiylə çıxış əldə etdikləri müxtəlif platformalarda şəxsi profillərini yaradırlar. Artıq hər kəs varlığını isbat etmək üçün ən az bir İnternet səhifəsində öz şəxsi profilini yaratmaq məcburiyyəti hiss edir. Bu, bir növ “Baxın, mən də varam və burdayan” deməyə bənzəyir. Amma çağdaş dünyamızda İnternet resursları təkcə bu məqsədlə istifadə olunmur. Bu gün İnternet, texnoloji vasitələr və ağıllı cihazlar böyüklər üçün nə qədər faydalıdırsa, məktəbəqədər və məktəb yaşlarında olan uşaqlar üçün də bir o qədər yararlı vasitələrdir. Bu cihazlar bir növ ünsiyyət, əyləncə və tədris üçün lazım olan mühiti uşaqlar üçün də təmin edir. Buna baxmayaraq, valideynlər gündəlik həyatda uşaqları mobil cihazlardan mümkün qədər uzaq tutmağa çalışırlar. Eyni zamanda, özlərinin uşaqlara öyrədə bilmədikləri bir çox bilik və bacarığı İnternet vasitəsi ilə öyrəndiklərini də danmırlar.
Uzun illərdir insanlar uşaqların mobil cihazlarla iç-içə olmasının onların fiziki, İnternetə çıxışlarının olmasının isə psixoloji sağlamlıqlarına ziyan vuracağına inanırlar.
Uşaqlar İnternetdən istifadə edərkən təhlükəli insanlarla ünsiyyət qurmaq ehtimalları artır. Həmçinin, zorakılığın və cinsəlliyin təbliğ olunduğu saytlara giriş də əsas risklər arasındadır. Yaşının həssas dönəmlərini yaşayan uşaqların müəyyən kompüter oyunları vasitəsiylə manipulyasiya olmaqları və intihar halları da İnternetin təhlükələrindən xəbər verir. Həmçinin, İnternetdən və ağıllı cihazlardan həddindən artıq istifadə uşaqları sosial təcrid və tənhalığa sürükləyə bilər. Bu da uşaqların real həyatda ünsiyyət qurmaq, dostlaşa bilmək bacarıqlarını korlayır. Bu, onların gələcəkdə də əsl, canlı dostluq əvəzinə, virtual dostluq əlaqələrinə meyillərinin artmasına yol açar.
Bütün bu səbəblərə görə, uşaqlar telefonla, kompüterlə oynayarkən valideynlər narahatlıq hissi keçirir. Ən vacib məsələ uşaqların bu texnoloji vasitələrdən nə qədər və necə istifadə etmələridir. Bu baxımdan uşaqların ağıllı cihazlardan nə dərəcədə istifadə etməsinin valideynlər tərəfindən tənzimlənməsi vacibdir.
Diqqət göstərilməz və lazımi tədbirlər görülməzsə, xüsusilə məktəbəqədər yaşda olan kiçik uşaqların ağıllı cihazlardan və İnternetdən istifadə etməsi onlara sosial, psixoloji və həyati zərər verə bilər. Çünki məktəbəqədər yaş həddində olan uşaqlar İnternetin və mobil cihazların səbəb olduğu təhlükələrə qarşı daha həssas və müdafiəsiz olurlar.
Sadaladığımız bütün bu təhlükələr də, İnternetin faydalı tərəflərini görməyimizə mane olur. Bəs İnternetin uşaqların fiziki və psixoloji inkişafına nə kimi faydaları var?
Gündəlik həyatımızın bir hissəsinə çevrilən bu ağıllı qurğulardan artıq çox erkən yaşlarda istifadə olunur. Uşaqlar texnologiya ilə demək olar ki, doğulduqları andan qarşılaşır və ondan kiçik yaşlardan istifadə edə bilərlər. İnternet məktəbəqədər dövrdə uşaqların özbaşına öyrənmə prosesinə dəstək olan ən faydalı vasitədir. Xüsusilə 3-6 yaş aralığında uşaqların fiziki, zehni və sosial inkişafı sürətli gedir, dünyanı kəşf etmək, yeni şeylər öyrənmək və əylənmək üçün daha həvəsli olurlar. Buna görə də məhz bu yaş aralığında İnternet resurslarından istifadə etməyi bacarmaqları onların inkişafı üçün faydalıdır. Ağıllı cihazlar vasitəsilə İnternet uşaqların fərqli və yeni şeylər kəşf etmələri üçün uyğun bir mühit yaradır. Valideyn nəzarəti və xüsusi qoruyucu tədbirlər ilə uşaqların İnternet resurslarından istifadə etməsi əslində, onları uşaqlar üçün çox faydalı edir. Pedaqoqlar, İnternetin uşaqların öyrənmə sürətlərinə uyğun imkanlar yaratdığını, öz maraqlarına və ehtiyaclarına uyğun formada öyrənmə prosesini daha sürətlə apara bildiyini deyirlər. Digər tərəfdən, kompüter oyunlarında, yaxud videomateriallarda verilən tapşırığı yerinə yetirməklə uşaqlar həm də işi bitirməyin verdiyi tətminkarlıq və xoşbəxtlik hissini yaşaya bilirlər. Bu cihazların bir başqa müsbət tərəfi də uşaqların məsuliyyət götürmə qabiliyyətini artırmasıdır.
İnternetin mənfi tərəfləri ilə yanaşı, uşaqların fiziki, zehni, psixoloji inkişafı üçün bu kimi faydalı tərəflərinin olması da bir reallıqdır. Artıq dünyanın hər yerində internet ən yaxşı müəllim olmağa doğru gedir. Biz onun vasitəsi ilə bilmədiyimiz bir çox mövzudan agah olur, biliklərimizi artırırıq. Bunu edərkən isə, həm özümüz, həm də uşaqlar üçün diqqətli və ayıq olmağımız vacibdir.
Valideynlər uşaqlarının ağıllı cihazlardan və İnternetdən istifadə zamanı meydana gələ biləcək risklərdən xəbərdar olmalıdırlar. Bu mövzularda hansı təhlükəsizlik tədbirləri görmək lazımdır? Bu tədbirləri uşaqların inkişafına mane olmadan necə təmin etmək olar? Validenynlər bütün bunlar haqqında maariflənməli və bunu praktikada əks etdirməyi bacarmalıdırlar.
Ailələr, övladlarının məktəbdə, yaxud bayırda harada olduqları, nə etdikləri, kimlərlə nə paylaşdıqları və vaxtlarını necə keçirdikləri ilə bağlı maraqlanır və narahatlıq keçirdirlər. Əlbəttə, bu narahatlq və diqqət uşaqlar qeyri-müəyyən İnternet mühitindən istifadə edərkən də olmalıdırlar. Ailənin nəzarəti uşaqların İnternetdə qarşılaşa biləcəyi mənfi sosial, emosional və fiziki faktorları azaltmaq və ya qarşısını almaq baxımından əhəmiyyətlidir. Bəs bu nəzarət necə və hansı formada tətbiq olunmalıdır?
Valideynlər adətən uşaqları üzərində bu nəzarəti təzyiq və qadağalarla qurmağa çalışırlar. Bu da uşaqlarda İnternetin qaranlıq tərəflərinə olan marağı bir az da artırır, onları təhlükələrə qarşı müdafiəsiz vəziyyətə salır. Nəyin hansı səbəbdən qadağan olunduğunu dərk etmədikləri üçün, bu qadağalar onların maraqlarını daha da alovlandırır. Burada əsas məqam uşaqların maraqlarını lap elə kiçik yaşlardan əhliləşdirməyə, onların maraqlarını tərbiyə etməyə çalışmaqdır. Təzyiq və qadağaçı münasibətdən daha çox uşaqların maraqlı informasiyalar kəşf edib öyrənməsi, yaradıcılığına töhfə verəcək formada azad bir mühitin formalaşdırılması daha faydalıdır. Bu baxımdan uşaqların azadlığı məhdudlaşdırılmamalı, bu azadlıq üzərində nəzarət təmin olunmalıdır. Nəzarət olunan azadlıq, uşaqların özlərinə və başqalarına zərər vermədən istədikləri mühitdə araşdırmalarına və öyrənmələrinə imkan verəcək. Digər tərəfdən, bu cür yanaşma uşaqların araşdırma və məsuliyyət götürmə qabiliyyətini də inkişaf edirəcək.
İnternet ucsuz-bucaqsız bir okeandır. Burada nəzarətsiz və müdafiəsiz qalmaq kiçik bir fərdin batmasına da, təhlükəli canlılara yem olmasına da səbəb ola bilər. Amma valideyn dəstəyi ilə onlar bu okenada öz yönlərini tapıb irəliləyə, çətinlikləri aşıb yeni bilik və bacarıqlara, sağlam vərdişlərə yiyələnə bilərlər.