Aliment

Kimlər aliment tələb edə və ala bilərlər?

Baxış sayı: 1. 010

Qanunvericiliyin tətbiqində, məhkəmə təcrübəsində daha çox ər və ya arvad arasında boşanma münasibətləri və uşaqların saxlanması ilə əlaqədar aliment məsələlrinə rast gəlinir. Lakin aliment münasibətləri sadəcə qeyd etdiymiz subyektlər arasında və sadəcə boşanma münasibətləri çərçivəsində baş vermir. Ailə Məcəlləsinə (AM) əsasən qardaş, bacı, baba, nənə və nəvə arasında da alimentlə bağlı hüquq münasibətləri yarana bilər. Daha aydın izah üçün AM-in bununla bağlı normalarına nəzər yetirək.

AM-in 88-ci maddəsinə görə, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi var. Belə ki, Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.

AM-in növbəti maddəsi 89-cu maddə baba və nənənin nəvələrini saxlamaq vəzifəsidir. Yardıma ehtiyacı olan və yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

Baba və nənənin nəvələri saxlamaq vəzifəsi olduğu kimi nəvələrin də baba və nənəni saxlamaq vəzifəsi var. Bu AM-in 90-cı maddəsi ilə tənzimlənir. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

AM-nə görə övladların valideynlərini saxlamaq vəzifəsi var. Lakin bu ancaq doğma övlad-valideyn münasibətlərnə aid deyil. Maddə 92 göstərir ki, ögey oğul və qızların ögey ata və ananı saxlamalıdır. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər. Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər.

aliment

Yuxarıda qeyd etdik ki, aliment münasibətləri nikah pozulduqda yaranır, lakin nikah dövründə də ər-arvad arasında aliment münasibətləri yarana bilər. AM-in 84-cü maddəsində qeyd edilir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:

1) əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

2) hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;

3) sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər;        

4) 18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; 

Aliment hüquq münasibətlərinin daha hansı subyektlər arasında mövcud olduğunu qeyd etdik. İndi isə belə bir sual meydana gəlir. Bəs təyin ediləcək alimentin miqdarı nece müəyyən edilir ? Ailə Məcəlləsinin 93-cü maddəsi bu sualın cavabını verir. Həmin maddəyə görə ailənin başqa üzvlərini saxlamaq üçün alimenti miqdarı əgər tərəflər arasında aliment sazişi mövcuddursa, həmin sazişə görə müəyyən edilir. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir