menzil

Kirədə yaşayanlar hansı halda mənzilin sahibi ola bilər?

Baxış sayı: 1. 765

Artıq kirədə yaşayanalar müəyyən qaydalarla mənzilə sahib olmaq şansına malikdir.

Belə ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını təsdiq edib.

Bu qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi ilə bağlı ümumi məsələləri müəyyən edir. Belə ki, yaşayış sahəsinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi müvafiq müqavilə əsasında yaşayış sahəsinin istifadəyə təhvil verilməsini və bu qaydada müəyyən edilmiş şərtlərlə kirayəçiyə özgəninkiləşdirilməsini nəzərdə tutur.

Bu qaydaya əsasən yaşayış sahəsi – satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə Fondun satın aldığı və ya digər əsaslarla Fondun mülkiyyətinə keçən, vətəndaşların daimi yaşaması üçün yararlı daşınmaz əmlak olmalıdır. Eyni zamanda Fondla kirayə müqaviləsi bağlamış fiziki şəxs olmalı, kirayə müqaviləsinə əsasən, kirayəçinin Fonda aylıq qaydada ödədiyi məbləğ və kirayə müqaviləsinin müddətinin sonunadək kirayəçinin yaşayış sahəsini əldə etmək üçün ödəməli olduğu aylıq ödənişlərin cəmi olmalıdır. Eyni zamanda kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Müraciət etdiyi tarixə isə kirayəçinin bank kreditləri və digər borcları olmamalıdır.

Digər tərəfədən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən mənzil tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olunacaq. Mənzil kirayə müqaviləsi ilə üç ildən 25 ilədək kirayəyə veriləcək. Lakin kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən ödəməlidir. Yaşayış sahəsinin kirayə müqaviləsində nəzərdə tutulmuş alış qiymətini kirayəçi tam ödədikdən sonra Fond yaşayış sahəsini kirayə müqaviləsində nəzərdə tutulmuş qaydada kirayəçinin mülkiyyətinə verir və kirayəçinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair zəruri hərəkətləri yerinə yetirir.

Kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrə bölünüb ödəniləcək. Bu məbləği Fond aşağıdakı halları nəzərə almaqla hesablayacaq:

– yaşayış sahəsini (mənzili) Fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər;

– Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri;

– kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalar;

– yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərclər.

Kirayə müqaviləsinin bağlanılması üçün müraciət elektron sistemlə həyata keçiriləcək və müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək və kirayəçi mənzilə köçüb yaşaya bilər.

Qeyd edək ki, kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə isə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququna malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir