menzil

Kirayə mənzili necə almaq olar? - EKSPERT RƏYİ

Baxış sayı: 343

Bu günlərdə İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən növbəti dəfə kirayə mənzillərin satışına başlanılıb. Bəzi vətəndaşlar satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində təqdim olunan mənzillərin şərtlərinin heç də asan olmadığını bildirirlər.

İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildirib ki, indiyədək 5525 kirayə müqaviləsi rəsmiləşərək vətəndaşların mənzilləri özlərinə təhvil verilib. Müqavilə uçün müraciət edənlərin 60 faizini gənclər və gənc ailələrdir: “Kirayə mənzillərlə bağlı müraciət və rəsmiləşmələrin sayında artım var. İlin əvvəlindən bugünədək 1139 müqavilə rəsmiləşdirilərək vətəndaşlara mənzillər verilib”.

A.Zeynalov kimlərin kirayə mənzil almaq şansının olmadığını da açıqlayıb. O bildirib ki, kirayə mənzill mexanizminin əsas tələbi müraciət edən şəxsin Azərbaycan Respublikası vətəndaşı olmasıdır. Həmçinin müraciət edən ərizəçinin yaşı 60-dan yuxarı olmamalıdır. Eyni zamanda ərizəçinin vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalıdır. Əgər müraciət anında müraciətçinin 30 gündən çox gecikdirilmiş krediti varsa, sistem tərəfindən ona kirayə mənzil ayrılmaqdan imtina olunur. Vətəndaş həmin kredit öhdəliyini yerinə yetirdikdən sonra təkrar müraciət edə bilər.

Kirayə mənzil almaq istəyən şəxsin rəsmi gəliri olmaldır. Bu tələblərə cavab verən ərizəçilər kirayə mənzil üçün müraciət edə bilərlər.

O həmçinin qeyd edib ki, kirayə mənzil mexanizmində ilkin ödəniş yoxdur. Müraciətçilər aylıq ödənişlərin ən azı 12 mislini ödəməklə kirayə müqaviləsini rəsmiləşdirə bilirlər. Onlar aylıq ödənişləri icra etdikdən sonra mənzilin sahibinə çevrilir: “Kirayə mənzillər əhaliyə güzəştli şərtlərlə verilir. Mənzilin dəyərinin üzərinə mənzillərin alınması üçün çəkilən xərclər hesablanır. Kirayə mənzillərə əlavə faiz hesablanmır. Kirayə mənzil almaq üçün bütün proseslər avtomatlaşdırılıb. Vətəndaşlar gücləndirilmiş elektron imza əldə etməklə elektron qaydada müraciət edirlər. Sistem tərəfindən növbəlilik əsasənda vətəndaşlara görüş günü təyin olunur. Bakıda 2 saylı ASAN Kommunal Mərkəzində, Sumqayıtda ASAN Xidmət mərkəzində vətəndaşlar qəbul edilir. Görüş günü vətəndaşlar həmin məntəqələrə yaxınlaşıb öz müraciətlərini təsdiq edirlər. Bundan sonra 5 iş gün ərzində onların müraciətləri barədə qərar qəbul edilir. 7 iş günü ərzində isə həmin şəxslər öz mənzil seçimlərini icra edirlər. Əlavə 7 iş günü ərzində isə kirayə mənzilin rəsmiləşdirilməsi həyata keçirilir”.

O, əlavə edib ki, rəsmi gəlirlər dedikdə təkcə muzdlu işdən gələn gəlir nəzərdə tutulmur. Sahibkarlıqla məşğul olanlar da əgər 12 ay bu fəaliyyətlə məşğul olurlarsa, kirayə mənzil üçün müraciət edə bilərlər. Hətta sosial yardım, müavinət və pensiya alanlar da kirayə mənzil layihəsindən faydalana bilər. O, sabit vergi ödəyicilərinin də bu imkandan yararlanmasının mümkün olduğunu söyləyib. Bildirib ki, sabit vergi ödəyicilərinə Fond tərəfindən fəaliyyət müddətinə uyğun aylıq ödəniş təyin olunur.

Onun sözlərinə görə, kirayə mənzillər inşası 2013-cü ildən sonra tamamlanmış tam təmirli çıxarışlı mənzillərdir. Həmin mənzillərə qaz, işıq və su sayğacları, eləcə də kombilər quraşdırılıb. Kirayə mənzillər alınarkən vətəndaşlarla sorğular keçirilərək onların istəkləri nəzərə alınır.

Fond səlahiyyətlisi onu da əlavə edib ki, 2020-ci ildən bu günədək 14 ünvanda kirayə mənzillər alınıb.

menzil

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, artıq 2020-ci ilin mart ayından etibarən kirayə mənzillərin verilməsinə start verilib və bu günə kimi 3919 tam təmirli mənzil kirayə öhdəliyi ilə satınalma şərti ilə vətəndaşların istifadəsinə verilib. O bildirib ki, prosesin başlama mərhələsi ölkəmizdə pandemiyanın başlama vaxtına düşür: “Həmin ili ümumilikdə götürsək, 413 mənzil kirayə öhdəliyi ilə satılıb. Ondan sonrakı illərdə dinamikanın sürətlə artımı müşahidə edilib. Kirayə mənzillər yeni binalarda, təmirli və çıxarışlı olur. Daşınmaz əmlak bazarında illik qiymət artımı dinamikasını müşahidə etsək, təbii ki, kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim olunan mənzillərin də bahalaşmasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, İpoteka Fondu həmin mənzilləri alır, təmir elətdirir və çıxarışla təmin olunur, ondan sonra bazara çıxarılır. Ötən il 1661 mənzil kirayə yolu ilə vətəndaşlara verilib. Bu ilin altı ayı ilə ötən ilin eyni dövrü ilə adekvat deyil. Amma təhlillər göstərir ki, ilin üçüncü və dövrüncü dövründə kirayə mənzillərin satışı daha çoxalır”.

Onun sözlərinə görə, bu layihə ölkədə hər adam üçün əlçatan olmasa da, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müəyyən şəxslərə əlçatandır: “Bu layihənin daha da təkmilləşdirilməsi və mənzillərin sayının artırılmasına ehtiyac var. Bu mənzillərə tələbat yüksəkdir. Ancaq İpoteka Fondu da bazara külli miqdarda pul axınının həyata keçirilməsində maraqlı deyil. Belə olarsa, mənzillərin qiyməti bahalaşa bilər. Ancaq bütün hallarda bu layihənin intensivləşdirilməsinə ehtiyac böyükdür”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir