“Kişi işi”, qadın zülmü, yeddi keçəl qız… – ARAŞDIRMA

Baxış sayı: 1. 564

“Altı ildir ailə qurmuşam. Amma övladım olmur. Bu altı ildə necə əzab çəkdiyimi bir Allah bilir, bir də mən! Özümü elə yarım hiss edirəm ki… Məncə, analıq hissini yaşamayan qadın özünü heç vaxt xoşbəxt hiss edə bilmir. Daim xəyal qururam, yuxularımda həmişə bir uşaq məni çağırır. İllərdir həyat yoldaşımla bütün tibbi prosedurlardan keçirik, amma nəticə məni sonsuzluğa bir addım daha yaxınlaşdırır. Məni ən dəhşətə gətirən isə, həkim qəbuluna düşmək üçün gözlədiyim ərəfədə bəzi qadınların bura abort üçün gəlməsidir”. Bunu 33 yaşlı S.B Aile.lent.az-a danışır.

Biri ana olmaq istəyir, digəri körpə qatili

Acınacaqlı təzaddır, deyilmi? Körpə qığıltısı üçün, ömrünü fəda etməyə hazır olan və abort stollarında gözünü qırpmadan övlad qatilinə çevrilən qadınlar. Biri ana olmağa can atır, digəri isə seçim qarşısındadır – övladının cinsini öyrənəcək və qız olacağı təqdirdə ondan canını qurtarmağa tələsəcək…

Rəsmi statistikaya əsasən, ötən il Azərbaycanda 27 min 220 abort qeydə alınıb. Ölkəmizdə son 5 ildəki doğumların statistikası göstərir ki, hər 112 oğlana 100 qız düşür. Əslində isə 100 oğlan uşağına 104 qız uşağı düşməlidir. Qeydə alınan abortların arasında selektiv abort, yəni dölün cinsinə görə hamiləliyə xitam verilməsi üstünlük təşkil edir. Statistik nəticələr onu deməyə əsas verir ki, hazırda ölkəmizdə əksər ailələr oğul valideyni olmağı arzulayır. Bu cür ailələr körpənin cinsinin qız olduğunu öyrəndikdən sonra mütləq aborta üz tuturlar. Məsələn, ailədə birinci övlad qızdırsa və ikincinin də qız olduğunu öyrəndikdə onu abort etdirməyi düşünürlər. Bəzən ikinci qız övladlarına o halda şans verilir ki, ailənin ilk uşağı oğlan olsun.

Sosioloqlar selektiv abortların demoqrafik göstəricilərə mənfi təsir göstərəcəyini söyləyirlər.

Yeni doğumlarda uşaqların oğlan-qız nisbəti arasında böyük fərq yaranmasın deyə selektiv abortun əngəllənməsi nəzərdə tutulub. Belə ki, problem gələn ilin yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanunun qəbulundan sonra ana və körpənin sağlamlıq problemi kimi əsas olmadan abort etdirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Qanun layihəsinə ediləcək əlavədə təbii yolla baş tutan hamiləliyin 3 aylığından sonra uşağın cinsinin müəyyən edilməsi ilə bağlı edilən müayinə və selektiv abortlar qadağan olunacaq. Həmçinin o da qeyd olunur ki, cinslə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

Həkimlər yox deməyi bacarmalıdır

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova tətbiq ediləcək qadağanın bu sahədə yaranan problemlərin müəyyən qismini həll edəcəyini söyləyir: “Amma bu qadağa bəzi neqativ hallara da rəvac verə bilər. Bu halda müəyyən sui-istifadələr yarana bilər. Kriminal abortlar hansısa ev şəraitində həyata keçiriləcək. Bu və digər

arzuolunmaz halların qarşısını almaq üçün mütəmadi olaraq məsələylə bağlı monitorinqlər aparılmalıdır”.

M.Zeynalovanın fikrincə, problemin aradan qaldırılmasında başlıca rolu həkimlər oynayır: “Yəni, ailə bu addımı atanda müraciət etdikləri həkim “yox” deməyi bacarmalıdır”.

Psixoloq Şəhla Vəliyevanın sözlərinə görə, bəzən qadın qız övladının olmasını istəyir, amma ailəsi tərəfindən selektiv aborta məcbur olunur: “Qayınana, yaxud həyat yoldaşı tərəfindən qadına basqılar olur. Müəyyən ailələrdə belə bir yanlış düşüncə hakimdir ki, oğlan nəslin davamçısıdır. Onları uşağın sağlamlığı yox, məhz cinsi maraqlandırır. Bəzən qadın da USM vasitəsilə bətnindəki uşağın qız olduğunu biləndə yanlış təlqin sayəsində dərhal düşünür ki, abort etdirsin. Ətrafdan olan bu cür basqılar qadında psixoloji travmalara səbəb olur. Amma birmənalı şəkildə bilinməlidir ki, övladın cinsinin oğlan, yaxud qız olması tibbi nöqteyi-nəzərdən tamamilə kişidən asılı bir məsələdir”.

Həkimlərin rəyinə əsasən, abort infeksion xəstəliklərə, menstruasiya pozğunluğuna, hormonal dəyişikliklərə, sonsuzluğa, hətta ölüm hallarına belə, yol açan bir prosesdir.

Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası əhali sakinliyi və demoqrafik inkişaf” üzrə dövlət proqram layihəsinin açıq müzakirəsi zamanı qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin hissə-hissə köçürülməsi məsələsi təklif olunub.

“Kaş ki, sənin yerinə yeddi keçəl qızım olaydı

Araşdırdığımız mövzu ilə əlaqədar bir uşaqlıq xatirəsi yadıma düşür. Qonşumuzda Fatma xala yaşayırdı. Oğlu hansısa yaramaz bir hərəkət etdikdə hirslənirdi və qışqıraraq “Kaş ki, sənin yerinə yeddi keçəl qızım olaydı”, – deyirdi.

Yəqin ki, artıq şərhə ehtiyac yoxdur. İctimai təfəkkürdə inqilab olmayınca günahsız körpələrə qarşı edilən bu cinayət əməllərinə tamamilə son qoyulmayacağı gün kimi aydındır. Problemi aradan qaldırmaq üçün əlaqədar QHT-lər, ictimai birliklər, dövlət qurumları əhali arasında geniş maarifləndirmə işləri aparmalıdır.

Və nəhayət, qız uşaqlarını abort etdirənlərə belə bir sual vermək lazımdır: “Belə davam edərsə, gələcəkdə həsrətində olduğunuz oğlan uşaqlarını kim dünyaya gətirəcək?!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir