Bəzən düşünürük, niyə bu həmişə mənim başıma gəlir? Niyə mənim qarşıma çıxan insanlar normal olmur və məni yarı yolda qoyurlar? Niyə kimi sevirəmsə məni tərk edir? Əgər sizi də bu kimi suallar narahat edirsə tərk edilmə sxemindən əziyyət çəkirsiniz.
Tərk edilmə sxemi uşaqlıqda daimi dəstək, ünsiyyət, əlaqə və qorunma ehtiyacının qarşılanmaması səbəbindən yarana bilir. Lakin bu ehtiyacın ödənilməməsi müxtəlif səbəblərdən ola bilər. Məsələn, bu, əsas qayğı göstərən şəxsin (valideyn, baxıcı və ya himayədarın) uşağın ehtiyaclarına uyğun davranmadığı, bu ehtiyacları görməməzliyə vurduğu və ya onları yanlış şərh etdiyi zaman baş verə bilər (Məsələn, sənin nəyə ehtiyacın var ki, sənin üçün hər şeyi təmin edirik, yediririk, içiririk və s.) Lakin uşağın tək ehtiyacı fizioloji tələbatlar deyil, uşaq xoş mühit, sevilmək, dinlənilmək, valideynlərinin xoş münasibətini və birlikdə uşaqlaşıb oyun oynayacağı, hər dərdini qorxmadan deyə biləcəyi və etdiyi səhvlərdə ona dəstək olub yol göstərəcək valideynlər istəyir. Hətta ailəsində söz söhbət olan şəxslərin uşağı bir müddət qoyub ata-anasının yanına getdiyi zaman da uşaq bunu tərk edilmə kimi qavrayıb gələcək həyatında onu tərk edəcək insanları seçə bilər. Tez-tez baxıcıların dəyişməsi də tərk edilmə sxemini yarada bilər. Adətən valideynlərdən biri və hər ikisinin olmaması (vəfat etməsi və boşanması) səbəbindən yaranır, lakin fiziki olaraq valideynin olub emosional bağın olmaması (Məsələn, atanın qızına və ananın oğluna yetərincə sevgi və dəstək verməməsi) səbəbindən də yarana bilər. Hətta bütün günü övladının maddi ehtiyaclarını təmin edən və uşaq üçün əlçatmaz olan valideyn də tərkedilmə sxeminin səbəbkarı ola bilər. Bütün günü xaricdə səfərlərdə olan, övladına zaman ayıra bilməyən valideynlərdə sevgi aclığı yaranır və sevginin nə olduğunu bilməyən şəxs də onu tərk edəcək şəxslər seçəcək. Uşaq hər şeyi ilk gördüyü mühitdə öyrənir və dünyanı belə dərk edir, siz sevginin necə bir şey olduğunu ona göstərsəz, o da elə olduğunu düşünüb həyatına eyni tip insanları çəkəcək. Ona görə də uşağınızın sağlam münasibətinin və sevgisinin olmasını istəyirsinizsə, yoldaşınızla sağlam münasibət qurub uşağa da onu ötürməlisiniz. Bütün günü sənin anan belədir, atan belədir, nənən belədir, bibin belədir kimi cümlələr qursaz təbii ki, uşaq da normal münasibətin nə olduğunu bilməyəcək. Uşaqların yanında mübahisə edib, lakin bir sarılmağı belə bacarmırsızsa, uşaqlarınız da gələcəkdə onları sevməyən, daim dalaşqan, kobud, bəlkə də şiddətə meyilli partnyorlar seçmiş olacaq. Uşağa ailəni və sevgini gözəl təqdim etmək lazımdır. Bəziləri düşünür ki, uşaq bundan pozulacaq əksinə, uşaq necə bir münasibətə girmək lazım olub olmadığını biləcək. İnsanı yanlış seçimlərə atıb cəmiyyət dili ilə desək “Pozan” sevgi aclığıdır. Sevgi görməyən sevgi acı olub sırf emosional boşluğunu ona iki kəlimə xoş söz deyən (Çox vaxt da sadəcə yoldan çıxarmaq məqsədilə) insanlarla dolduran insanlar insanlar məhz sevgisiz ailədən çıxan uşaqlardır. Və bu şəxslər sadəcə sevgi gözləyib kimlərinsə qurbanına çevrilir. Əgər uşağınızın qurban deyil, xoşbəxt olmasını istəyirsizsə, o zaman ilk siz xoşbəxt ailənin və sevginin nə olduğunu ona göstərməlisiniz. Onu da deyim ki, atanın qızı ilə, ananın oğlu ilə münasibəti onun gələcək sevgi münasibətinin əsasıdır. Əgər qız atası ilə, oğlan anası ilə sağlam münasibət qura bilirsə, sevgi münasibəti də sağlam olacaq.
Tərk edilmə sxemindən əziyyət çəkən insanlar partnyorlarının onları tərk edəcəyindən qorxub onları bezdirə bilərlər və əslində dərk etmədən uşaqlıqda yaşadıqları o tərk edilmənin yaşatdığı kədər emosiyasını yaşamağı istəyirlər və bundan şüursuz səviyyədə zövq alırlar və bunu yaşamaq üçün özlərini tərk etdirirlər (Məsələn, qarşı tərəfdən hədsiz diqqət tələb edib, yapışırlar, sadə mübahisələri belə tərk ediliş kimi qəbul edib fəlakətləşdirirlər).
Bu sxemdən əziyyət çəkən insanlarda stress, təşviş, depressiya və asılılıq (siqaret, içki, narkotik və s.) ola bilər. Tərk edilməmək üçün ümumiyyətlə münasibətə girməmək və özü tərk etmək kimi davranışlar göstərə bilirlər. Hədsiz və məntiqsiz şəkildə edilən qısqanclıq və kontrolçuluq da bunun göstəricisi ola bilər. Sxem (Şema) terapiya ilə aradan qaldırıla bilər.
Psixoterapevt Dilbər Bəhmənli
Maraqli bir movzudur. Tesekkur edirem öz adimdan
Yazinin basligi cemiyyetin realligini ortaya qoyur
Maraqlı və dolğun yanaşmadır.
Bu xanimin yazilarini cox beyenirem