Hazırkı dövrdə bir sıra bəylər toy etməyə, evliliyə maraq göstərsə də, kişilərin əksəriyyəti demək olar ki, sözügedən məsələdən gen qaçır. Bəy kimi görünməyə qətiyyən maraq göstərməyən kişilərin sayı digərlərinə nisbətən daha çoxdur. Acı olsa da reallığa nəzər salsaq görürük ki, kişilər ümumiyyətlə evlənmək istəmirlər, xüsusən də “Millennial Nəsil”ə mənsub olanlar. Yaxşı, niyə?
Kişilərin evlənmək üçün ayaqlarını süründürmələri və buna müqavimət göstərmələri təkcə bizim cəmiyyətə və ya müəyyən nəslə aid olan bir vəziyyət deyil. Kiçik bir araşdırma etdikdə görə bilərsiniz ki, dünyanın bir çox fərqli mədəniyyətində evlənməmək meyli var. Səbəblər əslində çox səthi deyil.
1) Ailə faktoru
Hamımız böyüdükcə valideynlərimiz arasındakı münasibətlərin yaxından müşahidəçisi oluruq və ilk olaraq, bu model vasitəsilə münasibəti tanıyırıq. Ana və ata arasındakı münasibət və ünsiyyət gələcəkdə hansı perspektivə sahib olacağımızı müəyyənləşdirir. Bu səbəbdən ailədə çox yaxşı münasibətin şahidi olmayan fərdlərin, ən azı, evlilikdən bir az da uzaq olduğunu söyləmək səhv olmaz.
2) Tərbiyə forması
Bilirik ki, dediklərimizin bir çox tərəfi var, lakin biz daha çox anaların oğulları ilə bağlı bəzi davranışları üzərində dayanacağıq. Klinik Psixoloq Tuna Tümer isə bu durumu belə qiymətləndirir: “Oğlanlarını çox sevən analar… Ümumiyyətlə, hər istədiyini asanlıqla əldə edən, daha doğrusu istəkləri onlara asanlıqla verilən uşaqların gələcəkdə daha az məsuliyyət daşıdığı görülür. Lakin ibtidai dövrlərdən bəri mövcud olan və indi də özünü göstərən bir həqiqət var; bir kişinin özünü sübut etməsi üçün ehtiyac duyduğu özünü var etmə sahəsi və onun özünü dərk etməsi yalnız məsuliyyəti öz üzərinə götürməklə mümkündür. Ona görə də demək olar ki, anaların oğullarına qarşı həddindən artıq qoruyucu və fədakar münasibəti onların özünü dərk etməsinə, məsuliyyət daşımasına müəyyən mənada mane olur.
3) Kişi və qadın arasındakı fərqin azalması
Deyək ki, yaxşı, təəssübkeş elan olunmasın, amma belə bir həqiqət var; Kişilik və qadınlıq arasındakı xətt artıq əvvəlki kimi qalın deyil. Daha çox qadına xas rəftar və obrazlara malik kişilər və daha çox kişi rəftarları və obrazları olan qadınlar var. Bununla belə, bizim hələ də primitiv tərəfimiz var. Elmi nöqteyi-nəzərdən görmək olar ki, kişilərin özünü daha “kişi” hiss etməsinin “patriarxal” quruluşla heç bir əlaqəsi yoxdur. İnsanın mövcud olması və özünü dərk etməsi üçün hələ də qoruyucu, sahiblik edən və məsuliyyətli bir missiyaya ehtiyacı ola bilər. Kişi və qadın arasındakı bu tarazlığın pozulması evlilik qarşısındakı maneələrdən biri ola bilər. Milyonlarla oxucusu olan blogger Ceyms Maykl Sama burada nə anlamalı olduğumuzu çox gözəl izah edib:
“Məncə, insanın fərdi həyatında münasibətdə “güc” və “müstəqillik” anlayışları arasında aydın fərq qoymalıyıq. Müvəffəqiyyətli münasibət komanda işidir və komandalar yalnız ümumi məqsəd üçün birlikdə işlədikləri halda qalib gəlirlər. Belə olan halda xoşbəxt həyat mümkün olur”.
4) İqtisadi səbəblər
Düşünürük ki, evlilik üçün ciddi büdcə tələb olunduğunu heç kim inkar etmir. Çünki söhbət külli miqdarda xərcdən gedir. Bu da kişilər üçün bir az problem yaradır. Hər mədəniyyətdə fərqli olsa da, bizim mədəniyyətimizdə toy kişi tərəfinə aiddir və bu, ağır yükdür. Ancaq ümumi dünyaya nəzər saldıqda, təhsili və gəliri yüksək olan insanların ailə qurma ehtimalının daha yüksək olduğu təəccüblü görünür. Bununla belə, araşdırmalar xüsusilə aşağı gəlir səviyyəsinə malik olanların evlilik üçün kifayət qədər büdcəyə malik olmadığını da vurğulayır.
5) Qorxu və məsuliyyət
Kişilər təbiətcə hələ də azad yaradılışın hökmranlıq etdiyi varlıqlardır. Bir çox kişilər üçün evlilik, xüsusilə həyat yoldaşlarının ailələri, cəmiyyət və onların həyat yoldaşları tərəfindən sosial həyatda məhdudiyyət kimi qəbul edilə bilər. Azadlıqlarını məhdudlaşdırmaqla yanaşı, həyatları boyu eyni insana aşiq olmayacaqları üçün daha yaxşı variantı əldən verəcəklərindən də qorxurlar. Ailə qurduqdan sonra artacaq məsuliyyət də digər bir amildir: Onlar özlərini yalnız ata və ya himayəçi kimi təyin etməkdən qorxurlar. Özünü dərk etmək baxımından bayaq dediklərimizə zidd görünsə də, belə deyil; Qadınlar üçün də vəziyyət eynidir. Heç kim özünü fərdiliyinə mane olacaq bir təriflə məhdudlaşdırmaq istəmir.