Ali Attestasiya Komissiyasının hər il təqdim etdiyi “Fəlsəfə doktoru” diplomu alanların siyahısında qadınlar üstünlük təşkil edir. Elmin bu pilləsində qərarlaşan kişilərin də kifayət qədər olmasına baxmayaraq, statistik göstəricilər elmin qadınları daha çox cəlb etdiyini göstərir. Belə ki, son 3 ildə sözügedən diplomu alanların siyahısı da faktı təsdiqləyir. Belə ki, 2018-ci ildə 548 nəfər “Fəlsəfə doktoru” diplomu alıb. Onlardan 309 nəfəri qadın, 239 nəfəri isə kişidir. 2019-cu ildə 261 nəfər “Fəlsəfə doktoru” diplomu alanlardan 173 nəfəri qadın, 88 nəfəri isə kişidir. 2020-cı ilin ilk 2 ayı ərzində 116 nəfər “Fəlsəfə doktoru” adını alanların siyahısında 68 nəfər qadının, 48 nəfər kişinin adı yer alıb.
Ekspertlər kişilərin bu siyahıda sayca qadınlardan geri qalmasını bir neçə səbəblə əlaqələndirirlər. Məsələn, elm sahəsində gəlirlərin az olması kişilərin bu sahədən uzaqlaşmasının əsas səbəblərindən biri kimi göstərilir. Bununla belə, kişiləri elm sahəsindən uzaqlaşdıran digər səbəblər də var. Ekspertlərin qənaətinə inansaq, proses dərinləşməyə doğru gedəcək.
Təhsil eksperti, Əməkdar müəllim Almaz Həsrətin fikrincə, qadınların elmə daha çox meyl etmələri, kişilərin sayının bu sahədə azlıq təşkil etməsi milli mentalitetimizə, ailə dəyərlərimizə uyğun olaraq ailə başçısı olan kişilərin daha çox qazanc əldə etmək, ailə dolandırmaq yollarını düşünmələri ilə əlaqədardır: “Çünki elm elə bir sahədir ki, kənar işləri unutmaq və daha çox elmi mövzular üzərində araşdırmalara, tədqiqat işlərinin aparılmasına yönəlik fəaliyyət tələb edir. Bu işdə də əksər kişilərin səbri tab gətirmir. Onlar qadınlarla müqayisədə prosedur qaydaların vaxtlı-vaxtında yerinə yetirilməsi üçün uzunmüddətli təhsil almalardan uzaqlaşmağa daha çox meyilli olurlar. Qadınlar isə hər bir şeyə tab gətirməyi, səbirli olmağı bacaran xüsusiyyətlərə malikdirlər. Onlar ev, dövlət və ya özəl işlə məşğul olmaqla bərabər, elmi işlə də məşğul olurlar. Əgər açıqlamalara görə, elmi işlə məşğul olanlar arasında kişi sayı azalıb, qadın sayı çoxalıbsa, bu, kişilərin uzun-uzadı prosedurlara tab gətirə bilməməsinin göstəricisidir. Onlar uzun sürən prosedur qaydalarını gözləməkdən vaz keçirlər. Ona görə də kişilərin əksəriyyəti elmi fəaliyyətlə məşğul olmaqdan uzaqlaşır. Qadınların əksəriyyəti isə elmi fəaliyyətə davam etməyə özlərində güc tapır. Qadınların bu sahədə sayca daha çox üstünlük təşkil etməsinin səbəbi kişilərə nisbətən uzunmüddətli işin nəticəsini gözləyəcək qədər səbirli olmalarıdır. Kişilərdə isə bu səbir yoxdur”.
Ekspert hesab edir ki, onlar Azərbaycanda doktorantura təhsili almaq, elmi iş fəaliyyəti ilə məşğul olmaq üçün böyük maneə ilə üzləşirlər. Yəni proses rahat şəkildə baş vermir: “Özümdən misal gətirim: 2012-ci ildə doktorantura təhsilinə başlamışam. 4 illik doktorantura təhsilimi bitirməyimə baxmayaraq, müəyyən uzun fasilələrin olması ucbatından sanki insanın əli işdən soyuyur və artıq elmi iş fəaliyyəti ilə məşğul olmağa meyl göstərmirsən. Çünki bəzən elmi işdə ərsəyə gətirdiyin nəticənin reallaşdırılması üçün mühitin formalaşdırılmasına imkan yaradılmır. Mühitin formalaşdırılması üçün müəyyən bir dəstək göstərilmir. Bunun nəticəsidir ki, əksər kişilər elmdən uzaqlaşmağı üstün tutur. Kimin şansı gətirirsə, qısa müddətdə elmi işini müdafiə edib bitirir, amma elə insanlar var ki, onların vaxtlarını uzada-uzada bu işdən uzaqlaşmağa sövq edirlər”.
Əməkdar müəllimin fikrincə, elm elə bir sahədir ki, əslində burda kişi və qadını ayırmaq doğru olmaz. Yəni elmlə məşğul olan insan sırf cəmiyyət üçün xeyirli olan bir işi ərsəyə gətirir. Belə ki, kişi və qadın olmasından asılı olmayaraq, kimsə cəmiyyətin gələcək inkişafı üçün səmərə verə biləcək bir işi həyata keçirirsə, bu işlə məşğul olan insanların işlərini daha rahat etmək lazımdır: “Ali Attestasiya Komissiyası tərəfindən rəhbərlik yenilənəndə, yeni qaydalar tətbiq olunmuşdu. Bu qaydaları biz də dəstəkləyirdik. Amma bu qaydalar tətbiq olunanda, hələ müdafiə etməyənlərə bu, əlavə yük oldu. Yəni, qaydaların köhnədən elmlə məşğul olan doktorantlara tətbiq olunması, mən də daxil olmaqla hamının ruhdan düşməsinə səbəb oldu. Yeni qaydalar bizə şamil edilməməli, yeni qəbul olanlara aid olmalı idi. Biz bütün işimizi köhnə qaydalara uyğun yerinə yetirmişdik. Bu qaydalar əsasında da son olaraq bizlə bitirə bilərdilər. Çünki yeni qaydaları tətbiq etmək elmi işimizdə müəyyən təkrar dəyişikliklər olunması, yeniliklərə uyğunlaşdırılması baxımından əlavə vaxtın ayrılmasını tələb edirdi. Ona görə də bizdə ruh düşkünlüyü yaranır. Açıq deyim ki, mən artıq müdafiə etməyi düşünmürəm. Əgər mən qadın olaraq belə ruhdan düşürəmsə, uzunmüddətli mərhələni, növbəyə düşüb müdafiə gününü gözləmək kimi amilləri nəzərə alaraq, hər kəs, xüsusilə də kişilər düşünür ki, vaxtını daha səmərəli, daha qısa müddətdə nəticə əldə edə biləcək işə sərf eləsin. Mən elmi işimdə sırf bugünkü günlə əlaqədar olaraq məsafədən təhsil, elektron resursların hazırlanması, informasiya cəmiyyətində informasiya mədəniyyətini formalaşdıra biləcək şəxslər, onlayn etika, onlayn etiket qaydaları ilə bağlı mövzulara toxunmuşdum ki, bu mövzular da hazırkı zamanda reallaşdırılır. Əgər 3 il bundan öncə müdafiə etsəydim, artıq bəhrəsini görmüşdüm. İndi əmin oldum ki, müdafiə etsəm də, etməsəm də mənim işim artıq reallaşıb. Yəni mənim elmi işim öz bəhrəsini verir. Bu baxımdan, mənim elmi ad almağım önəmli deyil. Önəmlisi odur ki, başladığımız hər hansı elmi işin cəmiyyətdə bəhrəsini, uğurunu görək. Təmiz, səmərəli elmi işlə məşğul olan insanın kişi və ya qadın olması önəmli deyil”.
Təhsil eksperti Qoşqar Məhərrəmov isə kişilərin elmi işə marağının azalmasını təhsilin feminizasiyası problemi ilə əlaqələndirir. Bu artıq dünyada yayılan problemdir: “Dünyanın bütün təhsil müəssisələrində gender bərabərsizliyi əmələ gəlib. Bu o deməkdir ki, qadınlar müəllim olaraq təhsil sahəsində özünə daha çox yer tapır. Kişilərin müəllim olaraq özünə peşə müəyyən etməsi statistikası daha aşağı düşür. Bu amil orta məktəblərdə öz təsirini göstərdiyi kimi, ali məktəblərdə də göstərir. Doktoranturanı keçən insanlar adətən ona görə bu pillədə oxuyurlar ki, ali məktəblərdə işləsinlər. Bununla da özləri üçün akademik karyera təşkil etmək istəyirlər”.
Ekspertin fikrincə, başqa sahələrdə çalışanlar doktorantura arxasınca getmirlər. O mənada ki, sənayedə, zavod və fabriklərdə, hətta dövlət müəssisələrində işləyən insanlar üçün təcrübə doktorantura təhsili və ya “Fəlsəfə doktoru” elmi dərəcəsini almaqdan daha asandır: “Belə bir zərurət olmadığı üçün də doktorantura pilləsini ali məktəbdə işləyənlər və gələcəkdə işləmək istəyənlər oxuyur. Ali məktəblərdə də məvacib yetərli olmadığı üçün hazırda ali məktəbdəki müəllimlərin feminizasiyası ilə qarşı-qarşıyayıq. Ali məktəblərdə işləyən qadınlar müəyyən qədər vaxtları olduğu, məvaciblərindən və bu situasiyadan razı qaldıqları üçün doktorantura təhsili alırlar. Çünki adətən Azərbaycan ailəsində ailənin maddi yükünü daha çox kişilər çəkir, qadınlar da elmi karyeranı bir növ zövq, şəxsi təkmilləşmə, elmi inkişaf üçün edirlər. Onlar daxildən gələn motivasiya ilə bu karyeralarını davam etdirirlər. Ancaq elmi işi yarıda qoyanların da sayı çoxdur. Ümumiyyətlə, ali məktəblərdə işləyib doktoranturasını tamamlamayanların da sayı kifayət qədərdir”.
Ekspert hesab edir ki, bunun səbəbi ali məktəbdə işləyən elmi-pedaqoji kadrların sayının çoxluğudur. Belə ki, bir ali məktəbdə dərs keçən müəllim, eyni zamanda başqa ali məktəblərdə də, kurslarda da dərs keçir, üstəlik, şəxsi repetitorluq fəaliyyəti ilə də məşğul olur: “Ali məktəblərdə kafedra müdiri olanlar, dosentlər belə, repetitorluq edirlər. Bunu, əlbəttə ümumiləşdirmək olmaz, amma bu kimi hallarla tez-tez qarşılaşırıq. Doktorantura təhsili pilləsini bitirənlərin əksəriyyəti qadın olacaq. Çünki kişilərin bu təhsili almağa, alarlarsa da, yekunlaşdırmağa vaxtları yoxdur”.
Təranə Məhərrəmova