ev isleri

Kişilər ev işi görməlidirlər?

Baxış sayı: 1. 033

Əminik ki, bu suala əksər kişilər “yox” deyə cavab verəcəklər. Hər şeydən əvvəl qeyd edək ki, bu sualın konkret cavabı yoxdur və ola da bilməz. Yəni, “Bəli, təbii ki, kişilər ev işi görməlidirlər, əks təqdirdə bu evlilik davam edə bilməz”, – deyə hökm vermək mümkün olmadığı kimi, “kişi evdə iş görməməlidir, ev işi qadın işidir”, – deyə hökm vermək də olmaz. Bu işdə ən böyük səhv məsələni tərəflər üçün kompleksə çevirmək və klişeləşmiş düşüncələrin təsiri altında qalmaqdır. Bu cür münasibət evliliyə zərbə vuran ən böyük amillärdən biridir.

Elə isə, “Kişi ev işi görməlidir?” sualına belə cavab vermək olar: “Hər hansı bir fiziki qüsuru yoxdursa, təbii ki, görə bilər”. Ancaq bu bir məcburiyyət deyil. Burada da əsas məsələ tərəflər arasında sağlam ünsiyyətin olmasıdır. Ancaq o vaxt kişi həyat yoldaşına kömək etməkdən zövq ala bilər. Yəni, kişi bunu məcburiyyətdən çox, bəzən bir məsuliyyət, bəzən də bir qarşılıqlı yardım kimi qəbul etməlidir. Elə isə qadınların bu məsələdə təzyiq göstərmələri, məqsədlərinə çatmadıqları təqdirdə isə ciddi problemlər yaşamaları yersizdir.

evdar kisi

Əgər bir qadına evdə kömək lazımdırsa, bunu şikayət vasitəsinə çevirməməli, səmimiyyətlə ehtiyacını (təbii ki, səbəblərini də) ifadə etməlidir. Beləliklə, kişinin inad etmək ehtimalı da aradan qalxmış olar. Təbii ki, burada hər iki tərəfin gərgin iş həyatını da nəzərə almaq lazımdır. Belə ki, işləyən bir qadının ev işlərində həyat yoldaşının köməyinə ehtiyac hiss etməsi normaldır. Bunun üçün yenə də şikayət xarakterli münasibətləri bir tərəfə qoymaq və hər iki tərəfin də qəbul edə biləcəyi bir plan qurmaq olar.

Əslində, ev işi ilə bağlı məsələlər və ya tərəflərin bu məsələyə münasibəti evlilik ərəfəsində müzakirə edilməli, hətta bu məsələ evlilik müqaviləsinə də daxil edilməlidir. Yeri gəlmişkən deyək ki, heç bir kişi ev işlərində həyat yoldaşına kömək etməklə arvadağız olmur. Əksinə bu, özünü kişi kimi isbat etmək ehtiyacı olmayan kamil insanların işidir. Məsələnin başqa bir tərəfi isə valideynlərin oğlan uşaqlarına bəzi vərdişləri qazandırmamalarıdır. Yəni, oğluna evdə heç bir məsuliyyət yükləməyən və “Sən kişisən” deyə bəhanə gətirən valideynlər bu mövqelərindən əl çəkməlidirlər. Əgər tarazlığı qoruya bilsəniz, oğlan uşağına məsuliyyət yükləmək heç bir problem təşkil edə bilməz. Üstəlik, oğlan uşağına qazandırdığınız bu vərdişlər gələcəkdə onun ailə həyatına da müsbət təsir göstərər.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir