zorakiliq

Kişilər həyat yoldaşını niyə öldürür?

Baxış sayı: 1. 430

Son vaxtlar ölkədə bir-birinin ardınca baş verən amansız qətl hadisələrinin sayı durmadan artır. Qurbanların əksəriyyəti isə zərif cinsin nümayəndələridir. Addımbaşı həyat yoldaşları tərəfindən fiziki, mənəvi və psixoloji işgəncələrə məruz qalan qadınlar çıxış yolunu rəsmi şəkildə boşanmaqda görürlər.

Amma əslində bu da çıxış yolu deyil. Artıq boşanmaların da nəticəsi bir çox hallarda faciəvi olur. Təəssüf ki, Azərbaycanda boşanmış cütlüklər arasında təqib, qətl və cinayət halları “ənənə” halını almağa başlayıb. Cütlüklər boşandıqdan sonra belə, keçmiş ərləri qadınların həyatına müdaxilə etməkdən əl çəkmir. Son ayların kriminal xronikası da göstərir ki, Azərbaycanda keçmiş ər-arvadlar, habelə boşanmaqda olan cütlüklər arasında tez-tez ciddi münaqişələr yaşanır. Bu, Azərbaycanda boşanma mədəniyyətinin olmadığını göstərir, yoxsa…?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, evli və ya boşanmış olmasından asılı olmayaraq qadınların təhlükəsizliyi kifayət qədər təmin olunmur: “Hətta bir çox ölkələrdə qadınların təlhükəsizliyi ilə bağlı qəbul olunmuş mexanizmlər işləmir. Azərbaycanda isə “Məişət zorakılığı haqqında” qanun yeni olduğu üçün müvafiq mexanizmlər formalaşmayıb. İsraildə təhlükə altında olan qadınlara qolbağ verirlər ki, hansısa təhlükə sezən kimi hüquq-mühafizə orqanlarına siqnal ötürsünlər. Azərbaycanda isə sadəcə mühafizə orderi tətbiq olunub ki, bununla bağlı da əhali tam məlumatlı deyil”.

Ekspertin bu cür faktların sayının artmasını qadınların öz hüquqlarını bilməməsi ilə əlaqələndirir: “Qadınlar üzləşdikləri hədə-qorxu, şantaj, təhdid və zorakılıq barədə aidiyyəti qurumlara məlumat verməkdən çəkinirlər. Bəzən isə məişət zorakılığı qurbanın sağlamlığına ciddi xəsarətlə yekunlaşır. Bu kimi hadisələr kifayət qədərdir. Ümumiyyətlə, zorakılığa məruz qalmış qadınlar ilk növbədə ərazi üzrə polis bölməsinə müraciət etməlidir”.

Boşandıqdan sonra əri tərəfindən öldürülən qadınların çox olduğunu vurğulayan M.Zeynalovanın sözlərinə görə, qadınlar bir çox hallarda illər əvvəl boşandıqları keçmiş ərlərinin qurbanına çevrilir. Səbəb hamısında da demək olar ki, eynidir: keçmiş ər illər əvvəl rəsmən boşadığı keçmiş arvadının başqası ilə tanış olduğunu, yaxud evləndiyini öyrənib onu qısqanclıq zəminində öldürür: “Bu cür hallara dünyanın müxtəlif ölkələrində də rast gəlmək olar. Boşanmış da olsa, kişi elə zənn edir ki, bu qadın mənimdir və həyatını mən istədiyim kimi də idarə etməlidir. Bu da daha çox evladların anada qalması ilə bağlıdır. Kişilər övladının əxlaq norması pozulmuş qadının yanında qalmamasına görə, bu cür vəhşi üsullara da əl atırlar. Kişilər öz övladını saxlayıb, onu böyütmək və tərbiyəsi ilə məşğul olmadıqlarından bu məsuliyyətdən canlarını qurtarmağa çalışdıqlarından uşaq anada qalır. Uşağın anada qaldığı müddətdə isə onun ehtiyaclarının təmin olunması məsələsində kişi heç bir dəstək vermir, əksər vaxtlarda alimentdən də qaçırlar. Əlində heç bir peşəsi olmayan qadınların bəzən xoşagəlməz hərəkətlərə yol verdiyini də inkar etmirik. Odur ki, boşanmış qadınlar üçün reabilitasiya mərkəzləri yaradılmalı, qadınlar boşandıqdan dərhal sonra peşə kurslarına göndərilməli və iş yerləri ilə təmin olunmalıdırlar. İqtisadi cəhətdən qadınlar özlərini idarə edə bilsə, başqa yolla pul qazanmağa çalışmazlar”.

Mövcud durumun acınacaqlı olduğunu bildirən psixoloq Elman Cahangirli isə deyir ki, kişinin boşandıqdan sonra qadının həyatına müdaxilə etməsi psixopatiyadan başqa bir şey deyil: “Psixopat o şəxslərə deyirlər ki, nə özü yaşayır, nə də başqasını yaşamağa qoyur. Azərbaycan cəmiyyətində psixopatiyanın səviyyəsi günbəgün artmaqdadır. Mən elə halların şahidi olmuşam ki, cütlüklər boşanarkən ər arvadına şərt qoyur ki, boşandıqdan sonra ailə qura bilməzsən. Keçmiş ərlər tərəfindən törədilən qətllərin əksəriyyəti məhz boşanmadan sonrakı qısqanclıq səbəbindən baş verir. Halbuki həmin kişilər özləri yeni ailə qururlar, övlad sahibi olurlar, ancaq qadınlara bu haqqı tanımırlar. Azərbaycan kişilərində belə bir xüsusiyyət var ki, bu qadın mənimdirsə, boşandıqdan sonra belə, heç kim onunla münasibət qura bilməz. Ona görə də keçmiş həyat yoldaşlarını ömür boyu təqib edirlər. Bu cür cinayətlərin sayının az olması üçün polis orqanları güclü işləməlidir. Çünki belə hadisələr öncə təhdidlərlə başlayır. Əgər qadın polisə müraciət edirsə, onu mühafizə ilə təmin etmək lazımdır. Cinayət baş vermədən onun qarşısı alınmalıdır”.

Ekspertin sözlərinə görə, bir çox Azərbaycan kişilərində eqoizm hissi yüksək olduğundan onlar qadını özlərinə məxsus əşya kimi görürlər: “Bu, mənim şəxsi fikrimdir. Kişilərdə belə bir eqoizm var ki, “bu qadın mənə məxsusdur, boşandıqdan sonra belə, bu dəyişməyəcək”. Burada qadına bir şəxsiyyət kimi yox, əşya kimi yanaşmaqdan söhbət gedir. Bu, patoloji problemdir. Ancaq insanlar gedib, bundan müalicə olunmaq istəmirlər”.

Psixoloq qeyd edir ki, boşanmış cütlüklər arasındakı gərgin münasibətlər uşaqlara da çox pis təsir edir: “Əksər hallarda tərəflər bir-birinə qarşı düşmən münasibətdə olurlar. Uşaqları bir-birindən gizlədirlər, onları tərəf tutmağa məcbur edirlər. Bu da uşaqların psixologiyasını zədələyir. Xarici ölkələrdə isə vəziyyət belə deyil. İnsanların xasiyyəti uyğun gəlmirsə, boşanırlar, hər iki tərəf yeni ailə qurur, sonradan ailələr hətta dost olurlar. Uşaqlar da mehriban mühitdə böyüyürlər, atasına və ya anasına düşmən olmaq məcburiyyətində qalmırlar. Azərbaycanda isə boşananlar ömür boyu düşmən olurlar. Bu, Şərq xalqlarına məxsus bir xüsusiyyətdir. Xristian xalqları belə məsələlərdə daha tolerantdırlar. Azərbaycan cəmiyyətində isə bu, bir göstəricidir ki, ayrılan insanlar düşmən olmalıdırlar. Bu da psixopatiyadan irəli gəlir. Psixopatiya geniş yayılmış gizli bir xəstəlikdir və halbuki həmin insanlar cəmiyyətdə normal insanlar kimi qəbul olunurlar. Ancaq Azərbaycan cəmiyyətində psixopatiya partlamağa hazırlaşan bomba kimidir. Bu bomba partlayandan sonra insanlar yolda da bir-birini öldürəcəklər. Artıq bu istiqamətdə gedirik. Bu gün Bakıda bir qadının dayanacaqda durması belə, problemdir. Ona kimsə söz atır, kimsə “ilişir”. Bunlar bizim hər gün qarşılaşdığımız hallardır. Ancaq Avropada belə deyil, istədiyin saatda küçədə çox sakit gəzə bilərsən”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir