Son günlər məişət zəmnində kişi qətlləri haqda ard-arda bir neçə xəbərin yayılması bəlkə də müəyyən həyəcan siqnalı demək idi.
Bir neçə gün öncə Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Bundan öncə, Ağstafada da bənzər hadisə baş vermişdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il məişət zorakılığına məruzqalma faktına görə, Komitəyə müraciət edən kişilərin sayı 42 olub. Məişət zorakılığına məruz qalma ilə bağlı müraciət edənlər arasında qadınlar üstünlük təşkil edib. Bununla yanaşı, həm məişət zorakılığı faktına, həm də sırf özünün məişət zorakılığına məruz qaldığına görə müraciət edən kişilər var.
Maraqlıdır, məişət qurbanları arasında kişilərin çəkisi nə qədərdir, ümumiyyətlə, bu kimi hadisələrin baş vermə səbəbi nədir?
Məsələyə “Gencaile.az” saytı üçün münasibət bildirən sosioloq Mehriban Nəsib aşağıdakıları dedi:”Bildiyimiz kimi, məişət zorakılığı ailə-məişət zəminində olan zorakıqlara deyilir. Həm statistika, həm də müşahidələr onu göstərir ki, ölkəmizdə fiziki zorakılığı əsasən kişilər qaınlara və uşaqlara qarşı törədir. Nə qədər qəribə də olsa, Azərbaycanda kişilərə qarşı zorakılığa da rast gəlinir. Qadınlar tərəfindən törədilən fiziki zorakılıq faktları olsa da, bu çox az qisim təşkil edir. Məsəslən, araşdırmalara görə, məişət zorakılığı ilə bağlı müraciət edənlərin 42-si kişilərdir. Nəzərə alsaq ki, bu ancaq müraciət edənlərin sayıdır, rəqəmin bundan daha böyük olması ehtimalı vardır. Göründüyü kimi, məişət zorakılığına məruz qalan kişilər də var və onlar da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirlər. Əvvəllər Dövlət Komitəsinin müvafiq qaynar xəttinə yalnız qadınlar müraciət edirdi, indi onlarla yanaşı kişilər də müraciət edir. Kişilər hansı formalarda məişət zorakılığının qurbanı ola bilirlər?
Araşdıranda məlum olur ki, ölkəmizdə kişilər qadınlar tərəfindən əsasən psixoloji zorakılığa məruz qalırlar. Ekspertlər də qeyd edir ki, gənc ailələrdə bu cür hallar baş verməsə də qoca və xəstə kişilər qadınlar tərəfindən fiziki zorakılığa məruz qalırlar. Gənc ailələrdə demək olar ki, bu cür faktlar çox təsadüfi hallarda baş verir. O ki, qaldı kişilərə qarşı fiziki zorakılığa, bunu qadınlar əksər hallarda həyat yoldaçları və yaxud partnyorları ilə mübahisə zamanı özlərini müdafiə etmək məqsədi ilə edirlər.”
Mövzu ətrafında fikirlərini bildirən psixoloq Laçın Məhərrəm isə saytımıza açıqlamasında aşağıdakı fikirləri səsləndirdi: “Gender bərabərliyi fonunda bir cəmiyyətdə yaşamaq cinslərarası münasibətlərin də başqa cür tənzimlənməsi anlamına gəlir. Başqa sözlə, Azərbaycan cəmiyyətində, ailəsində mühafizəkarlıqla liberallığın savaşı gedir. Mühafiəzkar kişilər ailənin əvvəlki kimi idarə olunmasını tələb edirsə, liberallığın tərəfdarı olan xanımlar bunu qəbul etmir. Şübhəsiz ki, biz bunu bütün xanımlara aid edə bilmərik. Lakin müşahidə edirik ki, bu gün reallıq belədir. Karyera quran, təhsil alan qadın bütün məsələlərdə ən azı bərabərhüquqlu olmaq istəyir. Əvvəllər isə başqa cür idi, kişi işə gedib, qazanıb evə gətirirdi, qadın isə evdə oturub, evi idarə edirdi. Son sözü istənilən halda kişi deyirdi. Bu gün qadın həm işləyir, həm də evi idarə edir. Belə olan halda münasibət də başqa cür olur. Belə fikir ayrılıqlarının olması isə bəzən kişilərin zorakılığa məruz qalmasını şərtləndirir”
Təqdim etdi: FATEH