Statistikaya görə qız uşaqlarının sayı indiki dövrdə getdikcə azalır. Bəs bunun səbəbi nədir?
Azərbaycanda yeni doğulan körpələr arasında oğlanların sayı qızlara nisbətən 8 faiz çoxdur. Bunun səbəbi qız uşaqlarının daha çox abort edilməsidi. Normada hər doğulan 105 oğlan uşağına 100 qız düşməlidir, amma artıq kəskin fərq var, belə ki, son hesablamalara görə 112 oğlana 100 qız uşağı düşür. Azərbaycanda əhalinin 49 faizini kişilər, 51 faizini isə qadınlar təşkil edir. Yeni doğulan uşaqlar arasında isə əksinə nisbət oğlanların xeyrinədir. Statistikaya görə, bu ilin 3 ayı ərzində 40 minə yaxın uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, 46,2 faizi qızdır. Bu isə gələcəkdə ciddi demoqrafik problemlər yaradacaq.
Qadınlarımız bundan çox narahatdırlar. Bəzi kişilər qadınları təzyiq altında qoyaraq nəslini davamçısı kimi dünyaya oğlan uşağı gətirməyini istəyirlər.
Bu mövzuda adının çəkilməsini istəməyən bir xanım öz başına gələn hadisəni danışır:
O deyir ki, bir necə il öncə sevib-seçdiyi oğlanla ailə həyatı qurub.
“Çox xoşbəxt idim. Bir neçə aydan sonra ana olacağımı, bətnimdə kiçik bir körpə olduğunu öyrəndim. Xoşbəxtlikdən uçurdum. Amma bir tərəfdən də qorxurdum. Çünki yoldaşım övladımızın oğlan olmağını və nəslinin davamçısı olmağını istəyirdi.
3 aydan sonra aparatdan oğlum yox, qızım olacağını öyrəndim. Durmadan ağlayırdım. Heç nədən xəbəri olmayan körpəmi itirmək istəmirdim. Düşündüyüm kimi də oldu. Yoldaşım uşağın götürülməsini istədi. Mən isə buna razı olmadım. Övladıma nəsə olsa, özümü öldürəcəyimi dedim. Sanki, o sözdən sonra yoldaşım biraz sakitləşdi və ondan sonra körpəmin alınması barədə heç bir şey demədi. Nəhayət o gün gəldi. Qızım dünyaya göz açdı. Yoldaşım məni xəstəxanadan çıxarmağa belə gəlmədi. Və bundan sonra problemlərin ardı-arası kəsilmədi. Mənə qarşı çox soyuq idi. Bir evin içində varlığımı belə hiss etmirdi. Artıq qızımın 2 yaşı var, amma atası hələ bir dəfə də olsun onu qucağına alıb əzizləməyib. Öz sevgisini övladından əsirgəyir”. Bundan sonra isə oğlumuzun olmağına ümid edir”.
Qadının dedikləri… üç nöqtə ilə son qoyuram. Anlayan anladı.
Axı bir qadın nəyə görə qız dünyaya gətirdiyi üçün peşmanlıq duymalı və hörmətdən düşməlidir?
Onun günahı gələcəkdə ana olacaq qız uşağını dünyaya gətirməkmidir?