Məişət zorakılığı dedikdə, ilk növbədə uşaqlara, qadınlara qarşı edilən zorakılıq halları yada düşür. Ancaq kişilər də zorakılığa məruz qalır, döyülürmüş. Və bu, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə edilir.
Türkiyədə, İsveçrədə, Almaniyada zoraklığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Azərbaycanda dövlət tərəfindən belə sığınacaqlar yaradılmasa da, ayrı-ayrı QHT-lərin yaratdığı 10-a yaxın sığınacaq var. Amma bu sığınacaqlar təkcə kişilərin deyil, hamının yardımına yetişir.
“Kişilər üzləşdikləri zorakılıq faktlarını gizlədirlər”
ilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirir ki, kişilər də zorakılığa məruz qalır: “Ancaq bu, o demək deyil ki, kişilər yalnız qadınlar tərəfindən zorakılığa məruz qalırlar. Məişət zorakılığı ilə bağlı Məlumat Bankı var. Məlumat Bankı çərçivəsində Daxili İşlər Nazirliyinin, yerli icra hakimiyyətlərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq problemləri Üzrə Dövlət Komitəsinin, digər dövlət qurumlarının və qeyri-hökümət təşkilatlarının məlumatları yığılır. Eyni zamanda, məlumatlar sığınacaqlar və yardım mərkəzlərindən də ümumiləşdirilir. Həmin Məlumat Bankına əsasən, qurbanlar birbaşa müəyyənləşdirilir”.
Zorakılıq halları arasında daha çox fiziki zorakılıq halları müşahidə edilir. Fiziki zorakılıq çərçivəsində həm cinayət işinə, həm inzibati işə cəlb edilənlər olub. Kişilərə qarşı olan məişət zəminində zorakılıq halları daha çox böyük şəhərlərdə baş verir. Bakı, Gəncə, Şəki, Sumqayıt şəhərlərində kişilərə qarşı daha çox zorakılıq halları baş verir. Hazırda dövlət sığınacaqları yaradılmayıb, amma 2013-cü ildən bu günə qədər 10 QHT-nin sığınacaqları akkreditasiyadan keçib. Bu sığınacaqlar Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaradılıb. Düzdür, bu QHT-lərin işlərində, layihələrin keçirilməsində, yardımların göstərilməsində müəyyən problemlər var. Həmin sığınacaqlar hamı üçündür. Yəni, onlar yaşlılara, qadınlara, kişilərə, uşaqlara həm yardım edir, həm də sığınacaq verirlər. Ancaq kişilərin 99 faizi sığınacaq almaq üçün müarciət etmirlər” — şöbə müdiri vurğulayıb.
O, qeyd edir ki, kişilər istər psixoloji, istər fiziki zorakılığa məruz qalanda dövlət qurumlarına, yaxud hər hansı şəxsə müraciət etmirlər: “Bu da onunla bağlıdır ki, kişilər bu faktları daha çox gizlətməyə üstünlük verirlər. Çünki kişiyə qarşı zorakılıq halları cəmiyyət tərfindən birmənalı qarşılanmır və bəzi stereotiplərə görə, kişilər qarşılaşdıqları zorakılıq hallarını gizlətmək məcburiyyətində qalırlar. Belə də olur ki, zorakılıq nəticədində intihar həddinə çatdırma da müşahidə edilir”.
“Əzilmiş uşaq sindromu” yaşayan kişilər
Psixoloq Səbinə Bayramova bildirir ki, ümumiyyətlə 3 əsas zorakılıq növü var: “Fiziki, psixoloji və seksual zorakılıq. Kişilərin istər psixi, istər fiziki zorakılığa məruz qalmasını onların uşaqlıqda “əzilmiş uşaq sindromu” yaşaması ilə əlaqələndirmək olar. Belə ki, ailədə “qəddarlıq” zamanı valideynlərin uşaq üzərində hakimiyyət qurma təlabatı, hakimlik balansının pozulması kiimi problemlər uşaqları gələcək həyatında, cəmiyyətə “əzilən, tabe olan tip” halına gətirib çıxarır”.
Bayramova hesab edir ki, bütün bunlarla yanaşı, emosional sahədə pozuntulara rast gəlmək mümkündür: “Həmçinin, nevrotik sindromlar ətrafdakılarla qarşılıqlı münasibətlərin pozulması ilə bir vaxta təsadüf edir. Zorakılıq zamanı amansız rəftar göstərən tərəfin isə müxtəlif risk qruplarına aid uşaqlığı ola bilər”.
“Məsələn, asosial, narkoloji, psixopatoloji pozuntuları olan valideynlərin əhatəsində, kriminal davranış şəraitində yaşamış ola bilər, asosial davranışlı və sosial-pedaqoji cəhətdən baxımsız olan, məcburi tərbiyəvi təsirlərə ehtiyacı olan uşaqlıq keçirmiş ola bilər, eyni zamanda, xüsusilə çətin şəraitdə — qaçqın, məcburi köçkün ailələrdə, azyaşlı analarla uşaqlıq keçirmiş ola bilər. Zorakılıq qurbanları bu vəziyyətdən çıxa bilmək üçün mütəxəssisə müraciət edərək psixoterapevtik yardım almalıdırlar” — psixoloq əlavə edib.
Kişi qadın tərəfindən döyülürsə…
Hüquqşünas Tağı Hüseynov bildirir ki, əgər kişi qadın tərəfindən zorakılğa məruz qalırsa, o, kişi deyil, “kişicik”dir: “Çünki kişi güclü nəslin nümayəndəsidir. Əgər hansısa kişi deyirsə ki, mən qadın tərəfindən zorakılığa məruz qalmışam, deməli, onun kişiliyində problem var”.
Hüseynova görə, qanun qarşısında kişi və qadın eyni səviyyədə olduğu üçün cəzalandırma da eyni şəkildə həyata keçirilir: “Məişət zorakılığı zəminində zorakılıq göstərmiş qadın da mühakimə edilir. Yəni, baş vermiş zorakılığn dərəcəsindən asılı olaraq zorakılıq etmiş şəxs Cinayət Məsəlləsinin 125-134-cü maddələri ilə məsuliyyətə cəlb edilir”.
“Kişi qadın tərəfindən zorakılığa məruz qalmamalıdır və qalmırlar da. Bu, nadir hallarda baş verir və çox zaman da kişiliyində problem olanlar qadın tərəfindən zorakılığa məruz qalırlar” — hüquqşünas bildirib.
Zorakılığa məruz qalan kişi arvadını boşasın…
İlahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə isə, İslam dininin mənbələrində belə bir məsələyə rast gəlinməyib: “Bu, mümkün olan bir məsələ deyil. Çünki qadınlar fiziki baxımdan kişidən zəif olurlar. Həm çəki etibarı ilə, həm də digər məsələlərdə. Ancaq istisna hallar ola bilər ki, güclü qadınlar olsun”.
“İslam dini baxımıdan qadına belə bir hüquq verilmir ki, kişiyə əl qaldırsın. Əslində, “Qurani-Kərim”də itaətsizlik etdikdə kişiyə son mərhələdə qadına yüngülcə vurması əmr edilir. Bu isə son mərhələdə olur. Çünki birinci mərhələdə kişidən tələb edilir ki, həmin qadına nəsihət etsin, nəsihəti dinləmədikdə isə yataqdan ayırsan. Bu da qadın üçün bir cəza hesab edilir. Bunun da faydası olmadıqda, yüngülcə qadını vurmağa icazə verilir” — ilahiyyatçı deyir.
Ə. Həsənov qeyd edir ki, İslam hüququ dünyəvi hüquqla qarışdıqdan və dünyəvi qanunlar tətbiq olunduqdan sonra İslam hüququ baxımından da boşanma tələb etməyə icazə verilir: “Onda biz həmin ayələrdə olan tətbiqatı qadın üçün də deyə bilərik. Əgər bir halda ki, qadın güclüdür, qadın kişini döyə bilir, onda ilkin mərhələdə onu döyməsin. Allah “Qurani-Kərim”də bildirdiyi kimi, öncə nəsihət etsin, faydası olmadıqda yataqdan ayırsın, son anda yüngülcə döyə bilər”.
“Kişi isə qadının zorakılığından xilas olmaq üçün İslam hüququ baxımından qadını boşamaqda ixtiyar sahibidir. Mən qadınlar tərəfindən döyülən kişilərə heç zaman rast gəlməmişəm. Bəlkə də belə hallar var. Həmin kişi ixtiyar sahibidir və İslam hüququna görə elə qadını boşaya bilər” — o vurğulayır.