heyet

Kişilər qadınların biznes fəaliyyətinə niyə və necə mane olur?

Baxış sayı: 1. 262

Azərbaycanda qadınlar bölgələrdə əmək fəaliyyətinə cəlb olunsa da, işsiz qadınlar arasında regionların çəkisi yenə də böyükdür. Azərbaycan qadını əsasən təhsil və tibb sahəsində çalışır. Burada fəaliyyət göstərənlərin böyük hissəsi məhz qadınlardan ibarətdir. Amma bir sıra sahələr var ki, orada zərif cinsin nümayəndələri yox səviyyəsindədir. Azərbaycanda, xüsusən də biznesdə uğurlu karyera quran qadınlara rast gəlinmir.

Bu sahədə də uğur qazanan qadınlar olsa da, amma onların sayı barmaqla sayılacaq səviyyədədir desək, yanılmarıq. Təəssüf  ki, Azərbaycan cəmiyyətində hələ də mövcud olan müəyyən stereotiplər qadınların sahibkarlıqla məşğul olmasına maneələr yaradır. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da deyib ki, rayonlarda qadınlar biznes qurmalarında çalışsalar da, həyat yoldaşları tərəfindən qadağalar qoyulur.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin rəhbəri Ülkər Abdullayevanın sözlərinə görə, bu problemin kökündə Azərbaycan ailəsində, məişətində, cəmiyyətində qadına olan münasibət dayanır: “O baxımdan o fikirlə razı deyiləm ki, bəzi sahələrdə qadınların təmsil olunması daha uğurlu olur. Mən ümumiyyətlə hesab edirəm ki, istənilən sahədə qadınlar öz məharətlərini göstərə və lazımi uğura imza ata bilər. Bu yalnız hansısa toxuculuq və digər sektorla bağlı deyil. Hesab edirəm ki, bu, bütün sektorları əhatə edə bilər. Məsələn, dünya səviyyəsində yanaşsaq görərik ki, çox böyük qadın liderlər olub. Məsələn, dövlət başçısı, hərbi nazir, kosmonavt qadınlar olub. Bu heç də o demək deyil ki, qadınlar müəyyən sahələrdə uğurla iştirak edə bilər, digər sahələrdə isə yox. Ümumiyyətlə, qadınlar kişilərlə bərabər çiyin-çiyinə istənilən sahədə təmsil oluna və öz imzasını qoya bilər. Təbii ki, fiziki güc daha çox gərəkən yerlərdə qadınlar kişiləri üstələyə bilməz. Ümumilikdə götürəndə, istənilən sahədə qadınlar uğura imza ata bilər. İyirmi illik müstəqillik dövründə qadınların sahibkarlıqla fəal məşğul olmamasının səbəbi ailə və məişətdə onlara olan ikili yanaşmalarla bağlıdır. Həmişə Azərbaycan cəmiyyətində qadın o mənada ön plandadır ki, ailəni idarə edir, məişət məsələləri ilə məşğul olur, uşaq dünyaya gətirib tərbiyə edir və s. Bir növ ailəni çiyinlərində daşıyır. Ancaq bu, fəal şəkildə cəmiyyətə köçürülmür. Yəni öz əksini tapmır. Bunun da başlıca səbəbi ölkədə qadınlara olan ikili yanaşma ilə bağlıdır. Necə ola bilər ki, qadınlar ön plandadır, insanlar uşaqlarını həyat yoldaşına etibar edə bilir, ancaq digər sahələri yox? Məsələn, iş həyatında qadınların uğura imza atması ilə barışa bilmirlər. Hesab edirlər ki, qadın bu sahədə uğura nail ola bilməz. Bu tamamilə yanlış və səhv yanaşmadır”. Ü.Abdullayevanın sözlərinə görə, cəmiyyətdə bizneslə məşğul olan qadınların sayını artırmaq üçün bir sıra işlər aparılmalıdır.

Qadınların özlərinə xas müəyyən keyfiyyətlərinin olduğunu deyən Birlik rəhbərinin sözlərinə görə, həmin keyfiyyətlər kişilərdə yoxdur: “Xanımların səbrli, təmkinli olmaları və bəzən kişilərin görə bilmədiyi işləri bacarmaq qabiliyyətləri var. Qadınların ümumən bir sıra yaxşı keyfiyyətləri var və bunlardan istifadə etmək lazımdır. Bu keyfiyyətlərdən istifadə olunmamasının bir səbəbi sırf tənbəllik, inkişafa meyl göstərməmək və kişilərin qadınlara olan ikili yanaşması ilə bağlıdır. Məsələn, qızların ataları, qardaşları istəmir ki, onlar gedib hansısa sahədə işləsin, buraya öz töhfəsini versin. Deyirlər ki, qız uşağısan, otur evdə, ev işləri ilə məşğul ol və s. Ailədə qadınların bu cür ikinci planda təqdim olunması və onların özlərinin tənbəlliyi, heç bir sahədə fəaliyyətə cəhd etməməsi cəmiyyətdə belə bir rəy yaradır ki, qadın ikinci dərəcəli varlıq olduğundan, hər sahədə öz məharətini göstərə bilməz. Faktiki olaraq bizdə bu cür yanaşma var. O üzdən, bu cür yanaşmaları dəyişmək lazımdır”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu da hesab edir ki, kişilərin qadınların sahibkarlıq fəaliyyətinə mane olması günümüzün reallığıdır: “Təkcə, ərləri deyil, cəmiyyətdə onlara qarşı aqressiya var. Bir çox hallarda sahibkarlıqla məşğul olmaq istəyən qadınlara kredit vermirlər, ya da çox az miqdarda verirlər”. Biznesdə qadınlara qarşı ayrı-seçkilik olduğunu vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan qadını heç də biznesi kişilərdən az bilmir. Çünki hər şeydən əvvəl Azərbaycan qadını biznesin strukturunu evində qurub: “Cüzi bir məvaciblə həm bütün xərclərini ödəyir, həm də həmin puldan uşaqlarının gələcəyi üçün bir az kənara atır. Qadının ailənin bütün yükünü üzərinə götürdüyünə əsasən deyə bilərəm ki, biznes qadının qanındadır. Heç kəs qadınların biznesi bacarmadığı iddiasını irəli sürə bilməz. Ev xərclərini qənaətlə xərclədiyi kimi biznes sahəsində də kifayət qədər uğurlu nəticələr əldə edə bilər”.

 

Şəymən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir