aabuyuk

Kişilər və kölgədə qalan kişilik anlayışı

Baxış sayı: 316

Kişilik, mövcud cəmiyyətə və dövrə görə dəyişə bilən sosial anlayışdır. Bəzi cəmiyyətlərdə kişi olmaq normativ reallıq kimi qəbul edilib, bəzi cəmiyyətlərdə isə bunun o qədər də qeyri-adiliyi yoxdur. Son 15-20 ilin dünya reallığında isə gender tədqiqatları da əsasən qadınlara yönəldiyindən kişilər ikinci plana atılıb. Bütün gender proqramları qadınların cəmiyyətdəki mövqeyinə yönəldilir, kişilərin vəziyyəti, problemləri və ya yaratdıqları problemlər unudulur. Sanki xüsusi bir qüvvə kişilərin cins kimi sıxışdırılmasına, qadının dominant olmasına xidmət edir.

Ailədə zorakılıq hallarında danışanda zorakılığı birmənalı olaraq kişilərin tətbiq etdiyini düşünürük. Bir çox hallarda da məhz o cür olur. Biz də daxil olmaqla bir çox cəmiyyətdə zorakılıq və kişilik arasındakı əlaqə, bu davranışın kişiliyin sübutu kimi qələmə verilir. Kişilik ideologiyasının zəifləyəcəyi və ya hegemon xarakterini itirəcəyi qorxusu zorakılıq tətbiq etdirir desək, yanılmarıq. Kişilər öz gücünü sübut etmək, ailədə dominantlığını sabit saxlamaq üçün zorakılığı bir vasitə kimi görür.

Kişilik artıq uzun illərdir ki, sosial araşdırmalarda araşdırılmayan, ictimai mövzularda toxunulmayan, müzakirə edilməyən qavram olub. Gender tədqiqatları daha çox qadınlar üzərində cəmlənir, daha çox qadın hüquqları müdafiə edilir, halbuki gender bərabərliyi və haqları hər iki cinsin üzərində eyni dərəcədə təmin edilməlidir. Qadınların tarixən zorakılıq görməsə belə cəmiyyətdə “qurban” mövqeyində olması, kişilərin güclü olması səbəbi ilə istər-istəməz zorakılıq göstərən tərəf kimi qələmə verilməsi normallaşdırılıb.

Etiraf etmək lazımdır ki, qadın problemlərinin aktuallığı da genderlə bağlı araşdırmaların daha çox qadınlara istiqamətlənməsinə səbəb olur. Bir çox ölkədə də məhz bu səbəbdən kişilərə dair əsaslı sosial araşdırmalar yoxdur. Olmamasında səbəb də kişilik xarakteri ilə bağlıdır, kişilər problemlərinin müzakirə edilməsini istəmir adətən. Axı bir çox cəmiyyətdə kişilik həmişə güclü, əyilməz simaları təcəssüm etdirir, onların zorakılığa məruz qalması, haqlarının pozulması kimi vəziyyətləri etiraf etmələri asan deyil.

Əgər tarixi prizmadan qiymətləndirsək, kişilər “əsl kişi” sayılmaq üçün çox qurban veriblər deyə bilərik. Onlar bir çox hallarda həyatlarını riskə atmaq bahasına möhkəmliyini, yenlməzliyini sübut etməyə çalışıblar və bu baxımdan “kişilik nədir?”, “kimə kişi deyirlər?” kimi suallar həmişə gündəmdə olub. Lakin kişilik konsepsiyasına aydın və dəqiq tərif vermək çox çətindir. Çünki kişilik anlayışı ön plana çıxdıqda, bu, kişilərin “təbii” vərdişləri və davranış nümunələri ilə bağlı olur. Bəzi kişilər zorakığılığı əsl kişilik hesab edir, bəzi kişilər ədaləti, bəzi kişilər isə doğruluğu. Ümumilikdə kişilik anlayışı hər fərddə fərqli asossasiya yaratsa da, nəticədə əsl kişilik xarakterinin yolu eyni yerdən keçir.

Cəmiyyət unudur ki, gender anlayışı təkcə qadınların yox, həm də kişilərin haqlarının müdafiəsi, bərəbərliyinin təminatı deməkdir. Etiraf etməsələ də bəzən onlar da döyülür, söyülür, təhqir edilir. Bir neçə ildir ki, statistik məlumatlarda kişilərin zorakılıq qurbanları olması ilə bağlı rəqəmlər də əks olunur. Bu ilin ilk 7 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860 Dəstək Xətti”nə məişət zorakılığına məruz qalan 25 kişi müraciət edib. “Dəstək Xətti”nə müraciət edən qadınların sayı isə 303 olub.

Kişilərə qarşı zorakılıq kişilərə və ya oğlan uşaqlarına qarşı edilən zorakılıqdır. Ümumiyyətlə, kişilər tez-tez həm zorakılığın qurbanı, həm də zorakılığı tətbiq edən olurlar. Kişilərə qarşı cinsi zorakılığa əksər cəmiyyətlərdə qadınlara qarşı zorakılıqdan fərqli yanaşılır və beynəlxalq hüquq tərəfindən böyük ölçüdə tanınmır. Lakin kişilərin qadınlar tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması qəbul edilir. Kişilərə qarşı zorakılıq həm kişilər, həm də qadınlar tərəfindən törədilsə də, ABŞ Ədliyyə Statistikası Bürosunun məlumatlarına görə, kişilərin kişiləri öldürdüyü qətllər ümumi qətllərin 65,3%-ni təşkil edir.

Adətən kişilər ailədə zorakılıq gördüyünü etiraf etmirlər, çünki bu, ətrafın stiqmasına səbəb olur. Amma bəzən də olur ki, bəzi kişilər artıq ətrafda hər kəs bildiyi üçün həyat yoldaşı tərəfindən döyüldüyünü etiraf edir. Əksər vaxtlarda kişilər potensial zorakılıq tətbiq edən hesab edilir. Bunu biz qadınlar əsasən, bioloji olaraq daha güclü olmaları ilə yozuruq. Bəzi hallarda kişilər ailədə daha çox “rəis”lik etmək və hər şeyi öz nəzarəti altına almaq istədikləri üçün zorakılıq tətbiq edirlər. Bəzi hallarda isə qazdıqları quyuya özləri düşürlər. Yəni onların hegemonluq istəyi özlərinin zorakılığa məruz qalmasına yol açır. Kişinin “rəis”liyindən, davranışlarından bezən qadın da ona eynilə davranır. Necə deyərlər, daş qayaya rast gəlir.

Kişilərin zorakılıq görməsinin başqa səbəblər də var, maddi vəziyyətin zəif olması, psixoloji vəziyyət, həyatından narazı olması və s. Bizim cəmiyyətdə əvvəllər kişinin zorakılığa məruz qalması nadir müşahidə edilsə də, artıq sıradan, adi bir haldır. Düzdür, onlar qadınlar kimi döyülmür, işgəncəyə məruz qalmır, daha çox mənəvi zorakılığa məruz qalırlar. Amma zorakılıq elə zorakılıqdır, fiziki, mənəvi, psixoloji, iqtisadi – hansı cür olursa olsun. Zorakılığa məruz qalan da, zorakılığı tətbiq edən də kim olursa olsun, hansı cinsdən olursa olsun, qınanılmalı, stiqmaya məruz qoyulmalıdır.

Ümumən, kişi hökmranlığının qadınlarla yanaşı, kişilərə də zərər verdiyi və onların bədbəxt olmasına səbəb olduğu gün kimi aydındır. Kişilər bunu etiraf etmək istəməsələr də əslində fərqindədirlər ki, cəmiyyətdə kişiliyin hökmranlığı onların özündə də baha başa gəlir. Həmişə güclü görünmək iddiası, hər şeyi öhdələrinə çəkmələri, hər işi əllərində cəmləmələri, bir sözlə hegemonluq onları yorur. Əslində, kişilər özləri hegemonluq iddiasında olmurlar, lakin tabulaşmış kişilik xarakterinin diqtəsi ilə davranırlar. Hətta bir çox kişi qadınlara qarşı etdiyi zorakılığın heç də doğru olmadığını daxilən hiss edirlər, lakin ətrafın kişilik standartları və stiqması onları bu yola itələyir.

19 noyabr Ümumdünya Kişilər Günüdür. Bu günün təsis edilməsində məqsəd kişilərin sağlamlığı və rifahına diqqət yetirmək, cəmiyyətdə gender bərabərliyini stabilləşdirmək, kişilərin cəmiyyətdəki rolunu müsbət yöndə inkişaf etdirmək və ən əsası, ideal kişi obrazının yaradılmasına nail olmaqdır. Maraqlıdır, ideal kişi obrazı necə olur və dünya ölkələri o obrazı mövcud edə bilibmi?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir