Təhsil almaq, sosiallaşmaq, inkişaf etmək – bu günün ən əsas tələbləridir. Hər insan da təhsil aldığı sahə üzrə çalışmaq istəyir. Xüsusilə də, xanımlar karyera qurmağa, iş həyatına atılmağa daha çox həvəs göstərirlər. Amma bəzən bu istəklər elə arzu olaraq qalır. Çünki ailə qurduqdan sonra bəzi kişilər xanımlarının işləməyinə razı olmur, onların sadəcə, məişət işləri ilə məşğul olmalarını münasib görürlər. Bu dəfə qarşı cinsdən xanımların işləməsinə münasibətlərini öyrəndik.
Xanımın sevdiyi işlə məşğul olmasında problem yoxdur
Elmar Allahverdiyev – direktor müavini
Elmar deyir ki, savadlı xanım həm də savadlı ailə başçısıdır: “Məncə, xanımların çox ağır iş şəraitində işləmələri düzgün deyil. Bu onların səhhətinə, həyat tərzlərinə mənfi təsir edir. Çünki xanımlar nə qədər güclü olsalar da, bir o qədər zərif və incədirlər. Amma yaxşı iş şəraitində niyə də işləməsinlər? Xanımının işləməsi ilk olaraq kişinin özünə lazımdır. Ona görə ki, işləyən xanımlar işləməyənlərə nisbətən daha savadlı, sosial, baxımlı, dünyagörüşlü, intellektual olurlar. Savadlı xanım, həmçinin savadlı ailə başçısı və tərbiyəçidir”.
Müsahibimiz bildirir ki, xanımın sevdiyi işlə məşğul olmasında, faydalı sahədə özünü sınamasında heç bir problem yoxdur: “İstənilən peşə sahəsində xanımlar var. Amma daha çox elm, təhsil, səhiyyə sahəsində işləməyə üstünlük verirlər. Amma yenə də bu balans pozulmalı deyil. Məsələn, son dövrlər bir tendensiya hökm sürür. Məktəbdə xanım müəllimlərlə kişi müəllimlər arasında kəskin balans pozulması var. Məncə, bu, mənfi haldır. Bütün məktəb xanımlardan ibarət ola bilməz. Bu, yetişən gənc nəslin tərbiyəsində, dünyagörüşündə öz mənfi izini buraxır. Məsələn, oğlan uşaqları kişi müəllimlərin də tərbiyəsini götürməlidirlər. Unutmamalıyıq ki, uşaqlar müəllimlərini ideal olaraq seçirlər. Yəni, istənilən peşə sahəsində həm qadın, həm də kişi işləyə bilər. Düşünürəm ki, xanım ailəni saxlamaq üçün yox, maaşını özünə sərf etmək üçün qazanmalıdır”.
Təhsil alsın, amma işləmək olmaz
Elgün Abdullazadə – tələbə
Elgün deyir ki, qadının işləməsinə müsbət baxmır: “Xanım gərək evdə oturub uşaqları ilə məşğul olsun. Tutaq ki, həyat yoldaşım və mən səhər tezdən evdən çıxıb, axşam qayıdırıq. Bəs uşaqlara kim baxacaq, evin yeməyini kim bişirəcək? İndiki dövrdə onsuz da iş həyatı çox yorucudur. İşə gedib-gələn qadının o yorğunluqla evdə məişət işləri ilə məşğul olmasını gözləmək insafsızlıq olar. Qadının ali təhsil almağına pis baxmıram. Təhsil alsın, amma işləmək olmaz. İşləsə də, bəlkə bir neçə ildən sonra olar. Və ya xanım hələ subaydırsa, ailə qayğısı yoxdursa, işləyə bilər. Amma evli xanımın həm işləməsi, həm də ailənin problemləri ilə məşğul olması çətin olur. Uşaq ananın tərbiyəsi ilə böyüməlidir. Səhər gedib, axşam işdən gələn qadın uşaqlara çox vaxt ayıra bilmir. Onlarla yetərincə zaman keçirmir. Bu isə uşaqların davranışına, tərbiyəsinə, özlərini aparma qaydalarına mənfi təsir edir”.
Müsahibimiz xanımının dərzi işləməsinin uyğun olduğunu deyir: “Əslində başa düşürəm, qadınların da işləmək hüququ var. Onlar da ailə üçün nələrsə etmək istəyirlər. Amma indiki dövr üçün şərtlər çətindir. Əgər işləmək istəyirsə, məsələn, dərzi kimi çalışa bilər. Çünki bu işi evdən, heç yerə getmədən görə bilər. Həm ev işləri ilə məşğul olar, həm də istədiyi işi görər. Həmçinin uşaqlar da nəzarətsiz qalmaz”.
Həyat yoldaşımın işləməsinə icazə verə bilmərəm
Emin Nemətzadə – Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş mütəxəssisi
Emin bildirir ki, statistika boşanmaların sayının artdığını göstərir və bir çox boşanmaların səbəbi də qısqanclıqdır: “Bu gün cəmiyyət çox korlanıb, çətin zamanda yaşayırıq. Belə bir şəraitdə həyat yoldaşımın işləməsinə icazə verə bilmərəm. Bu məsələdə bir az da onun ixtisasının rolu böyükdür. Belə ki, əgər müəllimə, uşaq həkimi olsaydı, işləyə bilərdi. Buna bir etirazım olmazdı. Amma elə sahələr var ki, həmin sahədə işləməsinə razı olmaram. Çünki özüm də iş adamıyam, indiki vəziyyətdən, iş mühitindən xəbərim var. Lap qısqanclığı qoyaq bir kənara, bəs uşaqlar? Ailəli qadın uşağına baxsın. Həmcinslərim qadının işləməyinə müsbət baxa bilər. Bəlkə də bir çoxu özlərini müasir düşüncəli göstərmək üçün cəmiyyət içərisində elə deyir. Ancaq həqiqətdə başqa cür hərəkət edirlər. Mənim həyat yoldaşım menecment üzrə ali təhsil alıb. Və bu da çox yaxşı haldır. Uşaqların inkişafında ananın ali təhsilli olması vacibdir. Amma təəssüf ki, yoldaşıma öz peşəsi üzrə işləməyə icazə vermirəm”.
Həmsöhbətimiz bu məsələdə qadının peşəsinin böyük rol oynadığını deyir: “Xanım sənət seçimini məntiqlə, düzgün etməlidir. Elə bir sahə seçməlidir ki, ona işləmək üçün qadağa qoyulmasın. Həyat yoldaşı deməsin ki, işləmək olmaz. İşdə qadına münasibətlər də başqa cür olur. Müəllimə olsaydı, özüm onun üçün hər cür şərait yaradırdım ki, işləsin. Bizdə işdə xanımlar deyirlər ki, heyf deyil, evdə oturub ər çörəyi yemək. Yəni, belə xanımlar da var”. (Kaspi.az)