“Daily Mail” qəzeti kişi və qadınların yuxuları ilə bağlı aparılan bir araşdırmanın nəticələrini açıqlayıb.
Araşdırmanın yekunlarına görə, qadınlar yuxularında daha çox ailələrini, sevgililərini, uşaqlarını gördükləri halda, hər dörd kişidən biri yuxusunda köhnə sevgilisini görür. 2000 ingilisin iştirak etdiyi anket sorğuya əsasən, yuxusunda köhnə sevgilisini gördüyünü deyən kişilərin 85 faizi hazırkı münasibətlərindən razı deyillər.
Sorğu nəticəsində məlum olan maraqlı faktlardan biri də odur ki, kişilər yuxularında həyat yoldaşlarından, sevgililərindən daha çox başqa qadınları görürlər. Üstəlik bu qadınlar sırasına onların köhnə sevgililərindən əlavə iş yoldaşları, həmişə getdikləri kafedə, mağazada işləyən o cazibədar qadın, hətta qaynanaları, baldızları da daxildir.
Bunun əksinə olaraq qadınlar arasında keçirilən sorğu nəticəsində isə məlum olub ki, onların böyük əksəriyyəti yuxusunda daha çox sevgililərini, həyat yoldaşlarını, onların ailəsini və uşaqlarını görürlər. Lakin qadınların 20 faizi çox hallarda yuxuda heç vaxt qarşılaşmadıqları insanları gördüklərini də bildiriblər. Amma kişilərdən fərqli olaraq qadınların yuxuda gördüyü bu insanlar heç də həmişə qarşı cinsin nümayəndələri olmur.