Ginekomastiya – yunan sözüdür, “gyne” qadın, “mastos” süd vəzi kəlimələrinin birləşməsindən əmələ gəlib.
Endokrinologiyada ginekomastiya termini altında kişilərdə döş vəzilərinin birinin və ya hər ikisinin böyüməsi ilə xarakterizə olunan patoloji hal anlaşılır. Döş vəzlərinin ölçüsü 1 sm-dən 10 sm-ə qədər böyüyə və böyümə ilə yanaşı toxumada bərkimə, toxunma zamanı ağrı əlamətləri yarana bilər. Yeniyetmələrin yarısında, cavan kişilərin 50, yaşlıların 60 faizində ginekomastiyaya rast gəlinir, fiziki diskomfortla yanaşı bir sıra psixoloji sıxıntılar da meydana gəlir.
Kişilərdə ginekomastiya iki cür olur: həqiqi (fizioloji) və yalançı (psevdoginekomastiya). Normal halda kişilərin döş vəzi rudiment orqan olub az miqdarda vəz və piy toxumalarından ibarətdir. Ona görə də ona qadınlarda olduğu kimi süd vəzi deyil, döş vəzi deyilir. Həqiqi ginekomastiya zamanı vəzili toxumalar artdığı halda psevdoginekomastiyada orqanizmin ümumi piylənməsi nəticəsində döş vəzilərində piy toxumasının çoxalması müşahidə edilir.
Bəzi yaş dövrlərinə ginekomastiyanın inkişafı daha xarakterikdir:
– Yenidoğulmuş körpələrin 90 faizində aşkarlanan ginekomastiyanın səbəbi bətndaxili inkişaf dövründə ananın estrogenlərinin dölün orqanizmə təsiridir və körpə həyatının ilk aylarında çəkilir.
– Yeniyetmələrin ginekomastiyası pubertat yaşda olan oğlanların yarısında izlənir, orqanizmin hormonal yenidənqurması və qadın cinsi hormonlarının miqdarının androgenlərə nəzərən çoxluğu ilə izah olunur və cinsi formalaşma başa çatmağa yaxın reqressiyaya uğrayır.
– Ginekomastiya 55-80 yaş arası kişilərdə testosteronun ifrazının azalması və estrogenlərin nisbi olaraq artması zamanı yaranır.
Səbəbləri
Döş vəzilərinin böyüməsi hipofizin prolaktin hormonunun və estrogenlərin təsiri nəticəsində baş verir. Kişi orqanizmində normada 0,001%-dən çox olmayaraq estrogenlər olur. Hormonal balansın estrogenlərin artması istiqamətində dəyişməsi testosteronun nisbi olaraq azalması və toxumaların ona qarşı həssaslığının zəifləməsinə səbəb olur. Həmin disbalans hipofiz, böyrəküstü və mədəaltı vəz şişlərində, prostat adenomasında və Addison xəstəliyində yaranır. Həqiqi ginekomastiya maddələr mübadiləsinin pozulması ilə gedən bəzi xəstəliklərdə – diffuz toksiki zob, şəkərli diabet, piylənmə, infeksiya və intoksikasiyalarda, steroid və sitostatik praparatların qəbulu zamanı inkişaf edir. Nadir hallarda kortikosteroid preparatların, antidepressantların, narkotik maddələrin və alkoqolun qəbulu da ginekomastiyanın yaranmasına səbəb olur.
Qanda estrogenlərin artmasına səbəb olan amillər arasında:
– bəzi xəstəliklərin, məsələn, prostat vəz xərçənginin müalicəsi zamanı estrogen tərkibli preparatların istifadəsi;
– xayaların Leydiq hüceyrələrinin xərçəngi zamanı həmin hüceyrələrin ifraz etdiyi estradiolun qadın və kişi cinsi hormonları arasında balansı pozması;
– qadın cinsi hormonları ifraz edən böyrəküstü vəz şişləri;
– xəstədə insan xorionik qonadotropini ifraz edən şişin yaranması.
Qanda testosteronun azalması da estrogenlərin nisbi artımına və ginekomastiyanın əmələ gəlməsinə gətirib çıxarır. Testosteronun azalmasının səbəbləri:
– yaşlanma dövründə cinsi funksiyanın zəifləməsi;
– birincili hipoqonadizm, məsələn, Klaynfelter sindromu zamanı cinsi funksiyaların anadangəlmə pozulması;
– xəstələrin uzun müddət qida məhdudiyyətindən sonra intensiv qidalanması;
– böyrəklərin xroniki çatışmazlığı zamanı mütəmadi hemodializin aparılması;
– qaraciyər funksiyasının çatışmazlığı və fermentativ aktivliyinin azalması nəticəsində kişi cinsi hormonlarının natamam parçalanması və estrogenlərə çevrilməsi;
– tireotoksikoz;
– insan immunodefisit virusu ilə yoluxma.
İnkişaf mərhələləri
Ginekomastiyanın inkişafı üç mərhələdə gedir. Başlanğıc mərhələ – 4-5 ay davam edir, düzgün müalicə nəticəsində proses geriyə dönə bilir. Aralıq mərhələ – 4 aydan 12 aya qədər davam edir, həmin müddətdə vəzin toxuması yetişir və həcmi artır, dəyişikliklər reqressə uğramır. Fibroz mərhələ – yetkin birləşdirici toxumanın inkişafı və vəzin toxuması ətrafına piylərin toplanması gedir, prosesin geri sorulması praktik olaraq mümkün olmur.
Əlamətləri
Ginekomastiyada kişilərin döş vəziləri 150 qrama qədər böyüyə bilir, ümumi hipertrofiya ilə yanaşı areola və vəzin giləsi də böyüyür və kəskin piqmentləşir. Bir sıra hallarda xəstələr vəzdən ifrazat olmasından, paltar geyinərkən yaranan həssaslıq və ağrıdan şikayət edirlər. Proses hormonal şişlər fonunda yarananda döş vəziləri çox sürətlə böyüyür, təzyiq hissi və güclü ağrılar müşahidə olunur. Xüsusilə prolaktin hormonunun artması fonunda yaranan ginekomastiya zamanı kişidə cinsi aktivliyin azalması, spermada hərəkətli spermatozoidlərin sayının azalması və mərkəzi sinir sisteminin zədələnməsini göstərən əlamətlər aşkar olunur.
Müalicə
Çox vaxt ginekomastiyanın fizioloji növləri müalicə tələb etmir və öz-özünə keçib gedir. Yeniyetmələrdə isə əsasən cinsi inkişaf başlayandan 2-3 ay sonra geriyə sorulur.
Patoloji ginekomastiyanın müalicəsində səbəb olan əsas xəstəliyi sağaltmaqla prosesi geriyə döndərmək olur. Orqanizmdə estrogenlərin miqdarını azaltmaq və hormonal balansı tənzimləmək üçün testosteron preparatları və ya estrogenlərin döş vəzinə təsirini blokada edən preparatlar təyin olunur. Eyni zamanda xəstəyə təbii sakitləşdirici preparatlar da təyin olunur. Damotu, pişikotu və pion bitkilərinin dəmləmələri, yaxud bitki kompleksi əsasında hazırlanmış Sedativ çay, Nat-Sedativ kapsulu və Nevronat şərbətindən istifadə etmək məsləhətdir.
Döş vəzinin cərrahi yolla çıxarılması əsas xəstəlik müalicə olandan sonra aparılır və ölçüsü 5 sm-dən böyük olan vəzlər çıxarılır.
Yalançı ginekomastiyada isə müalicəyə bədən çəkisini azaltmaqla başlanılır. Qida rejiminə fikir vermək, meyvə-tərəvəzlərə, süd məhsullarına üstünlük vermək tövsiyə olunur.