siqaret

Kişilər diqqətlə oxusun!

Baxış sayı: 1. 633

Siqaret asılılığından xilas olmaq çox çətin ola bilər. Aludəçi olan hər kəs həyatında heç olmasa, bir dəfə onu tərgitməyə cəhd göstərdiyini deyir. Ancaq hamısı bir müddət sonra yenidən başlayır.

Səbəb isə mübahisəsizdir: siqaret çəkənlər onu dost, sirdaş kimi qəbul edir. Bu cür insanlar həyatda qarşılaşdıqları bütün müsbət və ya mənfi hadisələri siqaretlə bölüşürlər. Üstəlik, ona mahnılar da həsr olunur.

Tənəffüs orqanları xəstəlikləri mütəxəssisi həkim Bahri Temuray siqaretlə bağlı maraqlı açıqlamalar verib. O, siqaretin dost deyil, düşmən olduğunu və sağlamlığa səssiz-səmirsiz təsir etdiyini bildirib.

Siqareti tərgitdikdən sonra bədən zamanla nikotinin zəhərindən təmizlənir. Doktor Temuray siqareti tərgitdikdən sonrakı ilk 20 dəqiqədən 15 ilə qədərki zaman ərzində bədəndə meydana gələn müsbət dəyişiklikləri izah edib.

Siqaret çəkənlər ən çox məhdudiyyətlər dövründən qorxur

Doktor Temuray siqareti tərgitməkdən çox onu tərgitməyə qərar vermə mərhələsinin çətin olduğunu bildirib:

“Ən çətin məqam qərarvermə anıdır. Kişiləri daha çox məhdudiyyət dövrü narahat edir. Ancaq bu qadağa ömür boyu davam edən bir proses deyil. Qərarlı olduqda məhdudiyyətlərin və qadağaların öhdəsindən gəlmək daha asan olur. Gündəlik şərtlərdən və hadisələrin gedişatından asılı olmayaraq, onu tərgitdikdən sonra bir dənə də olsa, yandırmayın.  Bu, siqareti tərgitməyin birinci qaydasıdır. Çünki bu zaman beyin siqaretin dadını və insana verdiyi hissi yenidən qəbul edir”.

Siqaret bir çox əhəmiyyətli xəstəliyin səbəbidir

Siqaret xərçəng, ürək və ağciyər xəstəlikləri başda olmaqla bir çox sağlamlıq probleminin əsas səbəblərindən biridir. Dünyada hər il 5 milyon insanı məhz tütün öldürür. B. Temuray bu rəqəmin 2030-cu ildə 240 minə çatacağı barədə hesablamalar olduğunu da qeyd edib. Onun fikrincə, ağciyər xərçəngindən dünyasını dəyişən insan ölümlərinin 90 faizinin əsas səbəbinin siqaret olduğunu vurğulayıb. Xroniki bronxit və astma kimi nəfəs darlığı və tənəffüs sistemi xəstəliklərinin ən mühüm səbəbi də siqaretdir. Bu xəstəliklərin ölümlə nəticələnmə göstəricisi də məhz siqaretdən asılıdır. Belə ki, ölənlərin arasında siqaret çəkənlər çəkməyənlərlə müqayisədə 40 dəfə çoxdur.

Bundan başqa, siqaret qan dövranı və damarlara mənfi təsir edərək beyin damarı xəstəlikləri və iflic olma riskini də artırır.

Siqaret hansı xəstəliklərin əmələ gəlmə riskini artırır?

Siqaret: ağciyər başda olmaq üzrə, boğaz, prostat, diş əti ağız, sidik kisəsinin, yemək borusu, dil, mədəaltı vəzi, badamcıq vəzisi və uşaqlıq ağzı xərçəng xəstəliklərinin əmələ gəlmə riskini artır. Həmçinin kişilərdə də gücsüzlük, iflic, xora, xroniki bronxit, ayaq damar xəstəlikləri, infarkt, sonsuzluq və başqa xəstəliklərə səbəb olur.

Doğulmadan siqaret çəkən uşaqlar

Siqaret hamilə qadınlarda hamiləliyin pozulmasına səbəb olur, erkən doğuş riskini artırır, uşaqların az çəkili doğulmasına səbəb olur və körpələrdə ani ölüm riskini 6 dəfə artırır. Hamiləlik dövründə siqaret çəkənlərin övladlarının zəka səviyyəsi aşağı olur, davranışlarında anormallıqlar müşahidə olunur.

Doktor Temuray bu qənaətdədir ki, 35 yaşından daha əvvəl siqareti atanlarda erkən ölüm riski demək olar ki yox olur:

“Siqaret çəkənlərin ağciyər xərçənginə tutulma riski neçə il və nə qədər siqaret çəkdiklərindən asılı olaraq dəyişir. 20 ildən çox siqaret çəkənlərdə risk getdikcə artır. 20 ildən çox siqaret çəkənlərdə risk səviyyəsini azaltmaq çox çətindir və demək olar ki, mümkün olmur. Ancaq çəkməyə davam edərlərsə, hər il bu risk daha artır.

Siqareti tərgitmə mərhələsində bədəndə nə kimi dəyişikliklər meydana gəlir?

Siqareti atmağa qərar verdiyin ilk 20 dəqiqədə qan təzyiqi və nəbz normallaşır, əl və ayaqda qan dövranı yaxşılaşır.

8 saatdan sonra qanda oksigen səviyyəsi qaydasına düşür, infarkt keçirmə riski azalır.

24 saatdan sonra bədən karbonmonoksiddən təmizlənir.

48 saatdan sonra qandakı nikotin səviyyəsi azalır, dad və qoxu duyğusu artır, xora xəstələrinin müalicəsi yaxşı effekt verir.

72 saatdan sonra tənəffüs yolları yaxşılaşaraq öz funksiyasını yerinə yetirməyə başladığından sekresiya miqdarı artır, tənəffüs yolları özü-özünü təmizləməyə çalışır.

2-12 həftə sonra bütün bədəndəki qan dövranı yaxşılaşır, tənəffüs yolu infeksiyalarına yoluxma riski azalır, yeriyərkən yorğunluq hiss olunmur.

3-9 aydan sonra öskürək, qısa fasilələrlə nəfəs alıb vermək və xırıltılı, ya da fit səsli nəfəs alıb vermək kimi tənəffüs yolu problemləri düzəlir, ağciyər funksiyaları yaxşılaşır.

12 ay sonra ürək xəstəliyi riski yarı yarıya azalır.

12-36 ay sonra sidik kisəsinin xərçəngi riski 50 faiz azalır.

5 ildən sonra infarkt riski, yemək borusu və ağız boşluğunda xərçəng xəstəlikləri riski 50 faiz azalır.

10-15 il sonra ağciyər xərçəngi riski 50 faiz azalır.

Siqareti tərgitmək sosial həyata da müsbət təsir göstərir

Ümumi sağlamlıq baxımından meydana gələn yaxşılaşmalardan başqa siqareti atmaq sosial həyatda da müsbət dəyişiklərə səbəb olur. Doktor Temuray “Əvvəlcə dad bilmə qabiliyyəti artır, iybilmə duyğusu inkişaf edir. Ev, avtomobil kimi qapalı mühitdə nəfəs alınan hava daha təmiz gəlir. Ailə daxilində körpə və uşaqların siqaretdən əziyyət çəkməsinin qarşısı alınmış olur. Siqareti tərgitmək cinsi həyata da müsbət istiqamətdə təsir edir. Bununla yanaşı, asılılığın yaratdığı stress, narahatlıq aradan qalxır və insan özünü fiziki olaraq daha gümrah hiss edir” – deyib.

Müalicə üsulları var

Siqareti tərgitmək üçün iradəli olun və onun zərərlərini deyil, sizə heç bir faydası olmadığını düşünün. Bunu dərk etdikdə onu atmaq daha asan olacaq. Ancaq bu asılılıqdan xilas olmaq üçün uzun müddət kömək almaq lazım ola bilər. Odur ki, Doktor B. Temuray siqareti atmaq mərhələsində müxtəlif müalicə yolları olduğunu qeyd edib.

Dərman müalicəsi: Bəzi insanlar asılılıqla yanaşı, siqaretə genetik olaraq da meylli olurlar. Belə olan halda siqareti tərgitmək onlar üçün daha çətin olur. Dərman müalicəsi beyindəki siqaret çəkmək istəyini azaldır.

Replasman müalicələri: bu müalicə bədənin müxtəlif yollarla nikotin tələbatını ödəməkdən ibarətdir. Məsələn, bunun üçün nikotin bantları, saqqızı, hətta nikotin lakları, mentollu siqaret müştükləri də var.

Nikotin bantlarının istifadəsi zamanı nəzərdə tutulan dozanı aşmaq olmaz və bantların hər gün dəyişdirilməsi, gecələr isə çıxarılması lazımdır. Bu üsul dərman müalicəsi ilə birlikdə də aparıla bilər. Daha yaxşı nəticə əldə etmək üçün  əlavə müalicələr də təklif edilir.

Siqareti tərgitmək məsələsində çox çətinlik çəkən adamlar üçün dərman, nikotin bantı və nikotin saqqızı hamısı birlikdə tətbiq olunur. Ancaq bu müalicələrin həkim nəzarətində həyata keçirilməsi lazımdır. Əks halda, sağlamlıq baxımından zərərli nəticələr doğura bilər.(publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir