Bir vaxtlar qadınlar ailədaxili münaqişələrə, maddi sıxıntılara, cəmiyyətdə onlara qarşı olan haqsızlıqlara dözməyərək intihar edirdilərsə, indi intihara meyillilik kişilər arasında daha çox yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il dünyada 1 milyona yaxın insan intihar edir.
Bura özünə qəsd edən, amma “məqsədinə çatmayanlar” daxil deyil. Amma statistikada ən maraqlı məqam az qala bütün ölkələrdə intihar edən kişilərin sayının qadınlardan çox olmasıdır.
İsveçin universitetlərinin apardığı tədqiqat nəticəsində məlum olub ki, həyatına qəsd edən kişilərin sayı qadınlardan 3 dəfə çoxdur.
ABŞ-da da kişilər qadınlara nisbətən 4 dəfə çox intihara əl atırlar. Kişilər arasında intihar son onilliklərdə kəskin artıb.
Aparılmış tədqiqatın nəticələrinə görə, kişilər arasında ən yüksək intihar faizi 30-44 yaşlılardadır. 45-59 yaşlılar arasında intihar halları ilə son illərdə kəskin artıb.
Ayrı-ayrı təşkilatların son bir neçə ildə apardığı tədqiqatlar isə göstərir ki, ölkəmizdə özünə qəsd edərək dünyasını dəyişənlərin sayı 2000-ci illə müqayisədə 2 dəfədən çox artıb.
Ekspertlər son illər Azərbaycanda qeydə alınan intiharların 60 faizdən çoxunun məhz sosial problemlərdən qaynaqlandığı qənaətindədir.
Məsələn, Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi 2008-ci ildə apardığı araşdırmalarda həmin il Azərbaycanda 170 intiharın baş verdiyini müəyyənləşdirib. Bu hadisələr zamanı intiharların 138-i ölümlə nəticələnib.
Təşkilat sorğu əsasında müəyyən edib ki, həmin il ən çox intihar hadisəsi may ayında qeydə alınıb. Belə ki, 2008-ci ilin mayında ölkə üzrə 23 intihardan 19-u ölümlə nəticələnib. Sonrakı ayda baş vermiş 21 intiharın isə hamısı ölümlə bitib. Maraqlıdır ki, 2008-ci ildə ən az intihar sonuncu aya təsadüf edib. Belə ki, dekabr ayında cəmi 4 intihar olub və bunun 2-si ölümlə nəticələnib.
2008-ci il ərzində Azərbaycanda baş verən intiharların cins və yaş qrupu üzrə bölgüsü də diqqəti çəkir. Həmin il qeydə alınmış 170 intihardan 114-ü kişilərin payına düşüb.
2009-cu ildə isə Azərbaycanda 202 intihar baş verib ki, bunun da 165-i ölümlə nəticələnib. İl ərzində baş verən bu hadisələrin 138-i kişilərin, 66-sı qadınların payına düşür.
Azərbaycanda intiharların artım tendensiyası 2010 və 2011-ci illərdə də davam edib. Belə ki, 2010-cu ildə ölkədə baş vermiş 312 intihardan 289-u ölümlə nəticələnib. Həmin il ən çox intihar aprel və sentyabrda baş verib.
2011-ci ildə isə Azərbaycanda ölümlə nəticələnən intiharların sayı 414 olub.
Beləliklə, Azərbaycanda intihar qurbanlarının illər üzrə ümumi artım tendensiyasına baxaq: 2008-ci ildə 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414, 2012-ci ildə 482 nəfər.
Psixoloq Elmir Əkbər saytımıza açıqlamasında bildirib ki, qadınlar həm fizioloji, həm psixoloji baxımdan kişilərdən üstündürlər.
Onun sözlərinə görə, qadının dözə bildiyini ağrının 1/3-ni kişi çəkərsə, ağrının şokuna düşüb tələf olar. Və ya qadınlar bədəndən itirilən qana qarşı dözümlüdür, amma kişilər o qədər dözümlü deyillər.
Tarixən təbiətin qadın və kişi balansının bu cür olduğunu deyən psixoloqu hesab edir ki, məhz bu dözümlülüklərinə görə, ən yaxşı xəfiyyələri də qadınlardan seçiliblər: “Kişinin fiziki güclü olması da tarixən gəlib. Çünki qadınlar daha ağıllı, zirəng olublar, fiziki işlərə kişiləri göndəriblər. Hətta indi də baxanda qadın daha mükəmməl varlıqdır. Həmişə demişəm ki, kişi qadının mutasiya olunmuş formasıdır. Qadında 46 xromosom, kişidə isə 45 xromosom var. Kişi qadınlarla müqayisədə zəifdir.
Azərbaycanda kişinin boynuna zorla müəyyən məsuliyyətlər, güclü illuziyası qoyulduğundan onlar daha çətin həyat sürməyə məhkumdurlar.
“Kişilər ağlaya bilməz, istədikləri həyatı yaşaya bilməz, dərdini danışa bilməz, sevgisini, hisslərini biruzə verə bilməz” kimi qadağalar kişiləri psixoloji baxımdan daha da yükləyir. Buna görə də onlar bu kimi hissələri ürəklərində keçirirlər və daha çox intihara meyillənirlər”.
E.Əkbər kişilərin intihar səbəbini informasiya texnologiyalarının həddindən artıq inkişaf etməsində görür: “Azərbaycan mentalitetinin kişilərin çiyninə qoyduğu yüklərlə yanaşı informasiya çoxluğu da beynin yüklənməsinə səbəb olur. Bu da sonda kişiləri intihara meyilləndirir. İntiharın ən böyük səbəblərdən biri cəmiyyətin dözümsüzlüyüdür.
Mental adət-ənənələrimiz insana azadlıq vermir, çox sıxır, insanlar istədikləri kimi yaşaya bilmirlər və kişilərdə genetik zəiflik işə düşür. Nəticə isə intiharla bitir”. (Azvision.az)