Hər kəsin evi özünə xas və özəldir. Heç bir ev bir-birinə bənzəmir. Harada getsək, sonda mütləq evimizi gəlir və tək rahat olduğumuz, dincəldiyimiz yer məhz evimiz olur. Hətta insanlar arasında belə bir deyim də var: “İnsanın evi kimisi yoxdur”.
Təbii ki, ev nə qədər geniş, təmirli və göz oxşayan olsa, o evdən bir o qədər çox zövq almaq olar. Evin gözəl rahatlığı isə ilk öncə onun təmiri və dizaynından asılıdır. Bir çox ölkələrdə insanlar evlərini tez-tez, ən azı ildə bir dəfə təmir etdirir, dizaynını dəyişir. Bunu ona görə edirlər ki, gözləri yorulmasın. Azərbaycanda isə bunu hər kəs edə bilmir. Tikinti materiallarının qiyməti, usta pulu və dizayn şirkətlərinin qiyməti heç də hər kəsin cibinə uyğun olmur. Buna görə də insanlar evlərini 5, hətta 10 ildən bir təmir etdirir.
Əvvəllər ev təmir etdirmək üçün ev sahibi sərfəli tikinti materialları axtarışına çıxır, sərfəli qiymətə usta tapmağa çalışırdı. İndi də əksəriyyət bu cür edir. Ancaq heç bir iş görmədən də evinizi dizayn şirkətlərinə etibar etməklə təmir etdirmək mümkündür. Təbii ki, buna görə əlinizi cibinizin dərinliklərinə salmalı olacaqsınız. Çünki bu sizə 2 qat baha başa gələ bilər. Ölkəmizdə az sayda olsa da dizayn şirkətləri fəaliyyət göstərir ki, onlar həm təmir materialını özləri alır, həm də təmir edirlər. Hətta istəsəniz, evinizi söküb yenidən, yeni dizaynda tikirlər.
Dizayn şirkətləri ilə yanaşı, fərdi çalışan dizaynerlərdə var ki, onlarda qiymətlər bir qədər fərqli olur. Dizayn şirkətlərində də qiymətlər bir birindən bəzən iki qatadək fərqlənir. Biz də təmir və dizayn qiymətlərini öyrənmək üçün bir neçə dizayn şirkəti ilə əlaqə saxladıq.
“AZ Dizayn İnşaat” MMC-nin meneceri Zümrüd Şükürova son vaxtlar insanların avanqard üsluba daha çox üstünlük verdiyini, ancaq müraciət edənlərin az olduğunu dedi: “Çox insanlar yazır ev təmirinin, dizaynının qiymətləri ilə maraqlanır. Ancaq real müştərilərimiz azdır. Elə insanlar ola bilər ki, qiymətlərimiz onlar üçün çox olsun. Məsələn, bir dizayn 3000 manat tutursa, müştəri deyir ki, mən 3000 dizayna verməkdənsə, 2000 manat verib evimi təmir etdirərəm. Üslublar içərisində artıq klassikanı seçənlər demək olar ki, yox dərəcəsindədir. Daha çox avanqard və modern üslublara üstünlük verirlər. Bizdə material və ustalar bizim şirkətin olur. Ev sahibi əziyyət çəkib usta axtarmaq, material almaq məcburiyyətində qalmır. O kataloqdan seçir, biz alırıq. Bizdə dizayn və təmir ayrı-ayrı xidmət kimi göstərilir. Əgər təmiri biz ediriksə, dizayn o zaman hədiyyə edilir. Sadə təmirin bir kvadratmetri bizdə 200 manatdan başlayır. 230, 250 və daha yuxarı 400 manatadək gedir. Avanqard üslubda təmir 300-350 manatdan başlayır. Material qiymətinə görə qiymət dəyişir. Döşəmənin parket və laminat olmasına, divar kağızının 15 və ya 40 manat olmasına görə qiymətdə də fərq yaranır. Dizayn isə kvadratı 10-15 manatdan hesablanır. Biz çalışırıq ki, ev sahibinin fikrini alaq ki, o necə üsluba, necə dizayna, mebellərə üstünlük verir. Bundan sonra onun zövqünə görə işləməyə başlayırıq. Amma biz öncə öz təkliflərimizi də irəli sürürük. Əgər sifarişçi bəyənməsə, dəyişdiririk. Bir evin həm təmir, həm də dizayn edilməsi kvadratdan asılı olaraq 2-3 ay vaxt aparır. Məsələn, 80 kvadrat metrlik ev 1 ay yarıma təhvil verilir. Bir şərtlə ki, sifarişçi ödənişi gecikdirməsin ki, iş dayanmasın. Tutaq ki, bir təmirin qiyməti 20 min manat tutur. Biz o pulu sifarişçidən birdən-birə almırıq. 2 aya təmir bitəcəksə, o müddətə məbləğ bölünür. Bizim firmada mebellərin istehsalı da mümkündür. Amma təmir, dizayn qiymətinə onun aidiyyəti yoxdur. Biz heç yerdə olmayan, sırf dizaynerin işlədiyi modeli təklif edirik. Sadə mətbəx mebellərimizin paqometrinin qiyməti 250 manatdan başlayır. Materiala uyğun olaraq 250 manatdan 900 manat arasınadək dəyişir. Yumşaq mebellər isə 2000 manatdan başlayır 8000 manatadək artır”.
Qeyd edək ki, siz sadə üslubda 100 kvadratlıq bir mərtəbəli bağ evi tikdirmək istəsəniz, bu sizə 38 min manata başa gələcək. 12X11 ölçüdə olan bağ evi isə 85 min manata başa gələcək.
Digər – “Aztikinti mühəndislik və dizayn tikinti” şirkətində isə qiymətlər tamamilə fərqli idi. Belə ki, burada bir mərtəbəli sahəsi 60 kvadrat metr, hündürlüyü isə 5.2 olan bir bağ evi tikinti və təmir qiyməti ilə sizə 25 min 450 manata başa gələcək. Bu şirkətdə tikintinin kvadratı 380 manatdan, təmirin kvadratı isə 240 manatdan hesablanır. Özünüz usta tapıb materialı özünüz alsanız, bu, nisbətən ucuz başa gəlir. Çünki ustalar evin kvadratını 70-80 manata təmir edirlər.
Son vaxtlar taxtadan hazırlanan evlərə də maraq artıb. Belə evlərin 1 kvadratmetri 1000-1200 manata başa gəlir və taxtalar hazır formada kəsilərək evin tikiləcəyi ərazidə yığılır. Ölçüsü 40-45 kvadratmetr olan bir evin hazırlanması üçün isə minimum 2 ay vaxt sərf olunur. Evin tikildiyi ərazi betonla tam düz formada düzəldilməlidir. Qonşu ölkələrə nəzər salsaq orada təmir tikinti və dizayn qiymətlərinin bizdəkindən dəfələrlə ucuz olduğunu görərik. Məsələn, Rusiyada dizayn üçün orta məbləğ 1 kv.m üçün 5000 rubldur.
Günel MANAFLI