kokelmek

Kökəlib arıqlayanların problemi: striya nədir? – KOSMETOLOQ RƏYİ

Baxış sayı: 2. 405

“Dərim çatlayıb elə bil”. Bu problemdən şikayət edən çox insana rast gələ bilərsiniz. Əslində bu çatların adı striyadı, yəni dəridə aşırı dartılma nəticəsində əmələ gələn çapıq toxumasıdır. Striyanın ciddi bir dəri problemi olduğunu deyən həkim-kosmetoloq, dermatoloq Günay Mikayılova müalicəsinin mümkün olduğunu bildirir. Beləliklə, kosmetoloqun striya problemi və ondan çıxış yolları haqqında fikirlərini təqdim edir.

Dərinin elastikliyi pozulduqda və normadan artıq dartıldıqda çatlar əmələ gəlir. Bu çatların əsas yerləşmə yerləri qarın, budların üstü, omba, qollar və sinədir. Mütəxəssis “çat” deyilən problemin əslində çapıq olduğunu deyir: “Tibbdə bu, çapıq toxumasıdır. Çapıqların klassifikasiyasına görə, striyalar atrofik çapıqlar sinfinə daxildir. Estetik görünüşdə diskomfort yaradır. Onları tamamilə aradan götürmək mümkün deyil. Lakin müəyyən müalicə növləri ilə qismən aradan götürmək olur. Striyalar əvvəl qırmızı olur. Çapıq kimi yetişdikdə isə ağarır. Yetişmiş çapıq ağ rəngli olur. Biz xəstəyə baxan kimi striyanın yeni və ya köhnə olduğunu aşkar edə bilirik”.

G. Mikayılova müasir dövrdə striyanın bir çox müalicə üsulları olduğunu əlavə edir. Bununla yanaşı, müraciətin müddətindən asılı olaraq effektivliyi də fərqlidir. İlkin mərhələlərdə, yəni çapıqlar yeni yarandıqda müalicə effektiv olur. Artıq ağarmış, yəni köhnəlmiş çapıqların müalicəsi isə müalicəni daha güclü və uzun müddətli edir: “Lakin bu o demək deyil ki, biz köhnəlmiş çatlarla mübarizə aparmırıq. İlk növbədə yetişkin, köhnə striyaları yeni striyaya keçiririk, yəni yeni çapıq halına gətiririk. Bu isə lazer cilalanması proseduru ilə həyata keçirilir. Striyalar qızarmağa başlayır. Sonra isə qızarmış çapıqlarla mübarizə aparırıq. Bu isə elə dolayısı ilə striyanı müalicə etmək deməkdir”.

Kosmetoloq kompleks müalicənin vacib olduğunu vurğulayır. Yalnız bir üsul bu problemlə mübarizə aparmağa kifayət etmir: “Müalicədə yalnız iynə və dərman yetərli deyil. Əgər biz bir pasientə kompleks yanaşmasaq, heç bir effekt almarıq. Bu işdə bir az da səbrli olmaq lazımdır”.

Tam müalicə müddəti təqribən 8-9 ay davam edir. Müalicə kursuna lazer cilalanması, mezoterapiya, ozonoterapiya daxildir: “Ozonoterapiya həmin striyaların içinə O3, yəni ozon yeridilməsidir. Bu isə mezoinyeksiyalar halında həyata keçirilir. Bu üsul nəticəsində dəridə kollagen sintezi sürətlənir. Bu isə təbii ki, bərpa olunma proseslərinin də sürətlənməsi deməkdir. Eyni zamanda tərkibi hialuron turşusu olan mezoterapevtik kokteyllər müalicə kursuna daxil edilir. Bundan əlavə, damar divarlarını bərkidici preparatlar da kokteyllərin tərkibinə qoşulur ki, bu da çapığın normala qayıtmasına gətirib çıxarır. Bu prosedurlar həftədə 1 dəfə, 10 gündən bir tətbiq edilir. Lakin ayda bir dəfə tətbiq edilən dərmanlar da var”.

Müalicə kursuna kollagen tərkibli dərmanlar da daxildir. Lakin kosmetoloq bu dərmanları tətbiq etməzdən əvvəl pasientin allergiya səviyyəsinin yoxlanmasını vacib hesab edir: “Kollagen tərkibli dərmanların effektivliyi çox yüksək səviyyədədir. Kənardan yeridilən kollagen yeni kollagen liflərinin sintezinə gətirib çıxarır. Bu iynə isə 2 həftədən bir vurulur və 4-6 seans həyata keçirilir”.

Kursun ayrılmaz hissəsi olan fraksional lazer proseduru lazer cilalanmasıdır. Bütün sadalanan müalicə üsulları və dermatoloqun striyanın növünə əsasən təyin etdiyi digər prosedurlar striya ilə mübarizənin effektivliyini yüksək səviyyədə artırır.

 

Kökəlmə və arıqlama

Dəridə çatların yaranmasına ilk növbədə aşırı kökəlmə gətirib çıxarır: “Birdən-birə  kökələn və arıqlayan insanlarda striyalar üzə çıxır. Çünki kökələn və arıqlayan zaman dərinin elastikliyi pozulur. Dəri tez bir zamanda yığılan artıq çəkiyə öyrəşə bilmir və dartılır. Dərinin elastikliyi irsi haldır. Məsələn, elə kök insanlar var ki, dərisində cüzi də olsa, çat yoxdur. Lakin elə arıq insanlar var ki, bir az kökələn kimi dərisində çatlar əmələ gəlir. Bu, onu göstərir ki, irsi olaraq dərisinin elastikliyi zəifdir və dəri lazım olan qədər dartılıb yığıla bilmir”.

 

Qalxanabənzər vəzi

Qalxanabənzər vəzi problemləri də striyaların əmələ gəlməsində rol oynayır. Qalxanabənzər vəzidə olan dəyişikliklər dərinin elastikliyini aşağı salır.

 

Böyrəküstü vəzi

Böyrəküstü vəzidə problem yaşayan insanlarda da dəridə dəyişikliklər müşahidə edilir: “Böyrəküstü vəzidə adenoma olduqda kortizol deyilən hormonun səviyyəsi qalxır. Bu halda isə nəinki striya, eyni zamanda başqa problemlər, məsələn, giperpiqmentasiyalar, üzdə ödəm və s. ortaya çıxır”.

 

Hamiləlik

Xanım hamiləliyə hazırlaşırsa, qarın hissəsində çatların əmələ gəlməməsi üçün tədbirlər görməlidir: “Məlumdur ki, hamiləlik dövründə xanımlar artıq çəki alır. Ona görə də hamiləlik dövründə xüsusi yumşaldıcı yağlar, nəmləndirici, qidalandırıcı kremlər istifadə edilməlidir. Düzdür, bu üsul az kömək edir. Lakin nisbətən ciddi striyanın yaranmasının qarşısını alır”.

Dərinin elastikliyinin artırılmasının digər yolu da masaj, kontrast vannalar, yəni isti sudan soyuq suya keçmə üsulu, üzgüçülük, gün ərzində bol miqdarda su içmək, düzgün qidalanma, sağlam və aktiv həyat tərzidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir