Köklük ümumi bir bəladır. Hər kəs az da olsa zaman – zaman köklüyündən şikayət edir. Az hərəkətli həyat tərzi yaşayanlar, digərlərinə nisbətən çəkinin artmasına daha çox meylli olur. İngiltərə alimlərinin hesablamalarına görə, 1980-cı ildən bu günə qədər piylənmədən əziyyət çəkən insanların sayı 4 dəfə artaraq, təxminən 1 milyarda çatıb.
Azərbaycanda 65%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir. Bunların da əksəriyyəti qadınlardır. Dünya əhalisi arasında daha çox piylənmədən əziyyət çəkənlər isə amerikalılardır. Əsas səbəb də bu ölkədə fast – foodlara üstünlük verilməsidir. Ümumiyyətlə, həkimlər elə kökəlmənin əsas səbəblərindən biri də düzgün qidalanmamaqda görür.
Həkim Arzu Musayevanın sözlərinə görə, genetik səbəblərdən qidalanma rejiminə düzgün riayət edilməməsi, bir dəfəyə oturub daha çox yeməsindən hipodinamik həyat tərzi keçirməkdən, eləcə də stress faktorlardan irəli gələn bir prosesdir.
Qadınlarda kökəlmə, həm də hormonal və ginekoloji problemlərlə bağlı olur. Psixoloqlara görə, bu, həm də psixika ilə bağlı olan bir prosesdir. Yəni kökəlmə prosesini formalaşdıran bizim şuraltına göndərdiyimiz informasiyalardır.
Psixoloq Aidə Nəbiyevanın sözlərinə görə, insan hiss etdikdə ki, o gərginliyə düşür, ondan sonra nə yesə də o kökələcək: “Çünki psixika özünə komanda verir ki, mən kökəlirəm. İnsan dietada da edə bilər, idmana da gedə bilər, müvəqqəti arıqlaya da bilər, amma o gərginlik insanı kökəldir”.
Kökəlmənin bir səbəbi də hərəkətsizlikdir. İnsan qidalanıb hərəkət etmədikdə daxil olan enerji ilə, xaric olan enerji arasında balans pozulur. Nəticədə artıq qalan kalorilər piy şəklində yığılır. Piylənmə isə müxtəlif xəstəliklərə, hətta ölümə gətirib çıxarır. Hər il dünyada 2,8 milyon insan artıq çəki və piylənmədən həyatını itirir.
Həkim Adil Qeybulla qeyd edir ki, köklük ürək üçün əlavə yük yaradır: “Gün ərzində, ən azı 6 km gəzmək tövsiyə olunur. Bu da qidanın bir xeyli hissəsinin yanmasına gətirib çıxarır ki, bu da insanları rahatlaşdırır”.
Kökələn insan isə ilk olaraq pəhrizlərə üz tutur. Hər bir orqanizm fərqli olduğuna görə onlara təyin edilən pəhriz də indivudual olmalıdır. Amma pəhriz zamanı hər kəs üçün vacib olan bir qidalanma rejimi var.
Dietoloq Ərşad Əzimzadə deyir ki, insan birinci növbədə çiy su içməlidir: “15 dəqiqə sonra hər hansı bir meyvə yeməlidir. Meyvələri qarışdırmaq olmaz. Yarım saat sonra bir qab tərəvəz salatı ilə bir növ yemək yemək olar”.
Bir sözlə, sağlam həyat tərzi və düzgün qidalanma insanı kökəlmə və piylənmə xəstəliyindən qurtaran əsas şərtdir. Odur ki, bu gün nə yediyimizə diqqət edib, aktiv həyat tərzi keçirək ki, sabah onun fəsadları həyatımızı məhv etməsin.
GeriZamin olmağın riskli tərəfləri
İrəliİranlı tələbə: “Azərbaycanlılar toya əylənməyə yox, yeməyə gəlir”