Kök, yoxsa arıq qadın?

Baxış sayı: 3. 143

Bu günlərdə “İnstagram” sosial şəbəkəsində kişilərin müxtəlif pozalarla öz qarınlarını nümayiş etdirməsi böyük marağa səbəb oldu. Şəkillərdən də görmək olurdu ki, yekəqarın kişilər öz bədənlərinin piyli olmasını kompleks etmir, əksinə, sanki bununla qürurlanırlar.

Ümumiyyətlə, dünyanın bir çox ölkə və şəhərlərində çox zaman kişilər yekəqarın olmaqları ilə fəxr edir. Məsələn, Çində kişilər yay aylarında küçə-bacada, ictimai yerlərdə köynək və maykalarının ətəklərini sinəyədək qaldıraraq qarınları açıq şəkildə gəzirlər. Beləliklə, bu minvalla qarınlarını xanımlara göstərərək  “əsl kişi, zəhmətkeş və uğurlu insan” olduqlarını nümayiş edirlər. Məlumata görə, çinli xanımlar da arıq kişiləri tənbəl, yoxsul hesab edir, yekəqarınlı kişiləri isə əksinə, “işlək və uğurlu kişi”  kimi qəbul edirlər.

Efiopiyadakı “Bodi” qəbiləsinin üzvləri də yekəqarın kişiləri daha cəsur, gözəl, müdrik və cazibədar sayırlar. Onların fikrincə, kişinin qarnı nə qədər böyük olarsa, həmin kişi bir o qədər ağıllı və nüfuzlu şəxsdir. Efiopiyalılar bu cür kişiləri “min” adlandırırlar və onlar öz qarınlarının yekəliyi ilə fəxr edirlər. Qəbilənin sevgisini qazanmaq üçün kişilər yarım il guşənişin yaşayır, qan və südün qarışığından ibarət “bodola” adlı içki içir, daim yeyir və qarınlarını yekəldirlər. Hər il Yeni il bayramında, yəni bodilərin “Kael” dedikləri gündə kəndin ortasına yığışaraq qarınları ilə qürrələnir, rəqs edirlər. Həmin gün yekəqarın kişilərə “baxış” keçirilir, onların arasında ən yekəqarını seçilir və başına “tac” qoyulur.

Piylənmənin ən təhlükəli forması – yekəqarınlılıq

Hər kəsə məlumdur ki, ölkəmizdə də yekəqarın kişilərin sayı kifayət qədərdir. Onların bəziləri bu vəziyyətlə razılaşmayıb qarınlarının kökəlməsinə qarşı gəlsələr də, bunu özünə kompleks etməyənlər də var. Statistik məlumata görə, Azərbaycanda kişilərin yarıdan çoxu artıq çəkidən əziyyət çəkir. Əsasən də ucqar rayon və kəndlərdə nəinki yekəqarın kişilər, hətta bu tip qadınların da çoxluğunun şahidi oluruq.

Ekspertlər də bildirirlər ki, artıq çəki və piylənməyə meyllik yaradan faktorlar hipodinamiya (fiziki hərəkətlərin azalması), genetik amillər, asan mənimsənilən karbohidratların çoxlu miqdarda qəbulu, qidalanma pozğunluqlarıdır. Bunun fəsadları kimi çox zaman insanlarda bədənin ancaq qarın nahiyəsində piylənmə yaranır. Bu, piylənmənin ən təhlükəli formasıdır. Statistikaya əsasən, bu cür piylənmə ürək xəstəlikləri, arterial təzyiq və şəkərli diabetin olma riskini artırır.

Gün ərzində az hərəkət edən, idmanla məşğul olmayan, sağlam qidalanmayan kişilər daha kök olurlar. Xüsusilə də onların qarın bölgəsində artıq piylər toplanır.

Günahkar milli mətbəximizdir?

Diqqət etsək görərik ki, cəmiyyətimizdə 30 yaşından sonra həm qadın, həm də kişilərdə sürətlə kökəlmə gedir. Bir çoxları bunu milli mətbəximizlə əlaqələndirir, yeməklərin yağlı olmasını əsas gətirirlər. Bu günlərdə Bakının qonağı olan güneyli azərbaycanlılar ilə söhbətimizdə bu məsələdən söz düşəndə onlar da bu amili vurğulamışdılar. Əslən Təbrizdən olan qonaqların sözlərinə görə, milli mətbəximiz çox ağır və kalorilidir, ət və yağdan həddən artıq istifadə edilir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov qarında piylərin yığılmasının milli xörəklərimizlə bağlı olmadığını dedi: “Milli mətbəximizdə hər bir şey tarazlaşdırılıb. Azərbaycana məxsus yeməklər demək olar ki, yağsızdır. Yeməklərimizin şahı olan plov belə, yağlı hesab edilmir. Qayda olaraq 150 qram düyü üçün 40 qram yağ istifadə edilir. Düyü də bişəndə təxminən üç dəfə böyüyüb şişir, yağ da arada itir. Plovun qarası üçün meyvələrdən də istifadə edilir. Bu, orqanizm üçün çox xeyirlidir və yağları udur. Dünya mətbəxində də belədir, məsələn, özbəklər plovda yerkökündən çox istifadə edirlər. Lakin gəlin götürək Ukrayna borşunu. Bu, yemək çox yağlıdır. Bu o demək deyil ki, Ukraynada hər kəs kök bədənlidir.

İnsanlar yemək qaydalarına əməl etməlidirlər. Qədimdə babalarımız çiy quyruq yeyərlərmiş. Lakin onlar eyni zamanda çox işləyir, gün ərzində hərəkətli olurdular. Müasir dövrümüzdə insanlar oturaq həyat sürdüyündən qarın əzələlərində piylənmə tez gedir. Qida qəbulunda karbohidratlardan çox istifadə edilir”.

“Azərbaycanda yekəqarın kişilər daha çox rüşvət alan, yeyib-içməyi xoşlayan, vəzifə adamlarının rəmzidir”

Tanınmış psixoloq Dəyanət Rzayevin sözlərinə görə, ölkədə bu barədə vəziyyət ildən-ilə başqalaşır: “Azərbaycanda da bir zamanlar yekə qarınlı kişilər sanballı hesab edilirdilər. Yekəqarın görəndə daha çox rüşvət alan, yeyib-içməyi xoşlayan, vəzifə adamları gözümüzün qabağına gəlirdi. Hətta kök qadınlar da cəmiyyətimizdə sevilirdi. Məsələn, analar öz oğlanlarına daha çox kök bədənli qız almağa çalışırdılar.

Lakin Azərbaycan Avropaya inteqrasiya olunduqdan sonra bu cür fikirlər yavaş-yavaş sıradan çıxmağa başladı. İnsanlar televiziyalarda yayımlanan xarici seriallara baxıb ordakı aktyor və aktrisaları təqlid etməyə, qarınlarının kök olmaması üçün idmanla məşğul olmağa, artıq çəkilərini atmağa başladılar. Bir vaxtlar “muskullar” dəb idi. Əzələlərini qabardan insanlar yaşlandıqca qarınlı olurlar. Buna görə də indi arıqlıq dəbdir. Araşdırsaq görərik ki, indi neçə-neçə ailələrdə idman, trenajor alətləri var”.

“… qadınların çəkisi ən azı 150 kq olmalıdır”

Psixoloq yekəqarın olmağın çox zaman ana bətnində formalaşdığını dedi: “Uşaq ana bətnində embrion formasında olanda əsasən üç hissədən ibarət olur. Əgər embrionun orta hissəsi daha qalındırsa, gələcəkdə bu uşağın qarın nahiyəsi daha iri olur. Beləliklə, qarın nahiyəsinin böyük olması çox zaman malik olduğumuz fiziki quruluşdan asılı olur.

Lakin sonradan qarın nahiyəsinin böyüməsi üçün çalışanlar da var. Məsələn, Afrikada yerləşən, müsəlmanların daha çox yaşadığı Mavritaniyada qadınların çəkisi ən azı 150 kq olmalıdır. Dünyada qəbul edilən gözəllik kriteriyalarına görə, qadın müəyyən bədən formalarına malik olmalıdır. Amma bu ölkədə qadının arıq olması rüsvayçı fakt kimi qəbul edilir. Bu ölkənin ən gözəl qadınları ən kök olanlar hesab edilirlər. Arıq qadınlara isə yeməyə çörək belə ala bilməyən yoxsul kimi baxırlar.

Bu ölkədə evlənmə yaşına gələn qızlar ailə qurmaq üçün kök olmalıdırlar. Bunun üçündə özləri üçün xüsusi qida rasionu hazırlayırlar. Kişilər belə, kök qadınların daha cəlbedici olduğunu düşündüklərini deyiblər.

Bu cür ailələrə pis münasibət göstərirlər. Körpə qızları çoxlu yedizdirməklə incidirlər. Elə yedizdirirlər ki, hətta onlar bunun üçün döyülürlər. Arıq qadın gərək o qəbilədə yaşamasın. Təsəvvür edin ki, bizdə bir qadın çölə lüt çıxarsa, ona qarşı hansı münasibət olarsa, o qəbilədə də arıq qadınlara o cür pis münasibət olar.

Lakin sonradan bu xanımlar artıq çəkidən çox əziyyət çəkirlər. Qaraciyər, öd kisəsi yaşlandıqca bu qadınları çox incidir. Ancaq neyləyəsən ki, bu qəbilədə köklük sanballılığın rəmzidir”. (musavat.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir