Bu gün arıqlamaq istəyən çox olsa da, hədsiz arıqlıqdan əziyyət çəkənlər və kökəlməyi arzulayanlar da az deyil. Dietoloqların fikrincə, belə insanlar xüsusi pəhriz saxlamalı və daha çox kalorili yeməklər yeməlidirlər.
27 yaşlı Xəyalə Tağızadənin sözlərinə görə, tanışları ona çox arıq olduğunu deyir: “Arıqlığım mənim üçün kompleksə çevrilib. Amma nə qədər çalışsam da, kökələ bilmirəm. İştah açan dərmanlar içir, müxtəlif vitaminlər qəbul edirəm, di gəl ki, necəyəmsə, elə də qalıram”.
Dietoloq Qulam Hidayətzadənin sözlərinə görə, qısa müddətə də kökəlmək olar: “Bunun üçün qida rasionuna kalorili məhsulları əlavə etmək lazımdır. Sağlamlığa ziyan olmasın deyə vitaminli və cana xeyri olan məhsullarla qidalanmaq vacibdir. Qısa müddət ərzində kökəlmək üçün qidanın kalorisini bir gün üçün 500-1000 kalori artırın. Kalorinin miqdarı gündəlik fəallıqdan, həyat tərzindən, çəki və cinsdən asılı olaraq dəyişir. Gün ərzində əlavə 500 kalori qəbul etdikdə hər həftə 0,5-1 kq kökəlmək olur”.
Q.Hidayətzadə qeyd edir ki, kökəlmək üçün gün ərzində tez-tez yemək lazımdır: “Gün ərzində 5-6 dəfə yemək yemək və 2-3 dəfə qəlyanaltı etmək lazımdır. Zülalların qəbulunu artırmaq da yaxşı effekt verir. Qida rasionuna proteinlə zəngin olan ət, dəniz məhsulları, süd məhsulları və qoz əlavə etmək də kökəlməni sürətləndirir. Əlavə kimi əsas qidadan 1-2 saatdan bir proteinli kokteyl də içmək olar. Məsələn, banan, bir xörək qaşığı yerfındığı yağı, bir stəkan südü blenderdə qarışdırıb içə bilərsiz. Kokteylə zövqə görə bal da əlavə etmək olar”.
Müsahibimiz bildirir ki, xəmir xörəkləri çox yedikdə adamda kökəlmə başlayır: “Xingal, qutab, düşbərə, quymaq kimi yeməklər sürətli kökəlməyə səbəb olur. Tort, peçenye, bulka, şirniyyat, konfet, şokolad da kökəldən qida məhsullarıdır. Şirniyyat və xəmir xörəkləri yeyərkən həddi gözləmək lazımdır. Əks halda sağlamlığa mənfi təsir göstərə bilər”.
Onun dediyinə görə, süd də artıq çəki almağa kömək edir: “Gün ərzində 3-4 dəfə süd içmək olar. Südü hər gün içmək daha tez effekt verir. Çəkinin artması üçün qida rasionuna karbohidratlarla zəngin məhsulları da əlavə etmək olar. Makaron, düyü və çörək kimi karbohidratlı məhsullar kökəlməyə xidmət edir. Bununla yanaşı bu məhsullar orqanizmə lazım olan enerjini də verir”.
Dietoloq kökəlmək üçün faydalı yağlarla zəngin yemək də yeməyi məsləhət görür. Qəlayanaltılarda isə badam, qoz, yerfındığı, qurudulmuş meyvələr yemək olar. Gecə yatmazdan əvvəl pendirlə buterbrod yemək və buterbrodu südlə içmək olar. Bu, 250-300 kalori təşkil edəcək.
Qeyd edək ki, düzgün və faydalı qidalanma ilə yanaşı idmanla da məşğul olmanız məsləhətdir. İdman zalında məşqçinin təlimatı ilə idman etmək bədən quruluşuna gözəl forma verəcək. İdmansız kökəldikdə isə əzələləriniz boşalacaq və pis forma alacaq.
Dietoloqun sözlərinə görə, kökəlmək istəmək o demək deyil ki, çox şirin və yağlı yemək lazımdır. Bu cür qidalanma ürək xəstəliklərinə, şəkərli diabetə gətirib çıxarır. Əgər sizdə çəkinin kəskin azalması müşahidə olunursa, həkimlə məsləhətləşmək, bunun səbəbini müəyyənləşdirmək və bundan sonra onların təyin etdiyi pəhrizi saxlamaq lazımdır.
Elə adamlar olur ki, onların iştahı olmur və yemək yeyə bilmirlər. Belə olan halda hər qida qəbulundan əvvəl tərəvəz və ya meyvə şirəsi içmək yaxşı nəticə verir.
Q.Hidayətzadə nahardan sonra dincəlməyi məsləhət görür: “Yemək yeyəndən sonra sakitcə oturun və ya yarım saatlıq da olsa uzanın. İstirahət etmək, çox yatmaq da kökəlməyə kömək edir”.
Kökəlmək üçün çox maye qəbul etmək lazımdır. Həkim bildirib ki, gün ərzində 2-3 litr maye qəbul etmək çəkinin azalmasının qarşısını almağa kömək edir. Bu, həm adi su, südlə çay, qaymaqlı qəhvə, şirələr də ola bilər.
Onun dediyinə görə, artıq çəki almaq üçün səhər yeməyinə xüsusilə fikir verilməlidir: “Bir neçə pendirli buterbrod düzəldib yeyin. Müxtəlif sıyıqlar da yeyib gün ərzində enerjili ola bilərsiniz. Səhər və nahar yeməkləri arasında isə bir stəkan meyvə şirəsi və ya yoqurt içmək olar. Nahar yeməyi çox doyumlu olmalıdır. Naharda müxtəlif salatlar, ətli yemək və şorbalar yeyə bilərsiniz. Salatın üzərinə bitki yağı əlavə edin. Yemək isə ətli, balıqlı və ya toyuqlu olsa, daha yaxşı olar. Yanında makaron yesəniz, daha çox kökələ bilərsiz. Yeməkdə sonra meyvəli disertdən də zövq ala bilərsiz”.