kombi

Kombinin xarab olmaması üçün nələrə diqqət yetirilməlidir? – “Usta”lar sizi belə aldadır

Baxış sayı: 1. 047

Havaların soyuması ilə əlaqədar əhali artıq qızdırıcı vasitələrdən istifadə etməyə başlayıb. Bu zaman bir neçə ay qeyri-işlək vəziyyətdə qalan avadanlıqlarda müəyyən problemlər ortaya çıxır. Əsas problemlər də məhz kombilərlə bağlıdır. Belə ki, hazırki dövrdə ən çox tələb olunan məişət texnikası mütəxəssisləri də elə kombi ustalarıdır. Bəs insanlar sözügedən avadanlığın xarab olmaması üçün nələrə diqqət yetirməlidir?

Mövzu ilə əlaqədar kombi mütəxəssisi Ramil Əmrahov fikirlərini bizimlə bölüşdü. Mütəxəssis kombini işə salmazdan əvvəl usta çağırılmasınıı məsləhət görür:

“Sistemi işə salmazdan əvvəl mütəxəssis çağırmaq lazımdır. Yazdan etibarən kombini işlətmirik. Bəzi evlərdə isti su işləyir, bəzilərində yox. İsti su işləyən kombilərdə elə çox problem olmur. Amma işləməyən kombilərdə motor dayanır, bəzi ehtiyat hissələri qapanma rejiminə keçir. Onları işə salmaq üçün mütəxəssis gəlib, onu yoxlamalıdır. Kombinin içində filterasiya sistemi var, o təmizlənməlidir. Yalnız bundan sonra kombi işə salına bilər. Amma bizim camaat ustaya pul verməməkdən ötrü özü işə salır. Bununla da xırda xərc sonradan böyük xərcə çevrilir. Motoru yanır, müəyyən detallar sıradan çıxır. Son bir həftədə kombilərin həmin fəsadları ilə üzləşmişik, onları düzəldirik. Cüzi miqdarda düzələn problem indi böyük pul tələb edir. Ehtiyat hissələri də bahadır”.

Ramil Əmrahov ustaların yanında azacıq nə isə öyrənərək, heç bir təlimdə, seminarda iştirak etməyən və məlumatsız insanları aldadan “usta”lardan söhbət açıb. O, hazırda bu cür “usta”ların çox olduğunu deyib.

Mütəxəssis həmçinin Bakıda su və qazın çirkli olması səbəbi ilə kombilərin daha çox xarab olduğu rayonların adının çəkdi:

“Çirkli sulardan sonra ən çox təmizlənən kombilər Nəsimi və Yasamal rayonlarındadır. Bunu da həmin rayonlara Qəbələ suyunun verilməsi ilə əlaqələndiririk. Ceyrabatan anbarından su verilən ərazilərdə kombilərin sudan xarab olması ilə üzləşməmişik. Amma Qaraçuxur, NZS, Nizami rayonunun əksər yerləri və ən çox Sabunçu rayonunda qazdan çirklənmə var. Özümüz də adıçəkilən yerlərdə kombilərə baxarkən görürük ki, qazın yanma kamerası tamamilə tutulub. Həmin zonaların qazı çox çirklidir. Elə olur ki, bir kombinin moturunu ildə iki dəfə açıb təmizləyirik”.

Ramil Əmrahov kombidə xırda bir nasazlığa görə də ustaya məlumat verilməsinin vacib olduğunu vurğulayır. Bundan əlavə, mütəxəssis temperaturun müəyyən dərəcədə saxlanılmasının vacibliyini qeyd edib:

“Kombinin əvvəlki kimi işləmədiyini gördükdə dərhal servisə məlumat verilməlidir ki, mütəxəssis gəlib baxsın. Necə ki, digər əşyaların xarab olduğu səsindən və ya işləmə fərqindən bilinir. Kombi də elədir. Əks halda sonradan yaranacaq problem və onun xərci daha böyük ola bilər. İnsanlar suyun temperaturunu müəyyən dərəcədə saxlasınlar. Suyun havanın temperaturunda soyumasından asılı olaraq, çox da qaynar verməsinlər. 48 dərəcə istilikdən sonra artıq su ərp yaratmağa başlayır. Əksəriyyət kombinin temperaturunu 60 dərəcəyə qoyub ona soyuq su qatır. Maksimum dərəcə 60-dır. Ona görə də kombilər tez tutulur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir