Yeni tikili binalarda liftlərin, blokun qapılarının üzərində A4 vərəqində sakinlərə kommunalı ödəmədikləri halda liftin işləməyəcəyi, binaya verilən işığın dayandırılacağı ilə bağlı xəbərdarlıqlar tez-tez edilir. Demək olar ki, əksər çoxmənzilli binalarda belə elanlara rast gəlirik. Hətta bəzi hallarda xərclənən pulların “hesabatı” da A4 vərəqində qeyd olunub, qapıya yapışdırılır. Amma yenə də Mənzil Tikinti Kooperativləri (MTK) sakinlərdən narazıdır, sakinlər də MTK-lardan. MTK pulların ödənilməməsindən şikayətlənir, sakinlər toplanan pulların lazımi qaydada xərclənməməsindən. Hətta MTK-ların aylıq ödənişləri ürəyi istədikləri kimi artırdığını deyənlər də az deyil. Nəticədə çoxmənzilli binalarda “kommunal pulu” ilə bağlı problemlər həll olmur ki, olmur…
Ötən günlərdə MTK-ların binalarda sakinlərdən xidmət haqlarını nağdsız qaydada toplaması barədə qanun layihəsi hazırlanıb. Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, artıq layihə dövlət qurumlarına təqdim edilib.
Maraqlıdır, kommunal ödənişlərin nağdsız qaydada toplanması uzun illərdir həlli tapılmayan problemə çarə ola bilərmi?
Bu, vətəndaşın problemini həll etmir
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, pulların hansı qaydada ödənilməsinin mövcud problemlərlə əlaqəsi yoxdur: “Təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq yeni tikilmiş çoxmənzilli yaşayış binası vətəndaşların istifadəsinə verilib. Digər şəhərlərdə də yeni tikili binaların inşası davam edir. O binalarda işləyən xadimələrin, mühafizənin, digər işçi heyətinin və lift xərclərinin qarşılanması üçün mənzil sahiblərindən kommunal pulları yığılmalıdır. Bu, tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. Hətta digər ölkələrdə əgər binalar fərdi şəkildə idarə olunursa, kommunal xərclər daha bahadır. Kommunal pulların nağd, yaxud nağdsız şəkildə ödənməsi vətəndaşın problemini həll etmir. Çünki vətəndaş hər iki halda bu pulu ödəyir”.
Bir şəhərdə üç yanaşı idarəetmə sistemi
Mütəxəssis düşünür ki, MTK ilə vətəndaş arasındakı problemin kökü ödənilən pulda deyil, idarəetmədədir: “Sakinlər toplaşaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaratmalı, idarəetməni də özləri həyata keçirməlidirlər. Bakıda eyni ərazidə yeni tikili çoxmənzilli bina, tam yanında köhnə yaşayış binası, onun da yanında fərdi həyət evlərindən ibarət yaşayış massivləri var. Yeni tikililəri komendantlar, köhnələri mənzil istismar idarələri, fərdi həyət evlərinin bir hissəsini isə bələdiyyələr idarə edir. Bir şəhərdə üç yanaşı idarəetmə sistemi var və heç biri effektiv deyil. MTK vətəndaşlardan kommunal pulu yığır, amma sadəcə öz həyətini təmizləyir, sakinlər köhnə binanın həyətində avtomobillərini saxlayırlar, hansı ki, o əraziləri də mənzil istismar idarələri təmizləyir və s. İdarəetmə düzəlməsə, pulların hansı formada yığılmasının keyfiyyətə təsiri olmayacaq. Narazılıq yenə olduğu kimi qalacaq”.
Vahid idarəetmə sistemi qurulmalıdır
Mütəxəssisin sözlərinə görə, vahid idarəetmə sistemi qurmaq lazımdır: “Bu sistem qurulmasa, əks halda binaların köhnəlməsi prosesi sürətlənəcək. MTK-ların yığdığı kommunal pulları yalnız həmin ay istifadə üçün bəs edir. Əksər çoxmənzilli binaların artıq dam örtüklərinin təzələnməsinə ehtiyac var, liftlər köhnəlib, fasad boyaları bərbad vəziyyətdədir. Çünki onların ümumi maddi texniki bazaları yoxdur. Yığılan pulların hər birindən bazaya pul yönəlməlidir ki, gələcəkdə lazım olan xərclər qarşılansın”.
MTK-ların aldıqları aylıq xidmət haqları az deyil
Vergi mütəxəssisi Anar Bayramov deyir ki, MTK-ya ödənilən xidmət haqlarının nağdsız qaydada olması təklifi kölgə iqtisadiyyatının aradan qaldırılması, dövriyyələrin dürüstləşdirilməsi məqsədi daşıyır: “MTK-lar sakinlərdən aldığı xidmət haqlarından vergi ödəməlidirlər. Amma ödənişləri nağd qaydada aldıqları üçün həmin dövriyyələri gizlədir, bəyan etmir, vergilərini də ödəmirlər. Mənzil tikinti sektoru qeyri-neft sektoru arasında özünəməxsus dövriyyəsi olan sahələrdən biridir. Bakı şəhərində MTK-ların aldıqları aylıq xidmət haqları heç də az məbləğ deyil. Bu yığılmalar nağd şəkildə olduğu üçün dövlət büdcəsindən kifayət qədər pul yayındırılır. Əgər bu qanun qüvvəyə minərsə, əhali artıq ödənişlərini nağdsız qaydada ödəyəcək və həmin MTK-lar dövriyyələrini gizlədə bilməyəcək, vergilərini də ödəyəcəklər”.
Sakinlər ödənişlərini məcburi qaydada edəcəklər
Vergi mütəxəssisi də ödənişlərin nağdsız olmasının bu sahədəki problemlərin həlli olmayacağını düşünür: “Burada günah tək MTK-da deyil. Sakinlərin əksəriyyəti də ödənişləri etmək istəmirlər. MTK-nın təyin etdiyi məsul şəxs sakinlərdən xidmət haqlarını almaqda çətinlik çəkir. Pulu almaq üçün müəyyən vasitələrlə təzyiq göstərirlər. Hələ komendant tərəfindən bu ödənişin bank hesabına köçürülməsi şərti qoyulsa, ümumiyyətlə banka gedən olmayacaq. Amma qanun qüvvəyə minərsə, artıq bu, icbari xarakter daşıyacaq və sakinlər məcburi qaydada ödənişlərini edəcəklər”.
Bina sakinləri MTK-lara etibar etmirlər
İqtisadçı ekspert Rauf Qarayev isə deyir ki, MTK-da ödənişlərin nağdsız qaydada ödənilməsi fikri müsbətdir. Mütəxəssisin sözlərinə görə, hazırda MTK-lar hüquqi boşluqlardan istifadə edib vətəndaşlardan xeyir güdmək üçün çalışırlar: “Qanun qüvvəyə minsə, nağdsız ödənişlə MTK-lara nəzarət asanlaşacaq. İnsanlar var ki, nəinki kommunal, aldıqları evlərin ödənişini etsələr də, mənzillə təmin olunmayıblar. Bu faktlara görə bina sakinləri MTK-lara etibar etmir, ödədikləri vəsaitin düzgün xərclənəcəyini düşünmürlər. Bu səbəbdən də “kommunal pulu” problemləri hələ də davam edir. MTK-lara nəzarətin gücləndirilməsi həll yolu ola bilər”.
Aygün ƏZİZ