Yayın qızmar istisində sərinləmək üçün kondisionerlər əvəzedilməz vasitədir. Yay aylarında kondisionersiz yerdə oturmaq, işləmək çox çətin olur. Amma isti havada sərinləməyimizə səbəb olan kondisionerlərin zərərli tərəfləri də var.
Kondisionerdən doğru şəkildə istifadə etmədikdə bu, əzələ ağrıları başda olmaqla infeksion və allergik, həmçinin bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. İsti yay günlərində məkanın xarici və daxili temperatur fərqi və ani hava dəyişiklikləri orqanizmin müqavimətinin azalmasına səbəb olur. Bu da viral infeksiyaların ortaya çıxmasına şərait yaradır. Xüsusilə kondisioner işlədiyi zaman filtrində yığılan mikroblar havaya qarışaraq infeksiyaların yaranmasına səbəb olur. Məlumatsız şəkildə kondisionerdən istifadə zamanı uşaqlar, yaşlılar, şəkər xəstələri, böyrək çatışmazlığı olan insanlar daha çox risk altındadır. Çünki bu qrupdan olan insanların müqavimətləri kondisionerin havaya yaydığı bakteriyalar səbəbi ilə zəifləyə bilər. ABŞ-in Kaliforniya Universitetinin alimləri kondisionerin insanlara müxtəlif şəkildə təsir göstərdiyini sübut ediblər. Çünki hər kəsin orqanizminin fərdi xüsusiyyətləri var.
Alimlər hesab edirlər ki, burada hər şey kondisionerdən necə istifadə edilməsindən asılıdır. Onlar bildiriblər ki, kondisionerdən düzgün istifadə edilsə, xəstələnmə mümkün deyil. Son illər ərzində bu sahədə aparılan araşdırma nəticəsində məlum olub ki, ən çox kondisionerin yan təsirlərindən şikayətlənənlər çox vaxt ofis işçiləri olur. Kondisionerlərin daha çox olduğu mühitdə çalışan ofis işçiləri adətən özlərini halsız hiss edir, tez-tez öskürür, zökəm olurlar, tənəffüsləri pisləşir, boğazları quruyur, baş ağrıları yaranır. Artıq təsdiq olunub ki, kondisioner ortamında çox vaxt keçirən insanlar respirator problemlərdən daha çox əziyyət çəkirlər. Burun tutulması və rinit kimi daha ciddi problemləri bura aid etmək olar. Buna səbəb ətraf mühitdə nəmliyin olmamasıdır. Belə bir hava qoruyucu qişanı qurudur və bu zaman viruslar üçün əlverişli şərait yaranır. Ən çox yayılan yan təsirlərdən biri də baş ağrılarıdır. Çoxları havalandırmaq üçün kondisioneri söndürməyin kifayət olduğunu hesab edirlər. Lakin bu, heç də düzgün bir versiya deyil. Baş ağrılarından canınızı qurtarmaq üçün mütləq şəkildə pəncərələri açıb, otağı havalandırmaq lazımdır ki, otaq karbon qazından təmizlənsin. Alimlərin sözlərinə görə, kondisionerin işi insanın psixikasına da mənfi təsir göstərir. Otaqda hava çox isti və ya soyuq olanda insanın əmək məhsuldarlığı azalır.
Mütəxəssislər kondisionerin müsbət təsirləri arasında havanın düzgün filtrasiyasını xüsusi qeyd edirlər. Bu halda havanı çirkləndirən hissəciklər insan orqanlarına düşə bilmir.
Alimlər müəyyən ediblər ki, kondisionerdən düzgün istifadə edildikdə o, ürək-damar xəstəliklərinə tutulma riskini azaltmağa kömək edir. Həmçinin , astma və allergiya xəstəliyi olan uşaqlar kondisioner altında qalmamalıdır. Əks təqdirdə soyuq hava ağciyərlərdə zədələnmələrə səbəb olaraq öskürək əmələ gətirə bilər. Həmçinin sətəlcəmə meyilli astma xəstəsi olan uşaqlar və sinüsitə meyilli allergiyası olan uşaqlar daha asan bu xəstəliklərə tutula bilərlər.
Samirə Tağıyeva