Ən böyük istəyi hansısa bir universitetdə professor olub, böyük tələbə auditoriyasına dərs keçməkdir. Və bir gün vətənə qayıdıb kiçik bir kafe və ya dil kursu açmağı planlayır. Düşünür ki, təhsil hər bir vətəndaş, xüsusilə də, qızlar üçün çox vacibdir. Qızlarımızın savadlı olub cəmiyyətdə yer tutmalarını istəyir. “Xaricdə təhsil” rubrikamızın qonağı Koreyada jurnalistika üzrə magistr təhsili alan Nigar Eyyubovadır.
Qeyd edək ki, Nigar 1993-cü ildə Bakıda anadan olub. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsində oxuyub. Daha sonra Koreya filmlərinə olan sevgisi onu həmin ölkədə təhsil almağa həvəsləndirib. Və elə universiteti bitirən ili Koreyaya təhsil almağa yollanıb.
– Sizcə, təhsilin insan həyatında önəmi nədir?
– Bu tendensiya əslində, cəmiyyətə görə dəyişir. Azərbaycandakı təhsil və insan Koreyadakı ilə fərqlidir. Amma təhsilli insanın yeri bütün cəmiyyətlərdə fərqlidir, digərlərindən kifayət qədər seçilə bilir. Hətta şəxsin insanlığını belə dəyişə biləcək yeganə ünsürün təhsil olduğunu düşünürəm. Bu isə insanın hansı sahədə nə qədər təhsilli olmasından asılıdır.
– Necə oldu xaricdə təhsil almaq qərarına gəldiniz?
– Bu işdə bəzi müəllimlərimin də rolu böyükdür. Onlar mənə həmişə deyirdilər ki, səndə başqa işıq görürük, amma sən o işığı bağlayırsan. Bu sözlər mənə həqiqətən təsir edirdi. Düşüncə baxımından öz yaşıdlarımdan daha müasir olduğumdan onlarla yola gedə bilmirdim, ünsiyyətdə olanda sıxılırdım. Fikirləşdim ki, xaricdə təhsil mənim üçün daha yaxşı olar, özümü daha çox inkişaf etdirə bilərəm.
– Bəs nə üçün Koreya?
– (Gülür) İnanın, bu sualı həmişə Koreyada da verirlər. Əslində, Koreyanı seçməyimdə səbəblər çoxdur. Amma ilk səbəb kimi onu deyə bilərəm ki, Koreya filmlərindən çox xoşum gəlirdi. Həmin kinoların fanatına çevrilmişdim. Öncə Çin dilini öyrənmək istəsəm də, seriallara baxa-baxa koreya dilinə marağım yarandı. Koreya səfirliyinin nəzdində təqaüd proqramının olduğunu öyrəndim. Bu haqda bir az araşdırma apardıqdan sonra proqrama qoşulmaq qərarına gəldim.
– Xaricdə təhsil almaq şərtdirmi?
– Düşünmürəm ki, xaricdə təhsil mütləqdir. Azərbaycanda da istədiyiniz nəticəni əldə edə bilərsiniz. Gərək sırf universitetin verdiyi təhsillə kifayətlənməyib, öz üzərində çalışasan, özünə təhsil verə biləsən. Amma cəmiyyəti dəyişib, başqa mühitdə yaşayıb inkişaf etmək istəyirsinizsə, o zaman şərtdir. Xaricdəki mühit bir insanı çox dəyişə bilər. Əgər bunun üçün imkan, şərait varsa, xaricdə təhsil almaq yaxşı olar.
– Bir xanım olaraq xaricdə təhsil almaq, qürbətdə yaşamaq çətin deyil ki?
– Azərbaycanlı olaraq başqa inkişaf etmiş ölkədə yaşamaq çətin ola bilər. Çünki bizdə müəyyən mental dəyərlər var ki, bu, onların fikriləri ilə heç zaman üst-üstə düşmür. Bizim bəzi məqamlarda “yox” deyə biləcəyimiz amillər onlar üçün “hə” ola bilər. Məsələn, qızlar üçün burada müəyyən məhdudiyyətlər var, amma orada yoxdur. Buna alışmaq xaricə gedənlər üçün çətin olur. Məsələn, burada nəzarət altında böyümüş bir qızın ora gedib birdən-birə tamamilə sərbəst mühitə düşməsi onun üçün problem ola bilər. Ya da əksinə, orda da özünə çox qapana bilər, hamıdan uzaqlaşıb, təcrid olunar. Yəni, ilk vaxtlar alışmaq bir az çətin olur.
– Ailənizin xaricdə təhsilə münasibəti nencə idi?
– Mən xaricdə təhsil üçün hazırlaşarkən ailəmin xəbəri var idi. Amma inanmırdılar ki, təqaüd proqramını qazanıb gedə bilərəm. Anam xaricə getməyimə qarşı idi. Həmin gün hələ də yadımdadır. Demək, təyyarə bileti gəlib, anam məni buraxmaq istəmir. Getmək üçün düz üç gün ağlamışam. Anam “Sən qız uşağısan, biz səni oralara tək necə göndərəcəyik, gedib haralarda qalacaqsan, qızın xaricdə nə işi var, evlən ailən, uşağın olsun” tipli sözlər deyirdi. Amma bütün bunlara baxmayaraq, axırda ailəmə qalib gəldim və getdim. Qız olmağım həmişə mənim ən böyük problemim olub (Gülür).
– Artıq iki ildir oradasan, bəs indi nə düşünür ailən bu haqda?
– (Gülür) Elə indi də eyni situasiya davam edir. Anam hər fürsətdə “qayıt gəl, ailə qur, nə işin var oralarda” deyir. Amma yenə də, həmişəki kimi öz istədiyimi edəcəyəm. Ailəmin fikrilərinə hörmətlə yanaşıram, amma mənim həyatımda mən daha önəmliyəm.
– İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı fərqləri müşahidə etdin?
– Əslində, bunu izah etmək mənim üçün bir az çətindir. Belə deyə bilərəm ki, Azərbaycanda dərslər müəllimlər tərəfindən təyin edilir, Koreyada isə fərqlidir. Orada tələbələrə görə uyğunlaşdırılmış təhsil sistemidir, hər şey tələbənin istək və seçimindən asılıdır. Koreyada dərsi də, müəllimi də tələbə seçir. Amma bir şeyi etiraf edim ki, məncə, humanitar sahədə biz onlardan daha yaxşıyıq. Məsələn, orada heç bir tələbə əlini qaldırıb, dərs haqqında öz fikirlərini aydın ifadə edə bilmir. Kitabdan oxuduğu cümlələrlə danışır. Ancaq bizdə elə deyil. Tələbə həmin dərsi oxumasa belə, özünün şəxsi düşüncələri ilə fikrini çatdıra bilir.
– Xərclərini necə qarşılayırsan, harada qalırsan?
– Mən ora təqaüd proqramı ilə getdiyim üçün təqaüd alıram. Bəzən yarım günlük işlərim də olur. Çünki mən çox pul xərcləyən olduğum üçün tək təqaüdlə keçinmək olmur. Amma qənaətcil tələbələr var ki, onlara həmin pul kifayət edir. Hazırda oxuduğum universitetin yataqxanasında qalıram. Həmin yataqxanaya görə də pul ödəyirəm. Çünki dövlət yataqxananın da pulunu verir.
– Koreya mətbəxinə alışmaq çətin olmadı ki?
– (Gülür) Oy, alışmağım çox uzun çəkdi. Bəzi yeməkləri dəhşət acılı, bəziləri isə şit olur. Onlarda sabit bir dad tapmaq müşkül məsələdir. Koreyada ən bahalı ərzaq ətdir. Qonaq gələndə ona hörmət əlaməti olaraq ət bişirirlər.
– Hansı çətinliklərlə üzləşdin?
– Mədəniyyət, cəmiyyət, insanlar, şərait. Ümumiyyətlə hər şeyə alışmaq bir az çətin oldu. İlk dəfə çox ağır gəlir. Təsəvvür edin, hər şeyi evdə ailəsi ilə birlikdə edən adam birdən-birə təkbaşına qalır. Sanki xaosa düşmüşdüm. Əvvəllər insanlarla əlaqə qurmaqda çətinliklər yaşadım. Onlar bizim insanlardan bir az fərqlidirlər. Koreyalılar xarici ilə ünsiyyətdən çəkinirlər, öz dillərini bilənlərlə yaxınlıq edirlər. Çünki onlar üçün dillərini bilmək, onların mədəniyyətlərini qəbul etmək deməkdir. Ona görə də dillərini bilənlərə hörmət edirlər.
– Bəs orada olarkən ən çox nə üçün darıxırsan?
– Öz dilimdə danışmaq üçün darıxıram. Azərbaycanca danışmağa adam tapmıram. Düzdür, həmyerlilərimiz var, amma hər dəqiqə bir yerdə olmuruq. Olanda da, bəzən elə koreyaca danışırıq. İnanın, öz dilimizdə dilləşmək üçün darıxmışam (gülür).
– Bizə Koreya ilə bağlı yadında qalan xatirəni danışa bilərsən?
– İlk gün təyyarədən düşüb yataqxanaya getməyim və orada rastlaşdığım xatirəni heç vaxt unutmayacağam. Bizim qaldığımız yataqxanada çinlilər də qalır. Onlar isə çox pintidirlər. Təsəvvür edin, rəfiqəmlə yataqxanaya daxil olub, otağın qapısını açanda tarakanlar üstümüzə gəlməyə başladı. Sözün həqiqi mənasından dəli oldum. Mənim də həyatda ən çox qorxduğum həşərat onlardır. İndi oturub ağlamağa başlamışam ki, mən qalmıram, qayıdıram. Nə isə, həmin gün oteldə qaldıq. Səhər gəlib rəhbərliklə danışıb, başqa otaq istədik. Həmin yerdən uzaq olmaq üçün bizi 2-ci mərtəbədən 12-ci mərtəbəyə qaldırdılar. Tam bir gün rəfiqəmlə həmin otağı xlorla təmizləyib, dərmanladıqdan sonra rahat yaşamağa başladıq.
– Gələcəklə bağlı planların nələrdir?
– Hələ ki, gələcəklə bağlı uzunmüddətli bir plan qurmamışam. Amma bir il sonra üçün təhsilimi doktorantura pilləsində davam etdirmək istəyirəm. Bu təhsil üçün isə iki ölkə arasında seçim etməliyəm. Ya Amerikanı, ya da Koreyanı seçəcəyəm. Ən böyük istəyim isə hansısa bir universitetdə professor olub, böyük tələbə auditoriyasına dərs keçməkdir. İş qurmaq baxımından isə kiçik bir kafe və ya dil kursu açmaq istəyirəm.
– Gənclərə məsləhətin nədir?
– İstərdim ki, gənclərimiz uğur qazanmaq üçün daha çox çalışsınlar. Xüsusilə də, qızlarımız oxuyub, savadlı olsunlar və cəmiyyətdə yer tutsunlar, məqsədli şəkildə inkişaf etməyə çalışsınlar. Ölkədən çıxmaq xətrinə xaricə getmək yox, həqiqətən də gələcəklərini haradasa gördükləri üçün getsinlər. Çünki həmişə fikirləşmişəm ki, mən Azərbaycanda da qalsaydım, nələrisə əldə edəcəkdim. Harada olmağından asılı olmayaraq, nəyisə əldə etmək üçün çalışmaq lazımdır. (Kaspi.az)