polad alemdar

Koroğludan sonra Polad Ələmdar – Həmid Herisçi yazır

Baxış sayı: 1. 858

Bir var canlı, bir də var virtual qəhrəman. Məsələn,  Türkiyənin Polad Ələmdarı virtual qəhrəmandır. Vaxtilə  bu cür virtual qəhrəmanlar ağız ədəbiyyatımızda-yəni şifahi folklorumuzda bir deyil, iki deyil, yüzlərlədir. İndi bu köhnə virtual qəhrəmanlarımız-Koroğlularımız, Dəli Həsənlərimiz, Dəmirçioğulları artıq tarix olub. Yenisini isə… Yenisini isə türklərdən fərqli olaraq biz hələ yaratmamışıq.

Özü də biz, türklərdən fərqli olaraq qəhrəmanları deyil… yox… qurbanları, yazıqları sevirik. İnanmırsız? Ədəbi saytlarımıza baxın. Görəcəksiz ki,  yazarlarımız əllərində şam bütün Azərbaycanı gəzirlər. Harda bir xəstə, yazıq, gerizəkalı birisini gördülər  vəssalam, bu bəxtsizin taleyini tələsik qələmə alırlar. Yəni Azərbaycan mədəniyyəti hələ öz qəhrəmanını yaratmayıb. Başı qarışıqdır qurbanlara, yazıqlara, yetimlərə. Mirzə Cəlilin Novruzəlisi kimi məktubunu poçt qutusuna ata bilməyən bədbəxtlərə.

Belə getsə, əlinizi üzün, bu cür təfəkkürlə biz heç vaxt… bir də deyirəm heç vaxt, öz virtual qəhrəmanımızı-yəni öz Polad Ələmdarımızı yarada bilməyəcəyik.

Yaxşı kimdir  bu Polad Ələmdar? Türkiyənin bir saylı canlı… üzr istəyirəm virtual qəhrəmanı?

Dosyesi əlimizdədir. Oxuyun. Peşman olmayacaqsız.

***

Image result for Polat Alemdar

DOSYE: POLAD ƏLƏMDAR. Həqiqi kimliyi-Mehmet, Nərgiz Qaraxanlının doğmaca oğlu. Atası məşhur MİT kəşfiyyatçısı olub. Türkiyənin maraqlarını Misirdə, İsraildə qoruyub. Ancaq öz doğmaca balası Əlini düşmənlərindən qoruya bilməyib. Aslan Akbey adlı bir başqa mafiya, əski MİT-çi, bu Əlini hələ uşaq ikən küçədən oğurladaraq yetimlər evində gizlədib. Övladsız-züryətsiz Ömər ilə Nəzifə Candan cütlüyünə göz vurub ki, bu Əlini oradan təslim alıb oğulluğa götürsünlər. Beləcə, Əli Qaraxanlı dönüb olub Əli Candan.

Məsləyini, savadını diplomatik lisədə alsa da, diplomat deyil-istihbaratçıdır. Türk MİT-nin canlı əfsanəsi Aslan Akbeyə xidmət edir. Kosovada növbəti məxfi əməliyyatdaykən çox böyük uğurlar qazanıb. Nəticədə Türk MİT-i, ultraməxfi “Qurdlar vadisi” əməliyyatını bax bu Əli Candana tapşırıb.

O, estetik əməliyyatdan keçir. Sifəti dəyişdirilir. Bir də görür İstanbulun kirli arxa küçələrində tək-tənhadır. Əlində Polad Ələmdar adına saxta kimlik var.

Ailəsi, arvadı elə bilir bəs, Əli yol qəzasında həyatını dəyişib.

BOYU: 178 sm.

ÇƏKİSİ: Məlumatlar şifrəlidir.

İngilis, fransız, ərəb, kürd və rus dillərində qüsursuz danışır.

***

Related image

ESTETİK ƏMƏLİYYAT: Polad Ələmdar surətini TV ekranlarında canlandıran aktyor Necatı Şaşmaz  həqiqətən əvvəlcə estetik bir əməliyyatdan keçirilib. Lap məşhur “Üzsüz” filmindəki kimi. Burun quruluşu, sifət cizgiləri xeyli dəyişdirilib. Bunu tamaşaçılar da hiss edib, deyəsən. İnternet müzakirələrində mövzu ilə əlaqəli eşidin nə deyiblər- Selcan Akköz: ”Dizinin ilk seriallarında burnu fərqli idi. Mən belə xatırlayıram. Sanıram o, estetik əməliyyatdan keçib”.

Ahmed Can: “Məncə, estetik baxımdan müntəzəm bir burun. Sırtı dümdüz. Nə xəfif bir kəmər, nə  başqa bir əyrilik yox bu burunda. Həkimi kim? Mən də belə burun sahibi olmaq istərdim”.

Həəə… belə-belə işlər, qırılsın qara keşişlər. Məsələ aydındır-Polad Ələmdar təkcə Türkiyə MİT-in şah əsəri deyil…O həm də türk estetik həkimlərinin canlı biorobotu, bir növ süni insanıdır. Fövqəlinsandı. Burnu mükəmməldir. Həmin bax bu dümdüz burundan həkimlər bir cür pul toplayıblar, rejissor Osman Sinav bir başqa cür. Filmdə gözəllik salonlarının maraqları ilə türk MİT-in, kinematoqrafının maraqları bir nöqtədə birləşib. Polad Ələmdar fenomeni bax bu cür yaranıb Türkiyədə.

Related image

“İpsos KMG” şirkətinin  2008-ci il sorğularına görə Polad Ələmdar Türkiyənin ən yaraşıqlı kişi modelidir. 1111 insanın iştirakı ilə keçirilən bu sorğunu indi də təkrarlasan eyni nəticələr, rəylər alacaqsan. Türkiyə, bizdən fərqli olaraq öz ilk virtual qəhrəmanını yaradıb artıq. TV ekranlarından qopub reallığa adlamış bu virtual qəhrəman bu gün həqiqətən sanki diridir. Dünyanın dörd tərəfində Türkiyənin milli maraqlarını qoruyur o. Türk estetik həkimlərinə bolluca müştəri gətirir. Məhz Polad Ələmdar sayəsində Türkiyə indi özünün nəhəng, ağlasığmaz “burun sünnəti” dövrünü yaşayır. Müştəri çoxdur, həkim az. “Qurdlar vadisi” serialı ekranlara çıxandan bəri, estetik klinikalar önündəki növbələr, quyruqlar böyüyür daim. Tələb eynidir – “Poladın burnundan məndə də olsun”.

HOBBİSİ: Türklər demiş, “doğuşdan idarəçidir”. Asudə vaxtlarında tənhalığa qapanıb ney çalır özü üçün. Qədriyyə təriqərçilərindəndi. Müsahibələrindən birində deyir: “Gündə ən azı 50 stəkan çay içirəm. Əsəbiləşəndə çayın sayı 80-ə çata bilər. Son zamanlar 30 stəkanda ilişib qalmışam”.

Image result for Polat Alemdarın babası ölüm

YANIQLI SƏHNƏ: Atası son namazını 2014-cü ildə qılarkən üzünü sağa çevirir ki, yanındakı mələklərə salam versin.  Böyründə mələkləri deyil… oğlu Poladı görüb bu halda dünyasını dəyişir o. Rejissor Osman Sinav çox diqqətlidir bu cür ağrılı görüntülərə.

MƏXFİ MƏQSƏDİ: Türk MİT-ın tapşırığı ilə “Qurdlar konseyi” girib onu içəridən çökürtmək.

CANLANDIRDIĞI REAL QƏHRƏMAN: O, türk millətçilərindən, ülküçülərindəndi. Hərəkətləri, danışığı ilə məşhur Abdullah Çatlını xatırladır.  Abdulla Çatlıya məxsus məşhur “İki nəfərin bildiyi sirr deyil” ifadəsini də Polad Ələmdar filmdə dəfələrlə elə-belə, boş yerə təkrarlamır, məncə.

Türk MİT-in canlı əfsanəsi Hiram Abas barədə deyilən “O, bir rodeo atıydı. Onu yönətmək zordu. Amma yönətiləndə olağanüstü qabiliyyətli və o düzəydə cəsurdu. Macəraçı bir ruh yapısına malik olduğu da gerçəkdi” ifadəsini, məncə, tərəddüdsüz Abdulla Çatlıya da aid etmək olar. Cəmi-cümlətanı qırx il yaşamış bu şəxsdən… yox, düz demədim, şəxsiyyətdən sonra Türkiyə özünü elə bil həqiqətən bir növ yetim hiss edib. Fikirləşib kimlə… hansı halal südəmmişlə əvəz etsin bu doğmaca dəliqanlısını? Çarəni-əlacı çəkdiyi “Qurdlar vadisi” serialında, Polad Ələmdar surətində tapıb sanki. Onu öz əbədi, həmişəyaşıl virtual qəhrəmana çevirib.

Image result for Abdullah Çatlı

Polad Ələmdarın canlandırdığı Çatlı, unutmayın,  təkcə elə bozqurd deyil. Beynəlxalq gizli killer ordusu zəncirində ən həssas, etibarlı bir halqadı. Dünya çapında bir tətikçidi. Əməliyyat günü, bu ordu üzvləri, dünyanın dörd bucağından yığılıb gələrdilər nəzərdə tutulan “X” nöqtəsinə. Dəstəyə üzv olmağın bircə vacib şərti varmış – gərək əməliyyat zamanı bütün dilləri unudub məxfi işarələr dilində danışmağı bacaraydın. Oxşar tətikçilərdən biri məşhur Amerika şoumeni Çek Berris olub, biləsiz. Onun bu mövzudakı xatirələri sonradan, 2002-ci ildə çəkilmiş məşhur “Qorxunc adamın etirafları” (Confessions of a Dangerous Mind) filmində öz əksini tapıb. Filmə diqqətlə baxsanız, orda Abdulla Çatlını da görə bilərsiz, dünya çapında tanınmış digər məxfi killerləri də.

Bu qurdlar vadisində qəribə adətlər, şərtlər mövcud imiş, sən demə.

Əvvəla, “qurdlar konseyinin” növbəti məxfi killeri, hökmən dustaqlar arasından tapılıb seçilirdi. “Qurdlar” qazamatda onu bir müddət izləyib, uyğun kadr olduğunu yəqin etməli idi əvvəlcə. Sonra növbəti “X” əməliyyatı başlayırdı – dustaq, tutaq ki, Mehmed Əli Ağca, qazamatdan qaçırdılıb ölkə dışına, tutaq ki, Bolqarıstana, yaxud İtaliyaya çıxarılırdı. “Keyf, qadınlar, içki, narkotiklər” silsiləsi burda bir müddət davam edib, axırda masa üzərindəki qara tapança ilə  əvəzlənirdi. Dəstə üzvləri, dünya mass-mediasında özünəməxsus qəribə cəhəti ilə tanınır. Misal üçün, Türkiyədəki əməliyyatlarını, əksər hallarda çərşənbə gününə sifariş verərmişlər…

Roma papası II İohan Pavelə güllə sıxmış Mehmed Əli Ağca, bax, beləcənə gəlib bir gün həmin beynəlxalq tətikçilər, killerlər klubuna üzv seçilir. Kimin təqdimatı ilə baş verir bu? Əlbəttə, Abdulla Çatlının təqdimatı ilə.

Abdulla Çatlının masa üzərinə buraxdığı tapançanı, o gün əlinə götürməyə bircə şəxs cürət edib – Mehmed Əli Ağca.

Filmdə isə oxşar səhnələr ancaq Polad Ələmdara etibar edilib. Ağır tapançalar, ağır fikirlər, ağır çəkili qəhrəmanlar… Serialın əsl qəhrəmanı əslində bu silsilə, bu üçlükdür.

***

BƏSTƏKAR: “Qurdalar vadisi”nin musiqisi də gözəldi. Yaddaqalandı. Bəstəkarı məşhur Kökhan Kırdardı. Unudulmaz “Pusu” təranəsinin dramatizmi olmadan biz bəlkə nə Polad Ələmdarı sevərdik, nə də ki, bu filmin 200-dən çox seriyasını.

Image result for Polat Alemdar

FİLMDƏKİ MƏXFİ SİFARİŞLƏR: Kəşfiyyatçılar adətən gələcək tam məxfi əməliyyatlarını əvvəlcə teleseriallarda sınaqdan çıxararlar. Nəticədən asılı olaraq sonra bu ssenariləri reallığa qovuşdurarlar. Türkiyədə bu mövzu mətbuatda dartışılarkən hamının ağlına ilk olaraq “Qurdlar vadisi” serialı düşür nədənsə. Həəə, mən də razıyam, bu filmdə Türkiyə tarixində baş vermiş və yaxud hələ baş verəcək hadisələrə ciddi işarələr var. Misal üçün, filmdə “Çeçenə canını, azəriyə malını etibar etməyəcəksən” ifadəsi ilə yadda qalan yəhudi əsilli İplikçi Nədim real tarixi qəhrəmandı. Türkiyədə o, Nesim Malki kimi tanınıb bir ara. “Gizli kassa” sayılıb. Adı “Türkbank”, “Sümerbank” sakandallarında çəkilir. Türkiyə piyasasını 90-cı illərdə çökdürən maliyyə fırıldaqları “Qurdalar vadisi”nə görə Nesim Malkinin qara əməlləridi.

Ancaq səfir Andrey Karlovu sifariş edənlər, “Qurdlar vadisi” serialı azarkeşlərindən deyildilər. Niyə? “Niyə”si çox sadədir bu sualın. “Qurdlar vadisi” serialında “Ak Parti qurdları” öz kəşfiyyat təlimlərini keçirdir, gələcək məxfi əməliyyatlarını sınaqdan çıxarırlar. Karlov qətli sifarişçiləri isə bir başqa serialda öz gələcək əməllərini imtahandan keçirirmişlər. “Samanyolu” telekanalında yayımlanan “Nizama aldanmış ruhlar” serialında gələcək qətllərinin, məxfi əməliyyatlarının ssenarilərini məşq edirmişlər. Mövzu sizə tam aydın olsun deyə, keçək bu serialın 89-cu bölümünə. Rus səfirinə qarşı sui-qəsd səhnəsini filmdə izləyərkən adamın, inanın, nəfəsi tam kəsilir. Bilmək olmur burda, vallah, rejissor təxəyyülü harda bitir, hardan reallıq səhnələri başlayır.

***

ÖNCƏGÖRMƏLƏRMİ? Ancaq “Qurdlar vadisi”ndə oxşar öncəgörmələr məncə daha çoxdu. Həm də uğurludu. Filmə baxıb Türkiyənin nəinki bu gününü, sabahını da yaşamaq, görmək mümkündür. Türkiyəni sarsıtmış “Ergenekon”, Hrant Dink, “Mavi Mərmərə” hadisələri əvvəlcə məhz bu filmdə anons edilib. Sonra dönüb reallığa. İndi bilmək olmur öncəgörmələr idimi bu? Yoxsa əvvəlcədən planlaşdırılmış silsilə təxribatlar?

SƏSİ: Polad “Qurdlar vadisi”ndə öz səsi ilə deyil,  aktyor Ümüd Tabaktinin səsi ilə danışır. Öz səsi tam başqadır bu insanın.

MÜƏMMALAR: Polad Ələmdar rolunun ifaçısı Necati Şaşmaz 15 dekabr 1971-ci ildə Türkiyənin Elazıq vilayətində dünyaya göz açıb. Türk mətbuatı isə bu doğum tarixini son zamanlar şübhə altına qoyur. Deyirlər bəs Polad Ələmdarın əsl doğum tarixi 11 sentyabr 2001-ci ildir: “Necati Şaşmaz Kanadada hotelçilik təhsilini tamamladıqdan sonra istirahət eləmək üçün tətildə Türkiyəyə gəlmişdi. Bir neçə ay dincəldikdən sonra Amerikaya yollanıb özünə yeni həyat qurmağı planlaşdırırdı.

Necati Şaşmazın içərisində olduğu, İstanbuldan Nyu-Yorka uçan təyyarə sentyabrın 11-də Avropa qitəsini tamamilə keçmiş, Atlantik okeanına çatmışdı. Hər hansı bir problem baş verməsə idi, 3-4 saat içərisində Nyu-Yorka çatacaqdılar…

“Amerika öz tarixində ən böyük terror hücumuna məruz qaldığı üçün Türkiyəyə geri qayıdırıq. Enməyə icazə vermirlər”…

Hamı bir anlığa pilotun zarafat elədiyini fikirləşdi. Ancaq İstanbulda yerə enərkən vəziyyətin nə qədər dəhşətli olduğundan xəbərdar oldular.

Necati Şaşmaz üçün yeni həyat başlamışdı. Mayamidə hotel açmaq planlarından vaz keçməli oldu. Türkiyədə qalmağı qərara alan Şaşmaz gələcəkdə Osman Sınavla tanış olacaq və milyonların sevimlisi Polad Ələmdara çevriləcəkdi!”

***

FOBİYASI: 2005-də “Fobianız varmı?” sualına “Bu günə kimi heç rastlamadım. Ama aşk ola bilir” cavabını verib.

Beləliklə, heç nədən, bir köpəkoğlundan çəkinməyən Polad Ələmdar, deyəsən, sevgidən, qadınlardan bərk qorxub çəkinir. Yeganə Axilles dabanı, qüsuru budu.

Qalan cəhətləri mükəmməldir. Müzakirə mövzusu deyil.

Heyf, Azərbaycan kino sənəti oxşar virtual qəhrəmanı özü üçün yarada bilmədi. Bu dəyərsiz isə indi dünyada heç bir hədəfə gəlib çatmaq qəti mümkün deyil.

Həmid HERİSÇİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir