maska

Koronavirus nə vaxt yox olacaq?

Baxış sayı: 824

Avropanın bir sıra bölgələrində koronavirus pandemiyasının ikinci dalğası ilə əlaqədar karantin tədbirləri bərpa edilir. Trend-in məlumatına görə, İspaniyanın Araqon vilayətində məhdudiyyətlər aradan qaldırıldıqdan qısa müddət sonra təkrar tətbiq olunub. Mütəxəssislər hesab edir ki, infeksiya meyvə-tərəvəz yığımında iştirak edən mövsümi işçilər arasında yayılmağa başlayıb. Bundan başqa, paytaxt Madrid və Barselonada infeksiya ocaqları aşkar edilib.

Qonşu Portuqaliyada da hökumət profilaktika tədbirləri qismində komendant saatı tətbiq edib. Məhdudiyyət hələlik paytaxt Lissabon və ətraf ərazilərə şamil edilir. Bu müddət ərzində restoran, bar, kafe və mağazaların işi məhdudlaşdırılır. Portuqaliyada son bir ay ərzində koronavirusa yoluxanların sayı 9 min nəfəri keçib. Ümumilikdə, ölkədə bu günədək 40 minədək yoluxma, 1,5 min ölüm qeydə alınıb.

Ölkəmizdə də karantin rejimi yenidən sərtləşdirildi. Bununla belə, yoluxma sayı günü-gündən artmaqdadır. Belə görünür ki, koronavirusu tam zərərsizləşdirmək mümkün deyil. 21-ci, əsrdə tibb elminin bu qədər inkişaf etdiyi bir dövrdə insanlar orta əsrlərdə olduğu kimi, hansısa virus infeksiyasının əlində aciz qalıb. Hər gün yüzlərlə insan bu virusdan həyatını itirir. Bəs görəsən bu vəziyyət nə qədər davam edəcək? Karantin rejimi hara kimi uzadılacaq?

 

Tibb üzrə ekspert Şəhla Balayeva deyir ki, koronavirus da digər virus növləri kimi zamanla sönüb gedəcək: “Bu, tamamilə təbii haldır. Dünyada əsrlər boyu müxtəlif virus infeksiyaları yayılıb. Çox təhlükəli hal aldığı zaman ölkələrdə karantin rejimi tətbiq edilib. Bir müddət sonra həmin virus zərərsizləşərək sönüb. İndi biz də bir müddət səbr etməli və virusun sönməsini gözləməliyik. Azərbaycanda ilk dəfə karantin rejimi tətbiq ediləndə, virusa yoluxanların sayı çox az idi. Lakin bu virusu simptomsuz keçirənlər də var idi və o xəstələr cəmiyyətdə daşıyıcı idi. Statistik göstəricilərdə azalma müşahidə olunanda karantin rejimində bəzi yumşaldılmalar edildi. Lakin təəssüf ki, vətəndaşlarımız bu məsələyə birmənalı yanaşmadı və məsuliyyətsizlik etdi. Hətta indiki halda belə virusa inanmayan insanlar var. Bir çoxları lazımi qaydalara və sosial məsafəyə əməl etmədi. Nəticədə yumşaldılma prosesindən dərhal sonra yoluxma sayında kəskin artım müşahidə olunmağa başladı. Yəni belə desək, çox tələsdik. Əslində isə bir müddət ərzində özümüzü virusdan qorumalıyıq. Bu qaydalara əməl olunmadığına görə, vəziyyət getdikcə pisləşir. İnsanlar qaydaları pozaraq bir yerə toplaşır, sıx ünsiyyətdə olurlar. Nəticə olaraq karantin qaydaları yenidən sərtləşdirildi. Təkcə bizdə deyil, bütün dünyada belədir. Avropa ölkələrinin bəzilərində də yenidən karantin tədbirləri ağırlaşdırıldı. Bu elə bir virusdur ki, sağlamlığımız məsuliyyətimizdən asılıdır. Mümkün qədər sıx ünsiyyətdən qaçmalı, sanitar-gigiyenik qaydalara əməl olunmalı, sosial məsafə saxlanılmalıdır. Dəfələrlə insanların sosial məsafəni gözləmədiyinin şahidi olmuşam. Bir tibb işçisi kimi bu mənə çox pis təsir edir. Nə qədər deyilsə də, maarifləndirmə işləri aparılsa da, insanlar bunların heç birinə məhəl qoymur. Kimlərinsə məsuliyyətsizliyinə görə insanlar virusa yoluxur və həyatını itirir”.

Ş.Balayeva deyir ki, bir müddət sonra bu vəziyyətdən çıxacağıq: “O vaxta kimi isə qaydalara əməl etmək şərti ilə özümüzü qorumalıyıq. Yalnız bu halda virusla mübarizədə qalib gələ bilərik. Virusun vaksini bir çox ölkələrdə hazırlanıb. İndi bu vaksinlər test mərhələsindədir. Məsələn, qonşu ölkə Rusiya, eləcə də Fransa, Almaniyada vaksin hazır edilib və hələlik yoxlanılır. Viruslar tez-tez modifikasiyaya uğradığına görə, ştamlar da dəyişir. Amma vaksin hazır edilən kimi, insanlara vurmaq olmaz. Çünki onun yan təsirləri ola bilir. Ümid edirəm ki, tezliklə effektiv vaksin istifadəyə veriləcək”.

 

Tibb üzrə ekspert, professor Adil Qeybulla isə bildirdi ki, vaksin haqda düşünmək üçün bir qədər tezdir: “Hesab edirəm ki, bu proses uzun müddət davam etməyəcək. Yəqin ki, ilin sonuna kimi virusun aktivliyi sönəcək. Əsas məsələ odur ki, yayılma arealının qarşısını almaq üçün insanlar mütləq şəkildə karantin qaydalarına əməl etməlidir. Bəzi ölkələrdə vaksinin tapıldığına dair mətbuatda məlumatlar gedir. Amma əsas məsələ bu vaksinlərin nə dərəcədə effektiv olmasıdır. Biz vaksinin hazır olacağı günü gözləməli deyilik. O vaxta kimi bizə deyilən qaydalara əməl etməliyik ki, özümüzü və başqalarını virusa yoluxdurmayaq. Vətəndaşlarımız, təəssüf ki, pandemiya dövründə öz məsuliyyətini dərk edib düzgün davranış qaydaları sərgiləmir. Yoluxma sayının artmasının ən əsas səbəbi məhz bu oldu. Ayrı-ayrı illüziyalara qapılmaq olmaz. “Virus yalan söhbətdir, masonların işidir, insanlara çip taxılacaq” kimi boş fikirlərə məhəl qoymaq lazım deyil. Biz artıq virusla yaşamağı öyrənməliyik. Bundan sonra hər şey bizim davranışımızdan asılı olacaq. Yəni öz sağlamlığımız öz əlimizdədir. Şübhəli şəxslər mütləq həkim nəzarəti altında müalicə almalıdır. Yəqin ki, vaksin tapılana kimi, virus sönüb gedəcək. Bu virusun ən təhlükəli ştamı olan SARS virusu 6-7 ay davam edib. Koronavirusun aktivliyinin isə 8-9 ay davam edəcəyi bildirilir. Təqribən payızın sonlarına yaxın virusun tamamilə sönəcəyi proqnoz edilir. Çünki artıq birinci dəfə proses başladıqdan sonra pik həddə çatdı. Bizdə ikinci dalğadan söhbət gedə bilməz. Bizdə reinfeksiya dövrüdür. Yəni, prosesin azalması fonunda birdən-birə güclənməsi müşahidə olunur. Bu da insanların məsuliyyətsizliyi ilə bağlı olan məsələdir”.

 

Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir