Koronavirus

Koronavirus ömürlük olarsa, peyvənd də daimi ola bilər?

Baxış sayı: 746

Koronavirusla mübarizə üçün artıq bir neçə ölkədə peyvəndin tətbiqinə başlanılıb. Hətta bu günlərdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunur.

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirir ki, koronavirus vaksininin peyvənd təqviminə salınması barədə indidən qəti fikir söyləmək olmaz. V. Cavadzadənin sözlərinə görə, bunun üçün bu xəstəliyinin qalıcı olması təsdiqlənməlidir:

“Məsələn, vərəm, məxmərək, qızılca kimi xəstəliklər var ki, onlar uzun illərdir qalıcı xəstəlik kimi davam edir. Bu xəstəlikdən insanları qorumaq üçün vaksinləri peyvənd təqviminə daxil etdilər. İndi də uşaqlara anadan olandan bu xəstəliklərə qarşı peyvənd vurulur. Amma biz koronovirusun qalıcı bir xəstəlik olub-olmadığını dəqiq bilmirik. Ona görə də indidən bu xəstəliyə görə vaksinin peyvənd təqviminə daxil edilməsini təqdir etmək olmaz”.

İnfeksionist deyir ki, Azərbaycanda 11 xəstəlik üzrə 9 vaksin peyvənd təqviminə daxildir.

V. Cavadzadənin sözlərinə görə, koronavirus vaksininin peyvənd təqviminə daxil edilməsi reallaşsa belə, burada yaş qrupları qeyd edilməlidir: “Koronavirusun uşaqlara ciddi təsiri qeydə alınmayıb. Ona görə də bu virusa qarşı peyvəndi uşaqlara vurmağa ehtiyac yoxdur. Peyvənd təqviminə salınsa belə, yuxarı yaş qruplarına vurula bilər”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da deyir ki, yeni koronavirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması zəruriliyi müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunda da bu məsələnin həllinin zamana ehtiyacı var. Baş infeksionist bildirir ki, hazırda bir sıra ölkələrdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib: “Bu ölkələr ABŞ, Avropa İttifaqı ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək -95-98 faiz qiymətləndirilib. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşdiriləcək. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcək”.

Baş infeksionist bildirir ki, geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır. T. Eyvazov hazırda isə əsas vacib məqamın vaksinasiyanın aparılması olduğunu bildirir: ”

Burada məqsəd xəstəliyə qarşı əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən, istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa, epidemik proses sönəcəkdir.

Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir