covid-19

Koronavirusla bağlı yeni dalğanın özəlliyi

Baxış sayı: 551

Artıq 3 aya yaxındır ki, koronavirusa yoluxma sayı artan templə davam edir. Amma bu artım sürətli deyil və rəqəmlər də bəzən kəskin şəkildə dəyişir. Müəyyən günlərdə 468, 499, 545, 549 və bəzən də 710 yoluxma qeydə alınır. Bu gün 710 yoluxma sayı sabah 545-lə davam edir. Rəqəmlər alışdığımız tempdə deyil. Adətən ümumi artımın başladığı dövrdən pik həddinə qədər olan dövr təxminən 1-2 ay olurdu. Rəqəmlər sürətlə artır, 4 rəqəmliyə çatır və yenidən azalmalar olur, sürətlə enirdi. Hətta 2022-ci ildə yoluxma sayında sıfırı da gördük. Artıq 3 aya yaxındır ki, biz enməni və ən pik həddi müşahidə etmirik.

Yeni tendensiyanın səbəbi nədir? Bu tendensiya omikronun yeni mutasiyası ilə bağlıdırmı?

 

“Virusla bağlı vəziyyət dəyişib”

İnfeksionist-hepatoloq Mərdan Əliyev deyir ki, hazırkı vəziyyətin səbəbi kollektiv immunitetin yaranmasıdır: “Pandemiyada artım, azalma dalğavarı şəkildə davam edirdi. Rəqəmlər pik həddə çatdıqdan sonra enmə başlayırdı. Hazırda isə vəziyyət dəyişib. İnsanlarda peyvəndləmə və yoluxmalar nəticəsində immunitet yarandı. Kollektiv immunitet formalaşdığı üçün artıq burada sürətli şəkildə yüksəlmə baş vermir. Rəqəmlər yavaş-yavaş irəlilədiyindən pik həddə çatması da uzun müddət aparır. Bu vəziyyət nəinki 3, 5-6 ay da çəkə bilər”.

Payızda bizi nə gözləyir?

Həkimin proqnozuna görə, biz pik həddi payızda müşahidə edəcəyik: “Yenə də proses dalğavarı şəkildə gedir. Amma kəskin deyil. Pik həddə çatması çox böyük ehtimalla payız fəslində müşahidə ediləcək. Payızdan sonra enməni görə biləcəyik”.

 

“Yoluxma sayı ilə bağlı açıqlanan rəqəmlərə inanmıram”

Pulmonoloq Əsəd Beydullayev isə açıqlanan rəqəmlərə, ümumiyyətlə, inanmır. Deyir ki, test verənlərin sayı kəskin şəkildə azalıb: “Düşünürəm ki, yoluxma sayı rəsmi statistikada qeyd olunandan çoxdur. Həkimə müraciət edənlərin, test verənlərin sayı azalıb. Çünki əvvəllər insanlar xəstəlikdən daha çox qorxur, ehtiyat edirdilər və həkimə daha çox müraciət edirdilər. Bundan əlavə, əvvəlki ştammlar  daha ağır olurdu. Son dönəmlər bizə müraciət edən xəstələr də daha rahatdır. Xəstənin narahatçılığı az olur, pnevmoniyalar, demək olar ki, yoxdur. İnsanlar adətən vəziyyətin ağırlaşdığını görəndə test verirdilər. Rəqəmlər bu səbəbdən zəif irəliləyir. Amma real olaraq, mənə elə gəlir ki, say daha çoxdur”.

 

“Xəstəliyə yanaşma mədəniyyəti formalaşıb”

Mütəxəssis vurğulayır ki, artıq bütün həkimlər bu xəstəliklə bağlı maariflənib, müalicənin qaydalarını öyrəniblər: “Əvvəl həm həkimlərdə, həm xəstələrdə bir qorxu, xof var idi. Artıq xəstəliyə yanaşma mədəniyyəti formalaşıb. Ona görə də bu gün hamı özünü düzgün şəkildə müalicə etdirir. Testə müraciət edib pozitiv çıxanların əksəriyyəti ya xaricə gedəcəkləri üçün, ya xroniki xəstə, hamilə olduqlarından xəstəliyi bilmək üçün bu addımı atırlar”.

Bu mutasiyada ağırlaşmalara rast gəlinirmi?

Həkim deyir ki, yeni mutasiyada ağciyərlə bağlı ağırlaşmalara çox rast gəlinmir: “Ağırlaşmalar daha çox ikinci dalğada, “Delta” variantında oldu. Bir də bir dönəm oldu ki, insanlar artıq tam rahatlaşdılar və qaydalara əməl etmədilər. Tibb bacısı, tibdən kənar insanlar koronovirusu müalicə etməyə başladı. Ağırlaşmaları, pnevmoniyaları o zaman çox müşahidə etdik. Sonuncu ştammlarda gündəlik 2-3 xəstə müraciət edir. Heç bir ağırlaşması yoxdur. Hətta xəstələrimə antiviral dərman belə vermirəm. Daha çox ümumi qüvvətləndirici terapiya, bol maye məsləhət görürəm. Yəni adi qripdə necədirsə, bu da elə. Hesab edirəm ki, hazırkı vəziyyətdə yeni ştammın da rolu var. Bu mutasiya daha yumşaqdır. İnsanlara məsləhət görürəm ki, xüsusilə payız aylarında heç bir halda panikaya düşməsinlər. Mən ağırlaşmaların əksəriyyətinin panikadan olduğunu görmüşəm”.

 

“Xəstəlik artıq qorxulu mərhələni geridə qoyub”

Həkimin sözlərinə görə, isti havalar da rəqəmlərə təsir edir: “Koronavirus da qrip infeksiyasıdır. Digər qriplər kimi artımı daha çox soyuq aylarda gözlənilir.  Düzdür, hazırda say stabildir, amma sentyabr, oktyabr aylarında pik həddi görəcəyik. Xəstəlik artıq qorxulu mərhələni geridə qoyub. Edəcəyimiz ciddi bir şey yoxdur. Vətəndaş olaraq üzərimizə düşən gigiyena qaydalarına riayət etmək, özümüzdə xəstəlik əlamətini hiss edəndə maska taxmaqdır ki, digər insanları yoluxdurmayaq. Narahatçılıq olduğu halda da həkimə müraciət etmək lazımdır. Belə olarsa, önümüzdəki soyuq ayları da daha rahat keçirə biləcəyik”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir