Son dövrlər bütün dünyada, o cümlədən Azərbaycanda koronavirusa yoluxma sayı xeyli artıb. Məhz buna görə də bəzi sərt qərarlar qəbul edilib, qadağalar tətbiq olunub. Yoluxma və ölüm hallarının artması onu deməyə əsas verir ki, yaxın günlərdə bu qaydalar daha da sərtləşdirilə bilər. Belə durumda diqqət çəkən məqamlardan biri koronavirus şübhəsi ilə yoxlamadan keçən və testinin cavabı pozitiv çıxan vətəndaşların durumudur. Təbii olaraq onlar və ailə üzvləri minimum 15 gün ərzində özlərini təcrid edir, evə qapanırlar. Belə olan halda həmin ailənin dava-dərman, qida və sair təminatı məsələsi meydana çıxır. Misal üçün, bu günlərdə həmkarımız Pərvin Məmmədovun koronavirus şübhəsi ilə verdiyi testin cavabı pozitiv çıxıb. Onun mobil telefonuna bu məzmunda mesaj göndərilib: “Hörmətli Pərvin Məmmədov. Sizin 30.11.2020-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz”.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 139-1-ci Maddəsində “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması”na görə məsuliyyət nəzərdə tutulur. Məcəllənin 139-1.1-ci bəndinə görə, hər hansı vətəndaş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məcəllənin 139-1.2 bəndinə görə, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu əmələ görə, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
P.Məmmədovun düşdüyü durum və onun kimi bir çox məsələlərlə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə vətəndaşlar əsasən bu səpkidə yanaşma ortaya qoyurlar: “Mesaj gəlir ki, testinizin cavabı pozitivdir, əgər evdən çıxsanız cinayət məsuliyyəti daşıyırsınız. Amma nə dərman verilir, nə çörək. Tutaq ki, ailəni evə qapatdıq, yaxşı, böyüklər bunu anlayacaq, bəs uşağa nə deyəsən?”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva bildirir ki, pandemiyanın birinci mərhələsində Azərbaycan dövləti tərəfindən sosial paketlər tətbiq edilib. Deputatın sözlərinə görə, iş yerlərinin bağlanması, vətəndaşların işə gedə bilməməsi və sair bu kimi amillər nəzərə alınaraq birdəfəlik yardımlar, sahibkarlar üçün güzəştlər, vergi ödəyicisi olan şəxslərin ötən il ödədiyi verginin dövlət tərəfindən onlara geri qaytarılması, həmçinin digər addımlar atılıb: “Azərbaycanda demək olar ki, bütün idarə və müəssisələr həmrəylik nümayiş etdirərək aztəminatlı ailələrə yardımlar etdilər. Sonrakı mərhələdə koronavirusa yoluxma halları azaldığı üçün dövlət sərt karantin rejimini yumşaltdı, həyat tədricən normal axarına döndü. Bununla belə, bəzi məhdudiyyətlər yenə də qalmaqda idi. Buna misal olaraq kütləvi tədbirlərin keçirilməsinə, o cümlədən yas və toy mərasimlərinə qadağaları nümunə göstərə bilərik. Təəssüflər olsun ki, biz yenidən pandemiya ilə bağlı çox çətin bir mərhələni yaşayırıq. Yoluxmaların sayı gün ərzində 4 mini, vəfat edənlərin sayı 40-ı ötür. Belə bir acınacaqlı durum karantin rejiminin daha da sərtləşməsini, daha sərt qaydaların tətbiqini zəruri edir. Hələlik bununla bağlı qərar qəbul edilməyib, hansı tədbirlərin görüləcəyin müəyyənləşməyib”.
Millət vəkili qeyd edib ki, əlavə məhdudiyyətlərin tətbiq olunacağı, karantin rejimi bir qədər də sərtləşdiriləcəyi təqdirdə, kimlərə hansı formada yardımların ediləcəyi müəyyənləşəcək: “Əminəm ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah, icra qurumları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiə, İqtisadiyyat nazirlikləri üzərinə düşən vəzifələri yerinə yetirəcək, müvafiq addımlar atacaqlar. O ki, qaldı sosial şəbəkələrdə açılan müzakirələrə, söylənilənlərə, bu, vətəndaşların subyektiv fikirləridir. Amma bir reallıq da var ki, hardasa işləyən, qanuni əmək müqaviləsi olan insan hər hansı xəstəlik səbəbi ilə, hətta koronavirusa yoluxduğuna görə müalicə olunursa, qanuni şəkildə xəstəliyə görə məzuniyyət götürür. Müalicə aldığı müddətdə ona işləmədiyi günlərə görə də müavinət alır. Bütün bunlar Əmək Məcəlləsi ilə tənzimlənir. Lakin konkret olaraq koronavirus pandemiyasının indiki mərhələsi ilə bağlı hansısa əlavə tədbirlərin həyata keçirilməsi yaxın günlərdə Operativ Qərargahın verəcəyi qərarlardan asılı olacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib ki, koronavirus xəstələrinə sosial xidmətin göstərilməsi Sosial Xidmət haqqında qanunda öz əksini tapmayıb. Onun sözlərinə görə, hazırda sosial xidmət, qanuna əsasən ahıl tənha və əlilliyi olan şəxslərə göstərilir. Şöbə müdiri vurğulayıb ki, hər hansı koronavirus xəstəsinin gündəlik tələbatının ödənilməsi üçün onlara sosial xidmət işçiləri ayrılmır. O qeyd edib ki, belə şəxslər gündəlik çörək, dərman almaq üçün yalnız yaxın qohumlarına, dost-tanışlarına müraciət edə bilərlər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış da nazirlik rəsmisinin fikirləri ilə üst-üstə düşən mövqe sərgiləyib. O, qəzetimizə açıqlamasında bildirib ki, evdə müalicə alan bütün koronavirus xəstələrinə TƏBİB tərəfindən nəzarət edilmir: “TƏBİB-in işi ancaq müalicədir. Hansısa bir qərarı TƏBİB qəbul etmir, tətbiq eləmir. Bununla bağlı aidiyyəti qurumlara müraciət edilməlidir. Koronavirus xəstələrinin dərmanla təmin edilməsi Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Misal üçün, Bakı şəhəri ərazisində fəaliyyət göstərən poliklinikalar bu işi görürlər. Amma regionlarda bu proses TƏBİB tərəfindən həyata keçirilir. O ki qaldı həmin dərmanları koronovirus xəstəsinin hansı yolla əldə edə bilməsinə, hər bir vətəndaşın yaxın qohumları, dost-tanışı var və onlardan xahiş etməklə hansısa işimizi görmək mümkündür. Yəni onların köməyindən yararlanmaqla Bakı şəhərindəki poliklinikalardan, yaxud regiondakı müvafiq qurumdan o dərmanları əldə edib evə gətizdirmək mümkündür. Şəxsən mən də koronavirus şübhəsi ilə təcrid olunduğum vaxtlarda, evdən bayıra çıxmadığım günlərdə dost-tanışdan xahiş etdim və onlar da o dərmanları poliklinikadan götürüb mənə çatdırdılar”.
Rufik İSMAYILOV