usaq

Körpələrdə yaranan göz problemi – Həkim DANIŞIR

Baxış sayı: 781

Yenidoğulmuşlarda rast gəlinən göz yaşı kisəsi iltihabı səhvən çox vaxt pediatr-neonotoloqlar tərəfindən konyunktivit kimi diaqnostika olunur və müalicə təyin edilir. Hamiləlikdə embrion-doğulmamış körpənin göz yaşı yollarında qoruyucu membran-pərdə doğuşa yaxın həftələrdə nazilib sorulur.

Uşaqların 90%-də əsas göz yaşı vəzisi funksiyası 2 aylıq çağında aktivləşir. Göz yaşı kanal vasitəsilə gözün ön səthini yuyub təmizlədikdən sonra yaş kisəsinə, oradan da burun boşluğuna keçir. Həmin membran məhz burun yaş kanalı yolunda, kisəyə keçid hissəsində olur və göz yaşı axınının olmaması nəticəsində kisədə selikli-irinli ifrazat toplanır. Adətən doğuşdan bir neçə gün sonra yaranan ifrazat müalicə olunmadıqda xroniki konyunktivitə, buynuz qişa zədələnməsinə, yaş kisəsi fleqmonasına gətirib çıxara bilər.

Təxminən 35% yenidoğulmuşlarda burun yaş kanalı axarlarının membranla bağlanması ilə doğulurlar. Fizioloji doğumu vaxtından əvvəl baş verən körpələrdə, planlı keyseriyyə əməliyyatı ilə dünyaya gələn uşaqlarda rast gəlinən bu patologiya müalicəsinə intensiv və düzgün qaydada masajla başlamaq lazımdır. Göz yarığının iç bucağında yuxarıdan aşağı istiqamətdə yaş kisəsinin proyeksiyasına uyğun dəri səthi massaj olunur. Yaş kisəsinə basıb təzyiq göstərməklə maneə membran dağılır və göz yaşı aparan sistemin keçiriciliyi bərpa olunur. Yaş kisəsinə təzyiqlə kisədəki irin boşalır, antibiotik damla istifadə olunur. Bu, məhz həmin əlamətlə konyunktivitdən fərqlənir. Adətən 3 ayında spontan, daha gec isə 6-9 aylarda keçiricilik bərpa olunur, bu fakta görə də cərrahi müdaxilələr 9 ayından sonra, 12-ci ayında tətbiq edilir. 1 yaşına kimi periodda isə düzgün qaydada masaj tətbiq edilir. Massaj effekt vermədiyi halda zondla yaş aparan yolların keçiriciliyi bərpa olunur. Bu prosedur da effekt vermədiyi halda 2 yaşından sonra uşaqlarda Dakriosistorinostomiya əməliyyatı icra olunur.

Valideynləri ən çox narahat edən sual: Bu xəstəlik görməyə təsir edirmi? Xeyr, vaxtında və düzgün təyin olunmuş müalicə xəstəliyin əməliyyatsız tam sağalmasını təmin edir. Əsas meyar yaş aparan yolların masaj texnikasının düzgün mənimsənilməsi və səbrlə tətbiq edilməsidir.

Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir