Körpənin 6 ayından sonra enerjiyə, dəmir, sink, selen, digər mineral və vitaminlərə tələbatın artması səbəbindən əlavə qidalara keçid olunur. Ana südü və ya süni qida 6 ayınadək tələbatı tam ödəyir. 6 aydan sonra ana südü və ya süni qida ilə yanaşı əlavə qidalanma mütləq verilməlidir.
İndi isə bizə istiqamət verən əsas sualları qeyd edək:
Əlavə qidaya nə zaman başlamalı?
Hansı qidalarla başlamalı?
Verilən qidanın miqdarı və qatılığı necə olmalıdır?
Hansılə yolla verilməsi daha uyğundur?
Klassik yol
BLW
BLISS
Ümumdünya Səhiyyə Təşkilatının 3 əsas qaydası var:
Qida yetərli olmalıdır.
Güvənli, gigiyenik cəhətdən təmiz və zərərsiz olmalıdır.
Duyarlı qidalanma olmalıdır. Duyarlı qidalanma uşaqdan gələn aclıq və toxluq siqnallarını duyaraq, göz-gözə təmasla, xoşbəxt şəkildə bəslənməyə deyilir. Uşaq tox olduğu zaman qidalanma sonlandırılır. Məcburi şəkildə, xüsusən də müasir zamanda telefon və televizordan istifadə edərək qidalandırma düzgün deyil. Duyarlı bəslənmə körpənin rahat həzmi, sağlam böyüməsi və inkişafı üçün böyük rol oynayır.
Nə zaman başlamalı?
ÜST və Amerika Pediatriya Assosiasiyasının verdiyi məlumata əsasən körpə əlavə qidalanmaya hazır olduqda başlamaq olar. Hazır olmanın kriteriyaları bunlardır:
Baş kontrolu – başını saxlaya bilir.
Dəstəkli oturur.
Dilin itələmə refleksi itmiş olur.
Qidaya doğru uzanaraq istəyini bildirir.
Ağzına qoya bilməsi üçün əl – göz-ağız koordinasiyasının olması.
Əsasən bu kriteriyalar 6-cı ayda formalaşır. Həmçinin 6-cı ayda doğumdan olan dəmir, sink depolarının tükənməsi, fərqli dad və qatılığın dişləmə və çeynəmə bacarığını artırması əlavə qidalanmaya keçidə şərait yaradır. Gec başlanan əlavə qidalanma qidaların körpə tərəfindən rədd olunmasına səbəb ola bilər. 7-ci aydan sonra başlanarsa, sıx xəstələnmə, boyun qısa olması müşahidə oluna bilər. Ana südü alanlarda 6 ayından tez verilməsinin önəmi yoxdur. 4-6 ay arasında yalnız müəyyən vaxtlarda həkim nəzarəti ilə başlanabilir. Qidalanmanın 30 faizini süni qida təşkil edərsə, körpənin nevroloji inkişafına görə dəyərləndirilib 4-6 ay arasında başlamaq olar.
Hansı qidalarla başlamalı?
Qida tərkibi zəngin olmalıdır. Dəmir, sink, yod, vitaminlər, omeqa-3, doymamış yağ turşuları yetərli olmalıdır. Şəkər və duz olmamalıdır. ÜST-nın iki kriteriyası var:
Minimum qida çeşidliliyi (8 qida qrupundan minimum 5-i olmalıdır).
Ana südü
Ət
Süd, süd məhsulları
Yumurta
Paxlalılar
A vitamini ilə zəngin meyvə və tərəvəzlər
Digər meyvə və tərəvəzlər
Taxıllar, kök, yumru tərəvəzlər
Minimum yemək sayı sıxlığı:
6-8 ay arası: iki ana, 1-2 ara yeməyi
9-12 ay arası: 3 ana, 1-2 ara yeməyi
12-24 ay arası: 3 ana, 1 ara yeməyi
Bir qida qəbulu zamanı karbohidrat 45-60%, zülal 10-15%, yağlar 25-40% təşkil etməlidir. Karbohidratlar çox keyfiyyətli taxıl mənbəyindən əldə olunmalıdır.
Hansı qida ilə başlanması məsləhət görülür?
Təmiz, güvənli, enerji və qida dəyəri yüksək qida ilə başlanmalıdır. Tapılması, hazırlanması asan olmalıdır.
Tərəvəz yoxsa meyvə?
Tərəvəzlə başlamaq daha məqsədəuyğundur. 6 aydan kiçiklərə evdə hazırlanan ispanaq, çuğundur, kəklik, kök verilməməlidir. Tərkiblərində nitrat çox olduğuna görə methemoglobineemi yaranma ehtimalı yüksək olur. Kəskin dada malik tərəvəzlərlə başlamaq daha uyğundur. Çünki bu zaman körpə tərəvəzlərin dadına daha tez uyğunlaşmış olur. Məsələn, kələm, brokkoli, şirin kartof və kök verilə bilər. Məhsullar orqanik olsa daha yaxşıdır. Lakin orqanik olmadığı təqdirdə tərəvəzin qabığını soymaq, karbonatlı suda saxlamaqla pestisidlərin miqdarını azaltmaq mümkündür. Tərəvəzləri az suda qaynadıb öz suyunda əzərək vermək daha yaxşıdır. Tərəvəzlərdən sonra meyvələrə başlamaq məsləhət görülür. Meyvələr mövsüm üzrə verilməlidir. Həmçinin tərəvəzlərdən bir müddət sonra ət qidalarına başlamaq olar. 8-10 aylıqda nisbətən iri hissəcikli qidalar verilməlidir. 10-cu aya qədər tam əzilmiş qida verilibsə və iri hissəcikli qida başlanmayıbsa, uşaq qidanı rədd edə bilər və seçicilik yarana bilər. 1 yaşından sonra ailə süfrəsindən qidalana bilər. Lakin yenə də yeməklərin duzsuz olmasına önəm verilməlidir. APA-nın verdiyi qaydaya əsasən hər yeni qidaya 2-3 gün ara ilə başlamaq olar. Bu yolla qidaya allergiyanın olub olmaması aydınlaşdırılır. Tərəvəzlər soyulub yaxşı bişirildikdə allergen özəllikləri azalır. Müəyyən mənbələrə əsasən körpədə allergik proses yoxdursa, 2-3 gün fasilə məsləhət görülmür və eyni vaxtda bir neçə tərəvəzə başlamaq olar.
Verilən qidanın miqdarı və qatılığı necə olmalıdır?
1-2 çay qaşığı ilə başlayaraq 3-5 gündə tam porsiyaya çatmaq olar.
Bir dəfəlik qidalanmada miqdar:
6-8 ay – iki üç çay qaşığından – 250ml-lik kasanın yarısına qədər
9-11 ay – 250ml-lik kasanın yarısı
12-23 ay – 250ml-lik kasanın ¾-ü qədər
1 yaşda günlük qida ehtiyacı:
Tərəvəz: 2-3 porsiya
Meyvə: yarım – 1 porsiya
Taxıl: 4 porsiya
Heyvani qidalar: 2 porsiya
Süd məhsulları: 2-3 porsiya
Bir porsiya nə qədərdir?
Zülal üçün: bir ovuc içi qədər
Meyvə tərəvəz üçün: yumruq qədər
Karbohidrat üçün: 1 ovuc içi çökəkliyi qədər
Yağlar üçün: baş barmaq qədər
Hansılə yolla verilməsi daha uyğundur?
Klassik – qaşıqla yedizdirilir.
BLW – uşaq liderliyi ilə qidalanma. Uşağın qabağına yemək qoyulur, uşaq nədən nə qədər yeyəcəyini özü qərar verir. Mənfi cəhəti odur ki, uşaq daha az yemək seçib götürür.
BLİSS – həm ana, həm də uşaq qidalanmada aktiv iştirak edir.
9-cu ayadək körpə qidasının 75%-ni ana südü təşkil edir.
9-11-ci ay arasında qidanın 50%-ni ana südü təşkil edir.
1 yaşdan yuxarı 25% ana südü təşkil etməlidir.
Ana südü ilə qidalanma allergiya riskini önəmli dərəcədə azaldır. Körpənin müxtəlif çeşidli qidalarla qidalanması və ayda 2-3 dəfə balığın verilməsi gələcəkdə allergik prosesin yaranmasını önləyir.
Qida qəbulu sonrası su verilməlidirmi?
Ana südü alanlarda əlavə suya ehtiyac yoxdur. Həmçinin 3 əlavə qida qəbul olunan dövrədək suya ehtiyac olmur. 3 dəfədən çox əlavə qida qəbulundan, qatı qidalardan sonra 1 stəkandan çox olmamaq şərti ilə verilə bilər.
Əlavə qidaların tərkibində nə olmaz?
ÜST-ün məlumatına əsasən ilk min gündə duz verilməməlidir. Belə ki, duzun artıq miqdarı gələcəkdə hipertoniya və piylənməyə səbəb ola bilər. İlk 6 ayda ana südünün tərkibindəki duz kifayət edir. 6 aydan yuxarı verilən qidaların tərkibindəki duz yetərli olur. 2-15 yaş arasında günlük 2 q duz ehtiyacı olur.
Şəkər və şəkərli içkilər körpələrə verilməməlidir.
İşlənmiş qidalar.
Midye – civə səviyyəsinin yüksək olmasına görə körpələrə verilmir.
Çay, qəhvə, qazlı içkilər.
Paxla – Q6FD fermenti çatmamazlığı olan uşaqlarda hemoliz riskinə görə verilmir.
Badımcan – histamin səviyyəsinin yüksək olmasına görə məsləhət görülmür.
Üzüm, fındıq, ləbləbi, qarğıdalı dənələri 4 yaşa qədər aspirasiya riskinə görə bütöv şəkildə ehtiyatla verilməlidir.
Ana südü və süni qida əlçatan olmadıqda inək südü verilə bilər. Bəzən keçi südünün verilməsi məsləhət görülür, lakin keçi südündə inək südünə nisbətən zülal az olduğuna görə kalorisi də az olur.
Meyvələrdən valideynlər çox zaman avokado haqqında soruşurlar. Tərkibində doymamış yağ turşuları çox olduğu üçün verilməsi məsləhət görülür.
Toyuq yumurtası yoxsa bildirçin yumurtası?
Bildirçin yumurtasında çoxlu miqdarda zülal var. Bu, gələcəkdə xüsusən qızlarda erkən cinsi inkişafa səbəb ola bilər.
Pediatr kimi bütün analara tövsiyə edirəm ki, körpələrin qidalanması zamanı mütləq həkimlə məsləhətləşərək duyarlı şəkildə bəslənməyə üstünlük versinlər. 1 yaşadək körpələrin yemək vərdişləri gələcəkdə bütün ömür boyu düzgün qidalanma və sağlam həyat üçün təməl rolunu oynayır.
Pediatr Məsumə Muradova
6 ayda qidalanma vacibdi, amma usaq hazır olmalidi. Hem de yazida terevezle başlamaq meslehet gorunub, bu da yaxsi fikirdi, ushaqların dad anlayisi vaxt kecdikce deyisir. Hem de orqanik olsa, daha yaxşıdi, amma olmasa da, soyub bisirmek olar
Körpəm 6 aylıq oldu, amma hələ də əlavə qidaları qəbul etmək istəmir. Bu normaldımı? Mənim uşağımın bu qədər seçici olması narahat edir. Nə etməliyəm?
Cox yaxşı yazıdi, menim də korpem 6 aydan sonra qidalanmaya baslamisdı, amma neden baslamagimi bilmirdim. Terevezle baslamaq yaxsi fikirdi ama meyveye də tez kecmemek lazımdi. Hem de yazida cox yaxsi izah edilib ki, 6-8 ayda ne qeder yemek vermek lazimdi.
Salam doktor, mənim 6 aylıq bir körpəm var. Əlavə qidaları verməyə başladım, amma uşağım çox seçicidir və çox da yemək istəmir. Mənim sualım odur ki, nə vaxt narahat olmalıyam? Əgər uşaq bəzi qidaları qəbul etmirsə, nə etməliyəm? Həmçinin, bu vəziyyət onun inkişafına mənfi təsir edərmi?