gobek

Körpənin göbəyinə necə qulluq etməli?

Baxış sayı: 1. 963

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokoluna əsasən yeni doğulmuş körpələrin göbək güdülünün təmiz və quru saxlanılması kifayətdir, hər hansı vasitələrlə işlədilməsinə ehtiyac yoxdur. Yenə də hər şeyi nəzərə alaraq profilaktik olaraq 70%-li spirtlə təmizlənməsi tövsiyyə oluna bilər. Qısaca olaraq desək, göbək güdülünü çox sayda məhlullar (perekis, zelyonka, ksereform və s.) ilə təmizləməyə, boyamağa ehtiyac yoxdur.

Göbək güdülünü təmiz və quru saxlasanız öz-özünə quruyub düşəcək və daha tez sağalacaqdır. Göbək güdülünün təmiz və quru qalması üçün bezi bağlayarkən göbək kordonunun çöldə (bezdən kənarda) qalmasına xüsusi diqqət edin ki, sidik və nəcis korpənin göbəyini bulamasın.

gob1

Diqqətinizi çəkmək istədiyimiz bir digər məqam isə körpələrin çimizdirilməsi ilə əlaqədardır. Bəzi valideynlər körpədə göbək düşmədən onu çimizdirməzlər. Bu yanlış bir düşüncədir. Belə ki, körpə dünyaya gəldikdən 24 saat sonra çimizdirilə bilər, hətta çimizdirilməlidir də. Göbək 20-ci gündə, hətta bəzən 1 ayında da düşə bilər. Bu vaxta qədər gözləmək doğru deyildir. Əgər göbək körpənin 20-ci günündən sonra düşməzsə həkimə müraciət edilməlidir. Onu da qeyd edək ki, gec-gec çimizdirilən körpələrin dərilərində bişməcə və səpkilərə daha tez-tez rast gəlinir. Çimizdirilən körpə özünü daha yaxşı, rahat hiss edir, yaxşı əmir və rahat yatır. Körpəni çimizdirərkən onun göbəyini bağlamağa ehtiyac yoxdur. Çimizdirildikdən sonra körpənin göbəyi yaxşıca qurulanmalıdır. Əgər göbək ətrafında qızartı, pis qoxulu yaşıl axıntı, davamlı bir şəkildə qanama halları olarsa bu zaman təcili həkimə müraciət edilməlidir. Lakin bununla belə göbək düşdüyündə az miqdarda qanama, yüngül axıntı da ola bilər ki, bu da normaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir