Körpələrin çox ağlamasının və aşırı narahatlığının ən sıx səbəbi qulaq ağrısıdır. Bəs danışmayan körpənin qulağının ağrıdığını necə bilmək olar?
Pediatr Günay Rəsulova deyir ki, körpənin qulağının ağrıdığını qışqırıb ağlaması, qulağını dartması, xüsusilə gecə yuxusuzluğu və narahatlığı, əmməkdən imtina etməsi, qulaqdan axıntının olması, qulaq önü-tragus nahiyəsini yüngülcə sıxarkən körpənin qışqırıb ağlaması ilə anlamaq olar: “Valideynlər bəzən əlini tez-tez qulağına aparan, sırğalığı çəkişdirən körpənin qulağının ağrıdığını zənn edər və qulaq damcılarından istifadə etməyə başlayarlar. Lakin bu, hər zaman qulaq ağrısı – otit əlaməti deyildir. Qulağı ağrıyan uşaq yalnızca onu çəkişdirməklə kifayətlənməz, çox narahat olar və ağrıkəsici qəbuluna ehtiyac duyarlar. Qulaq ağrısını ciddiyə almaq və mütləq mütəxəssisə müraciət etmək lazımdır”.
Rəsulovanın sözlərinə görə, uşaqların qulağını təmizləmək lazım deyil. Qulaqda normalda sera – qulağın normal ifrazatını sintez edən vəzilər vardır. Bəzi uşaqlarda sera normadan artıq ifraz edilə bilər və qulaqdan axıntı şəklində xaric edilə bilər. Bunu da qulaq ağrısı ilə qarışdırıb, yersiz qulaq damcılarından istifadə etmək olmaz: “Uşaqları çimizdirərkən qulağa su getməməsi üçün pambıq qoymaq lazım da deyil. Əksinə, xarici qulaq keçəcəyinin yuyulması ordan seranın – qulağın normal ifrazatının xaric edilməsini asanlaşdıracaq. İstisna hallar – otitin kəskin dövrü və təbil pərdəsinin dəlikli olmasıdır”.
Qulağı ağrıyan uşağa evdə necə kömək edək?
Uşaq qulaq ağrısından çox ağlayırsa, ona mütləq ağrıkəsici siroplardan vermək (İbuprofen), qulaq ağrısı zamanı qulağa 1-2 damla zeytun yağı damızdırmaq fayda verir. İsidilmiş parçanın qulağa tutulması da ağrını yüngülləşdirir. Ehtiyatda qulaq üçün nəzərdə tutulmuş damlalardan varsa, qulağa damızdırmaq körpəni rahatlatacaq.